Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1394/2023 13.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, ilk və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması və işığın bərpa olunması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə dair Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(012)-164/2023 nömrəli qətnaməsindən ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı “borcun tutulması və işığın bərpa olunması” tələbinə dair ilkin iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hesablanmış 1901.61 manat borcun Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC tərəfindən həmin ünvanda işığın bərpa edilməsinin təmin edilməsi və 2022-ci ilin yanvar ayından bəri ödədiyi 300 manat kirayə haqqının məhkəmə qətnaməsi icra olunanadək Cavabdeh1 QSC tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvandakı elektrik sayğacına görə 1901.61 manat borcun Cavabdeh1 QSC-dən alınıb **********03481 saylı elektrik abunə nömrəsinə ödənilməsi və həmin ünvana "xxxx" ASC tərəfindən elektrik enerjisinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Buna dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Sözügedən yaşayış evi ona xx.xx.2021-ci il tarixli, 998595 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 QSC tərəfindən satılmışdır. O, evi alarkən 1901.61 manat elektrik borcunun olduğunu bildikdə İddiaçı Cavabdeh1 QSC-yə müraciət etmiş, lakin müsbət cavab verilməmişdir. Alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Hesab edir ki, xx.xx.2021-ci il tarixdə alınmış fərdi yaşayış evinə aid "xxxx" ASC tərəfindən hesablanmış 1901.61 manat elektrik borcunun ödənilməsi Cavabdeh1 QSC tərəfindən icra olunmalıdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Cavabdeh1 QSC öz növbəsində, cavabdehlər İddiaçı və "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsi üzrə "xxxx" ASC tərəfindən hesablanmış 1901.61 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci (Elektrik və istilik enerjisi istehlakçılarının hüquqları) maddəsinə əsasən, istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında hər hansı bir müqavilə mövcud deyil və sonuncuya elektrik enerjisinin verilməsinə dair xidmət göstərilməmişdir. Hesab edilir ki, "xxxx" ASC tərəfindən hesablanmış 1901.61 manat borcun Cavabdeh1 QSC-yə aid edilməsi sonuncunun əsassız maliyyə yükünə məruz qalmasına dəlalət edəcəkdir. İstinad olunan borc məbləğinin hansı istehlakçıya aid olduğu aşkar edilməli və qeyd olunan məbləğin ödənilməsi və s. hərəkətlər əsl borcluya yönəldilməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(012)-164/2023 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 5 saylı fərdi yaşayış evinə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1901.61 (min doqquz yüz bir manat altmış bir qəpik) manat borc məbləğinin Cavabdeh1 QSC tərəfindən tutularaq abunəçi X3 məxsus **********03481 saylı abunə hesabına köçürülməsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 5 saylı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsinin "xxxx" ASC-yə həvalə edilməsi, Cavabdeh1 QSC-dən və "xxxx" ASC-dən müştərək qaydada dövlət rüsumuna görə 39.02 (otuz doqquz manat iki qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər İddiaçı və "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(012)-164/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış və tələbinin hansı hüquqi əsasa görə əsassız hesab etdiyini vurğulamamışdır. Halbuki, mübahisə predmeti olan 1901.61 manat borcun hansı dövrdən yarandığına aydınlıq gətirilməmişdir. İş materiallarına əlavə edilmiş “abunə haqqında” arayış X1 adına olmuşdur. Hazırkı mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Rəşad Axundov 2008-ci ildən həmin fərdi yaşayış evini satdığını bildirmişdir. Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanmış və həmin sorğu ilə ünvan 2 yaşayış evində istifadə edilmiş elektrik enerjisinə görə 1901.61 manat borcun hansı tarixdən və hansı əsasla yaranması barədə məlumatın verilməsini, həmçinin borca dair abunə haqqında arayışın və həmin dövrdə elektrik enerjisinin istifadəsinə dair bağlanmış müqavilələrin təqdim edilməsi xahiş olunmuşdur. Lakin, sorğunun qəbulundan ASC tərəfindən imtina edilmişdir. Məhkəmə araşdırılması zamanı eyni sual ASC-nin nümayəndəsinə ünvanlanan zaman borcun çoxdan yarandığı, həmin kod passiv olduğunu və borcun ödənilməsini Cavabdeh1 QSC-dən tələb etmədiklərini, ümumiyyətlə həmin borc məbləği ilə bağlı bu günə kimi heç bir tələbləri olmadıqlarını bildirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx"ASC ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC arasında hər hansı bir müqavilə mövcud deyil və sonuncuya elektrik enerjisinin verilməsinə dair xidmət göstərilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbini təmin etmədikdə qeyd olunan halı nəzərə almamışdır. "xxxx" ASC-nin nümayəndəsi izahatında qeyd etmişdir ki, “hazırkı mübahisə elektrik enerjisindən istifadə qaydaları ilə tənzimlənir, elektroenergetika ilə bağlı ümumiyyətlə əlaqəsi yoxdur”. Görünür ki, məhkəmədə nümayəndənin mövqeyi ilə razılaşaraq, istinad olunan Qanunun tələbini nəzərə almamışdır. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları” “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu əsasında qəbul edilmişdir. Məlum olduğu kimi, Qanun cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur, həmçinin qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qaydalarla isə Qanunun tətbiqi üsullarını müəyyən edilir. Hazırkı Qanunun qeyd olunan münasibətlərə tətbiq edilməsi yox, tətbiq edilməməsi absurddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış, 4Ə-2029 reyestr nömrəsi ilə qeydə alınmış, satıcı Cavabdeh1 QSC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 72 kv.m. olan fərdi yaşayış evini alıcıya 26000 manata satmışdır. - Müqavilənin 5-ci bəndinə əsasən, alıcı müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği notariusun bankda açılan hesabı vasitəsilə ödəmişdir. - Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. - Müqavilənin 7-ci bəndinə əsasən, müqavilə təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. - Müqavilənin 9-cu bəndinə əsasən, satıcı həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. - Müqavilənin 10-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Müqavilədə aparılmış qeyddən görünür ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə kodu **********03481 saylı, abunəçi X1 adına olan abunə haqqında saldodan görünür ki, xx.xx.2008-ci il tarixdə aparılmış qeydiyyat üzrə abunəçinin 1901.61 manat borcu yaranmışdır. İş materiallarında olan borcun olmasına dair arayışdan görünür ki, abunə kodu **********03481 saylı, abunəçi X1 adına 2021-ci il tarixinə 1901.61 manat borc yaranmışdır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatlardan görünür ki, Bağırov X8 rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, L.Bədirbəyli küçəsi, 5 saylı evdə, X5 isə Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, N.Aslanov küçəsi 44 saylı evdə qeydiyyatdadırlar. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 QSC arasında Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış, 4Ə- 2029 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 72 kv.m. olan fərdi yaşayış evini alıcıya 26000 manata satmış, müqavilə üzrə alınmış mənzilin torpaq sahəsi ilə birlikdə dəyəri olaraq 26000 manat pul vəsaiti alıcı tərəfindən notariusun bankda açılmış hesabına köçürülməklə ödənilmiş, müqavilə notarial qaydada təsdiq edildiyi andan ilk iddiaçının daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Müqavilə üzrə tərəflər öhdəliklərini icra etməsinə baxmayaraq, sözügedən fərdi yaşayış evinə münasibətdə kommunal borc olaraq, elektrik enerjisindən istifadəyə görə borc ödənilməmiş olaraq qaldığından yeni mülkiyyətçiyə məxsus olan evə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bununla da İddiaçı yaranmış borc məbləğinin Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 5 saylı fərdi yaşayış evinə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1901.61 (min doqquz yüz bir manat altmış bir qəpik) manat borc məbləğinin Cavabdeh1 QSC tərəfindən tutularaq abunəçi X3 məxsus **********03481 saylı abunə hesabına köçürülməsini, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 5 saylı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsinin "xxxx" ASC-yə həvalə edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 QSC arasında Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh1 QSC Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 72 kv.m. olan fərdi yaşayış evini alıcı İddiaçı 26000 manata satmış, həmin pul vəsaiti alıcı tərəfindən notariusun bankda açılmış hesabına köçürülmüş, alıcı müqavilə üzrə öhdəliklərini tam icra etməsinə baxmayaraq, satıcı əmlakı alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsini müqavilə üzrə üzərinə götürsə də, həmin əmlakın elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğini ödəməmiş və bunun nəticəsində mülkiyyətçiyə məxsus olan evə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəvlər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, abunəçi X1 adına tərtib olunmuş abonent saldosundan, eləcə də "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından da göründüyü kimi, **********03481 abunə kodu abunəçinin 1901.61 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borcunun olduğu müəyyən edilmiş, mübahisəli fərdi yaşayış evinin yəni, ünvan 2 yaşayış evinin İddiaçı satılması anına qədər qeyd olunan borc məbləği mövcud olmuş, Cavabdeh1 QSC mənzili alıcının sahibliyinə verənədək mənzillə bağlı xərcləri, eləcə də, kommunal xərclərin ödənilməsini öhdəsinə götürsə də, borc mövcud ola-ola həmin mənzili alıcı İddiaçı satmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.18-ci bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən, məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Həmin Qaydaların 8.23-cü bəndinə əsasən, məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. Göstərilən Qaydaların tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinə yeni köçmüş mülkiyyətçi köhnə sakinin istifadə etdiyi elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca dair arayışı tələb etməli olmasına baxmayaraq, göstərilən halda alıcı İddiaçı həmin arayışı tələb etməsi mümkün deyildir. Belə ki, mənzil alqı-satqısı Cavabdeh1 QSC ilə alıcı İddiaçı arasında bağlanmış və mənzili kommunal xərclərdən azad şəkildə alıcının sahibliyinə vermək barədə öhdəlik götürmüş tərəf də məhz Cavabdeh1 QSC olmuşdur. Göründüyü kimi, qeyd olunan borcun olubolmamasına dair məlumatı araşdırmaq satıcının üzərinə düşmüş və Cavabdeh1 QSC-nin İddiaçı qarşısında həmin vəzifəni icra etmək öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti vermiş cavabdehin nümayəndəsi 1901,61 manat borcun silinməli olmasına dair dəlillərdən biri kimi həmçinin həmin borcun yaranması üzrə iddia müddətinin keçdiyini göstərmişdir.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə X7 3-cü şəxs kimi işə cəlb olunsa da, elektrik enerjisindən istifadə üzrə abonent kodu onun adına olduğundan, borcun silinməli olmasına dair Azəərbaycan Respubkikası MPM-nin 55.1-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməyərək cavabdehə və ya iddiaçıya qarşı hər hansə müstəqil tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(012)-164/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1394/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1394/2023
13.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver