Məhkəmə qərarları › İş №2(105)-1394/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1394/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1394/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ədəkbərov) iddianın qismən təmin edilməsi, “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 787.2 manat (abonent kodu: **********03960) borcun silinməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İBdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da yerləşən qaz sayğacına görə tərtib olunmuş ******* №-li, xx.xx.2021-ci il tarixli akt əsasında yaranmış 969.72 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 onun istifadəsindədir. Həmin evə dair **********3960 №-li abonent kodu onun adına qeydiyyata alınmışdır. Yaşadığı gündən bu günə kimi kommunal ödənişlərlə bağlı heç bir problem yaranmamışdır. xx.xx.2021-ci il tarixdə qaz sayğacı özündə yaranmış problem nəticəsində heç bir kənar müdaxilə olmadan işləməmiş və evə qazın verilməsi dayanmışdır. Cavabdeh təşkilata bir neçə dəfə yaranmış problemlə əlaqədar müraciət etmiş, lakin təşkilatın nümayəndələri müraciətlə maraqlanmamışdır. Bu səbəbdən də o, məcbur qalıb sayğacın girişindən qazı qoşub işlətməyə başlamışdır. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. Həmin tarixdə onun müraciətindən iki gün sonra sayğacı düzəltməyə gələn qaz idarəsi əməkdaşları onun hərəkətini qanunsuz qoşulma hesab edərək ona 969.72 manat cərimə yazmışdır. Onun sayğaca qanunsuz qoşulması olsa belə, cəmi 2 günə bu məbləğdə cərimə yazılması ağlabatan deyildir. Qeyd edilənlərə əsasən həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacında yaranan nasazlıq barədə istehlakçı olaraq vaxtında məlumat verməsinə baxmayaraq cavabdeh təşkilat buna vaxtında reaksiya verməmiş və ona qanunsuz olaraq külli miqdarda borc yazmışdır. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını pozmuşdur. Bu borc reallığı əks etdirmir. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır, qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Sumqayıt şəhəri, Gecə qondu ”Metallurq”, ev 0, mənzil 396 saylı fərdi yaşayış evinə təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən özbaşına təbii qaz xəttinə qeyriqanuni qoşularaq istifadə edildiyi aşkar edilmişdir. Əməkdaşlar tərəfindən yerində ******* saylı, xx.xx.2021-ci tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə olunduğu aşkar olunmuş” və dövlət əmlakının talanması müəyyən edilmişdir. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2021-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün; iran sobası maksimal saatlıq qaz sərfi 1.5m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 969.72 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(060)-1539/2022 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, aktın qanuna uyğun tərtib edilməməsi və borcun qismən qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 9072 m3 müəyyən olunmuşdur. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, sayğacın girişində krantın arxa hissəsinin açılaraq kənar xətt çəkilərək qazdan istifadə olunması halı aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent kodu **********03960 olan ünvan 1-ya akta görə 969.72 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin verdiyi arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin əhatə etdiyi ərazidiə yerləşən 396 №-li evdə yaşayır. Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD-dən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar rezin boru vasitəsilə qaz xəttinə qoşulma olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh təşkilat tərəfindən təbii qazla təchiz edilmiş və **********03960 nömrəli abonent kodu verilmişdir. Yoxlanış zamanı cavabdeh tərəfindən sayğacdan kənar qoşulma aşkar edilmişdir. Bu hal xx.xx.2021-ci il tarixli, ******* №-li aktla aktlaşdırılmış və 907.2 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin cərimə məbləği ilə razı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən sayğacdan kənar qoşulma həyata keçirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi-normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X6 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X6 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X6 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı X5 üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 90 gün hesabat müddəti qəbul edilmiş və iddiaçıdan həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Eyni zamanda abonentin saldosundan görünür ki, cavabdeh tərəfindəən təbii qazın istifadəsinə görə ən çox ödəniş 2022-ci ilin yanvar və mart aylarında edilmiş və bu tarixlər qaz xəttinə özbaşına qoşulma aşkar olunduqdan sonrakı dövrə təsadüf edir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çox ödənişin 90 günə (3 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası qeyd olunan qaydada hesablanmaqla iddiaçının cavabdehə vurduğu ziyan 120 manat (40 manat x 3 ay (90 gün) təşkil edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 aprel 2022-ci il tarixli 2(060)-1539/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar