Məhkəmə qərarları › İş №2(105)-1389/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1389/2023

15.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1389/2023 15.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 işə cəlb etməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həbsin götürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil4 (yekun məhkəmə iclasına gəlməmişdir), cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1227/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən, İddiaçı “Volkswagen Amarok” markalı, **-GG-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə 15.000 manata satmışdır.

2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə 21.000 manata satmışdır.

3. "xxxx" MMC tərəfindən verilmiş ĞHA № 006606 seriyalı malların alınması üçün vəkalətnamənin kötüyünə əsasən, İddiaçı xx.xx.2021-ci ildən-xx.xx.2024-cü ilədək “Volkswagen Amarok” minik markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. 12. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ĞHA № 006606 seriyalı malların alınması üçün vəkalətnamənin kötüyündən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən-xx.xx.2025-ci ilədək “Hyundai Accent” minik markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2(105)-380/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan “Volkswagen Amarok” minik markalı, **-AB-*** və “Hyundai Accent” minik markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin "xxxx" MMC-nin direktoru Kamil Əhədova ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən, "xxxx" MMC-nin balasında olan “Volkswagen Amarok” markalı, **-AB-*** dövlət nömrə nişanlı və “Hyundai Accent” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomaşınların üzərinə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 16459/7 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən həbs qoyulduğu üçün qeydiyyatla bağlı heç bir əməliyyat aparmaq mümkün deyildir.

6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, satıcı İddiaçı ilə alıcı "xxxx" MMC arasında “Volkswagen Amarok” markalı avtomaşına görə bağlanmış xx.xx.2019-cu il tarixli və “Hyundai Accent” markalı avtomaşına görə bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə görə "xxxx" MMC tərəfindən satıcı İddiaçı pul ödənməmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda "xxxx" MMC-nin balansında olan “Volkswagen Amarok” markalı, ** AB *** dövlət nömrə nişanlı və “Hyundai Accent” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomaşınlar əvvəl mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdeh təşkilatın direktoru iddiaçının doğma qardaşıdır. İddiaçı mülkiyyətində olan avtomaşınlara AA və ya AB seriyalı dövlət nömrə nişanları almaq istəyirdi. Çünki bu seriyalı avtomaşınlar dövlət orqanlarına və ya hüquqi şəxslərə verilir və bu seriyalı avtomaşınlarla hərəkətdə olmaq müəyyən rahatlıq gətirirdi. İddiaçı bu məqsədini qardaşı olan cavabdeh MMC-nin direktoruna bildirdikdə, o da onun xətrinə bununla razılaşdı. Bu məqsədlə onlar İmtahan və Qeydiyyat şöbəsinə gedib, formal olaraq xx.xx.2019-cu il tarixli (“Volkswagen Amarok” markalı avtomaşına görə) və xx.xx.2022-ci il tarixli (“Hyundai Accent” markalı avtomaşına görə) alqı-satqı müqavilələri bağlamışlar, amma cavabdeh təşkilatın rəsmi hesabından iddiaçıya bir manat da pul ödənməmişdir. Əvvəlcədən də razılıq olduğuna görə cavabdeh bu pulu ödəməyəcəkdi. Avtomaşınlar MMC-nin mülkiyyətinə keçəndən sonra iddiaçı həmin avtomaşınlara AA və AB seriyalı nömrələr almış və əvvəlki kimi maşınlar onun faktiki mülkiyyətində, sahibliyində və istifadəsində qaldılar, həmin avtomaşınları idarə etmək üçün cavabdeh MMC-dən etibarnamə almışdır. Hazırda MMC-nin məhkəmə mübahisələri var, məhkəmə qətnaməsinə əsasən borcunu ödəməyə görə bank hesablarına və balansında olan həmin iki maşına da həbs qoyulub və borc ödənmədiyi təqdirdə həmin avtomaşınlar satıla bilər. Məhkəmə qərardadına əsasən həmin avtomaşınların üzərinə həbs qoyulub və istənilən an həmin avtomaşınlar iddiaçının əlindən alınaraq hərrac vasitəsilə satıla bilər. Ona görə də iddiaçı qardaşına, cavabdeh MMC-nin direktoruna demişdir ki, öz maşınlarına dair alqısatqı müqaviləsini ləğv etdirmək istəyir. Bu məqsədlə İmtahan və Qeydiyyat şöbəsinə müraciət etmişlər, maşınlar üzərində həbs qoyulduğu üçün aralarında bağlanmış alqı-satqı müqavilələrini hər iki tərəfin razılığı ilə ləğv edə bilməmişlər və bu əməliyyatın aparılmasının mümkünsüzlüyü barədə məktub verilmişdir. Bu əqdlər formal olaraq görünüş üçün bağlanmış və əvvəlcədən də razılaşdırıldığı kimi həqiqi müqavilə bağlanmamış, sadəcə olaraq avtomaşınlara arzu edilən seriyalı nömrələr almaq üçün tərəflər arasında görünüş üçün müqavilə bağlanmışdır. Elə müqavilələrdə göstərilən rəqəmlər də təsdiq edir ki, bu müqavilə sadəcə görünüş üçün bağlanıb ki, iddiaçı arzuladığı seriyaları ala bilsin. Çünki həmin avtomaşınların qiyməti 80.000 – 90.000 manat olduğu halda, müqavilədə simvolik olaraq 15.000 və 21.000 manat göstərilmişdir. Göstərilənlərə əsasən “Volkswagen Amarok” markalı avtomaşına görə bağlanmış xx.xx.2019-cu il tarixli, “Hyundai Accent” markalı avtomaşına görə bağlanmış xx.xx.2022- ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1227/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şəbnəm Həxiyeva)

10. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitələrinin alqısatqı müqavilələrinin əhəmiyyətsizliyini, yəni uydurma əqd olduğunu (görünüş üçün bağlandığını) hər iki tərəf təsdiq etsələr də, bu təsdiqetmə müqavilə tələblərinə zidd olmaqla, üçüncü şəxsin mənafeyinin pozulmasına gətirib çıxarır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobil vəkalətnamə əsasında onun idarəçiliyində olsa da, həmin avtomobil ilə bağlı alqı-satqı müqaviləsi onunla deyil, X2 ilə "xxxx" MMC arasında bağlanılmışdır. Göründüyü kimi iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı (“Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə) subyektiv hüquqa malik olmadığı halda hazırkı iddia tələbini irəli sürməsi tələbinin əsassız olduğuna dəlalət edir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 337.1, 337.3, 337.4, 340.1, 351.4, 351.5-ci maddələri, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1, 50.2, 50.4.1, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217.4, 267.1, 267.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən hər iki tərəf eyni məzmunda apellyasiya şikayəti vermişdir.

14. İddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayətlərində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Tərəflər apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, hər iki tərəf əqdi etibarsız hesab etdiyi və bu əqdləri ləğv eləməyə hazır olduğu, cavabdehin isə iddianı qəbul etdiyi halda, məhkəmə bu iddianı təmin etməməkdə haqlı olmamışdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu halda isə görünür ki, MMC mənə əqdlər üzrə əldə etdiyi avtomaşınlara görə 1 manat da olsun ödəməmişdir. Belə olduğu halda Mülki Məcəllədə əqdlərə dair tələblərə əməl edilməmişdir. Bu isə əqdin etibarsız hesab edilməsi üçün əsaslardan biridir. əhkəmə isə bu hala qiymət verməmişdir. Əqdlər Məcəllənin müəyyən etdiyi şərtlərin pozulması ilə bağlanmış,görünüş məqsədilə bağlanması tam açıq görünür, MMC tərəfindən bir manat da olsun ödənmədən avtomaşınları öz mülkiyyətinə keçirilmiş,dərhal da onun adına etibarnamə verilərək bütün bu müddət ərzində avtomaşınlar həqiqi mülkiyyətçi olaraq onun istifadəsində və sahibliyində olmuşdur. Bu faktlar məhkəmə tərəfindən də müəyyən edilməsinə və təsdiq edilməsinə baxmayaraq, məhkəmə bu faktlara düzgün hüquqi qiymət verməmiş, tam uyudurma əqdi etibarsız hesab etməkdən imtina etmişdir.

16. Aralarında bağlanmış müqavilələri ikitərəfli razılıqla ləğv etmək qərarına gəlsələr də, maşınların üzərində olan həbs buna imkan verməmişdir. Yəni, əgər maşınlar üzərində həbs olmasaydı, onlar bu müqavilələri sərbəst surətdə İmtahan-Qeydiyyat Şöbəsinə müraciət etməklə ləğv edəcəkdilər. Bu fakt olduğu üçün məhkəməyə müraciət edilib. Amma məhkəmə ən adi baxışdan da müəyyən edilməsinə və məhkəmə baxışı zamanı təsdiq edilməsinə baxmayaraq, uydurma,görünüş üçün bağlanmış bu müqavilələri etibarsız hesab etmədi və bununla da hər iki tərəfin mülkiyyət hüquqlarını pozdu. Məhkəmə bu iddianı təmin etməyərkən ona əsaslanmışdır ki, bu əqdlərin etibarsız hesab edilməsi 3-cü şəxsin hüquqlarını pozur. Əvvəla, bir əqdin etibarlılıq məsələsi 3-cü şəxslərin hüquqları ilə deyil, əqdin özünün etibarlılıq şərtləri ilə bağlıdır. Deməli, məhkəmənin bu dəlili əsassızdır. Bundan əlavə, məhkəmənin 3-cü şəxs kimi istinad etdiyi şəxs bu işə baxılarkən işə 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatə t verməsinə baxmayaraq, məhkəmə onun bu vəsatətini qəbul etmədi və bildirdi ki,hazırkı iddia həmin şəxsin heç bir hüquqlarına toxunmur. Necə olur ki, məhkəmə baxışı zamanı bu fikirdə olan məhkəmə qətnamə qəbul edərkən həmin şəxsin hüquqlarını nəzərə almışdır? Bir daha qeyd edir ki, məhkəmənin bu dəlili əsassızdır.Çünki avtomaşınların onun mülkiyyətinə qaytarılması 3-cü şəxsin MMC-dən olan 170.000 manat tələbinə dair icra sənədinin icrasına heç bir maneçilik törətmir, onun tələbi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə qüvvədədər və MMC-nin digər əmlaklarından və ya bank hesabından tutulacaqdır. Belə olan təqdirdə MMC-nin kiməsə borcu olması səbəbi ilə onun iddiasının rədd edilməsi qanunsuz və əsassız olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Apellyasiya şikayətindən görünür ki, tərəflər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1227/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

37. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. İşdən görünür ki, “Volkswagen Amarok” markalı və “Hyundai Accent” markalı nəqliyyat vasitələri vəkalətnamə əsasında iddiaçının istifadəsindədir. Hazırda iddiaçı tərəfindən həmin nəqliyyat vasitələrinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin üzərindən həbsin götürülməsi tələb edilir. İddiaçı tərəf əqdin etibarsızlığının əsası kimi əqdlərin uydurma, yəni görünüş üçün bağlanıldığını bildirmişdir. Cavabdeh tərəf iddia tələbinin təmin edilməsinə etiraz etmir.

40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi mübahisə predmeti olan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin əhəmiyyətsizliyini, yəni uydurma əqd olduğunu (görünüş üçün bağlandığını) hər iki tərəf təsdiq etsələr də, bu təsdiqetmə müqavilə tələblərinə zidd olmaqla, üçüncü şəxsin mənafeyinin pozulmasına gətirib çıxarır.

41. İş materiallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən avtomobillərin üzərinə həbs qoyulmuşdur.

42. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobil vəkalətnamə əsasında onun idarəçiliyində olsa da, həmin avtomobil ilə bağlı alqı-satqı müqaviləsi onunla deyil, X2 ilə "xxxx" MMC arasında bağlanılmışdır.

43. Göründüyü kimi iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı (“Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə) subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələbini irəli sürməsi tələbinin əsassız olduğuna dəlalət edir.

44. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

46. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

47. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin iradə ifadəsi müqavilədə açıq-aydın ifadə olunmuş, onların iradə ifadəsi ziddinə mübahisəli müqavilənin bağlanması, müqavilənin şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

48. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

49. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

50. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alqısatqı müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.

51. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

52. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

53. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayətləri təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas ola bilməz.

55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar