Məhkəmə qərarları › İş №2(105)-1385/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1385/2021

16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1385/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-5084/2020 saylı qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-5084/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddianı təmin tədbiri barədə ərizəsinin təmin edilməsi, İddiaçı məxsus olan Abşeron rayonu, Masazır kəndi, bina 0006, 1950 saylı mənzildə quraşdırılmış abonent kodu **********61950 olan smart kartdan mülki işə baxılanadək cərimənin tutulmasının “Cavabdeh” İstehsalat Birliyinə qadağan edilməsi qərara alınmış, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 486 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin tədbiri kimi onun etdiyi ödənişlərdən pulun tutulmasının qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən evdə yaşayır. Həmin evdə olan sayğac 2019-cu ilin aprel ayında dəyişdirilmişdir. Sayğac dəyişdirilən zaman ona 486 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamışdır. Daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutmalar olduğunu görmüşdür. Ona görə də qaz idarəsinə müraciət etmiş və məlum olmuşdur ki, xx xxxxx 2019-cu il tarixdə sayğacın plombu zədələndiyinə görə akt tərtib edilmiş və ona 486 manat məbləğində cərimə borcu hesablanmışdır. Onun təbii qazdan istifadə etdiyi üçün ödənişlərindən həmin əsassız hesab etdiyi borca görə pul tutulur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh təşkilat şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı “Qaz təchizatı haqqında” qanunun tələblərini kobud şəkildə pozmuş və dəymiş ziyan məbləğini ödəməyərək Birliyin maliyyə dayanıqlığına ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı tərəfindən istehlakçının qaz təchizatı dayandırıla bilər. Bu kimi qərardadlar istehlakçılar arasında nizamsızlıq yaradar və hər kəs məhkəmə prosesi müddətində ödəniş etməz. Bu isə büdcəyə edilən ödənişləri aşağı salar. Lakin məhkəmə bu məsələləri araşdırmadan iddianın təmin tədbiri barədə qərar çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Cavabdeh” İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, xx xxxx 2000-ci il tarixli fərmanında deyilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etmək tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi 486 manat cərimə borcunun silinməsi barədədir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. İşdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ xx.xx.2019-cu il tarixli, ******* saylı aktın tərtibi ilə əlaqədar hesablanmışdır və iddiaçı istifadə etdiyi təbii qaza görə sayğaca pul yüklənən zaman həmin məbləğdən silinməsini tələb etdiyi məbləğ də çıxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıldığı halda, mübahisənin həll edilməsi gözlənilmədən cavabdeh təşkilatın iddiaçının istifadə etdiyi təbii qaza görə sayğaca pul yüklənən zaman həmin məbləğdən silinməsini tələb etdiyi məbləğin də çıxılması, istehlakçı kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası cavabdeh təşkilatın şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)- 5084/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar