Məhkəmə qərarları › İş №2(105)-1397/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1397/2022

19.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1397/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-614/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-614/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-614/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun qanuni istifadəsində olan Abşeron rayon Donuzkökəltmə Sovxozunun ərazisində yerləşən 0,04 ha torpaq sahəsindən və onun üzərindəki tikilidən Cavabdeh1 və onun ailə üzvlərinin çıxarılması, həmin torpaq sahəsinin və üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə Cavabdeh2 və onun ailə üzvlərinin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Binə Donuzkökəltmə sovxozunda ev tikmiş, sonra xəstələnmış, sağalıb evə qayıdanda tikdiyi evdə heç bir məlumatı olmadan bir ailənin yaşadığını görmüşdür. Onlardan evə necə daxil olduqlarını soruşanda bildirdilər ki, evi alıblar. Evi kimin satdığını bilmir, kirayədə yaşamağa məcbur olmuşdur. O, torpaq sahəsini qonşudan alıb, torpağın təyinatını bilmir, qonşu ona etibarnamə verib. Tikintini 2021-ci ilin avqust ayında başa çatdırıb. Sonra Covid-19 infeksiyasına yoluxub. Sağalıb qayıdanda evində başqasının yaşadığını görüb. Su xətti yoxdur, ev tikiləndən sonra su quyusu qazdırıb. O, Cavabdeh1 tanımır. Bir dəfə birinci instansiya məhkəməsində görüb. Evi kimin satdığını cavabdeh bilir, pulu o ödəyib və kimə ödədiyini də o bilir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-614/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X2 aldığı 0.4 ha torpaq sahəsidir. Hüquqlarını müdafə etdiyi şəxslər X1 0.5 ha torpaq sahəsinin 0.15 ha hissəsini etibarnamə ilə alıblar. Tikinti barədə cavabdeh Səməndər adlı usta ilə danışıqlar aparılıb. Sonradan öyrənmişdir ki, iddiaçı ilə usta Səməndər bir yerdə iş görürlər. Onlar arasında hansı formada razılaşma, yaxud münasibət olmasından xəbərləri yoxdur. Onlar üçün evi Səməndər tikib. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2021-ci ilin avqust ayının 15-də evdə olmuyub, 25-də gələndə görüb ki, ev satılıb. 10 günə yarımçıq evi tikib köçmək absurddur. Torpaq sahələri ayrı-ayrı torpaq sahələridir, müxtəlif şəxslərdən alınıb və hər ikisi kolxozların mövcud olduğu dövrdə qərarla ayrılıb. Torpaqların da ayrılmaya dair aktı yoxdur. İddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı fakt mövcud deyil. Ev qanunsuz tikilidir. Oraya cavabdehlər tərəfindən işiq, elektrik və su xətti çəkilib. Kommunal xidmətlərinin ödənişini cavabdehlər keçən ilin avqust ayından öz adlarından icra edirlər. Yerli icra nümayəndəsi də cavabdehlərin həmin evdə 2021-ci ilin avqust ayından qeydiyyatsız yaşaması barədə arayış verib. İddiaçı şəriki ilə olan münasibəti cavabdehlərə aid edir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-614/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli, 135 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 23 saylı qərarın tələbinə uyğun olaraq X5 fərdi evin tikilməsi üçün 0.04 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan X3 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.04 ha torpaq sahəsindən müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni İddiaçı xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda da İddiaçı həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 238900 saylı etibarnamədən görünür ki, X7 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı 70 il müddətinə olmaqla xx.xx.2091-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 1346 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq X6 fərdi evin tikilməsi üçün 0.05 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan X4 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.05 ha torpaq sahəsindən 0.015 ha hissəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədilə Cavabdeh2 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni Cavabdeh2 xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda da Cavabdeh2 həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2021-ci il tarixli AZ-İİ № 417605 saylı etibarnamədən görünür ki, X8 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh2 70 il müddətinə olmaqla xx.xx.2091-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan Xəzər rayon Binə qəsəbəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş torpaq sahəsinə dair koordinatlarının müəyyən edilməsi barədə fotodan görünür ki, fotoda Abşeron rayonu Donuzkökəltmə sovxozunda İddiaçı məxsus olan və Abşeron rayonu Binə qəsəbəsi X9 yerləşən Cavabdeh2 məxsus olan fərdi yaşayış evlərinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq sovxozu ərazisində yerləşən İddiaçı məxsus mövcud tikiliyə dair eskiz layihədən görünür ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu, X9 qeydiyyatsız yaşayır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 7 (yeddi) ədəd fotoşəkillərdən görünür ki, fotoşəkillərdə əks olunmuş torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa edilərək tikintisi başa çatdırılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.04 ha torpaq sahəsinə dair İddiaçı məxsus hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamış, iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, baş etibarnamə əsasında iddiaçıya torpaqdan sahiblik və istifadə hüququna dair səlahiyyət vermiş X3 torpağın iddiaçı tərəfindən özəlləşdirilməsi hüququnun olmasına dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etməsinə baxmayaraq, iddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasına dair aidiyyəti quruma müraciət etməməsini, X3 adına verilmiş Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 saylı əmrdən çıxarışda torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da həmin sahənin harada ayrılmasına dair torpağın ayrıc aktı, torpağın layihəsini təsdiq edən sənədlər olmadığından həmin torpaq sahəsinin həqiqətən də iddiaçının göstərdiyi ünvanda olmasının müəyyən edilməsi mümkün olmamasını, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə qanunvericilik normalarına düzgün istinad edərək iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının baş etibarnamə əsasında 70 il müddətinə sahiblik və istifadəsinə verilmiş torpaq sahəsi X5 Abşeron rayonu Donunzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 saylı əmrdən çıxarış əsasında sovxozun fəhlə və qulluqçusu kimi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na əsasən, 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin sənədlər siyahısına aid edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1ci bəndinə əsasən, sovxoz və kolxozlarda daimi işləyən şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısına aiddir. İş materiallarından da görünür kimi, Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 saylı əmrdən çıxarış da Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində məhz X3 hüquqlarının yaranması üçün əsas olmuşdur. Mülki iş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2021-ci il tarixli AZ-İİ № 238900 saylı etibarnaməyə əsasən, X7 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı 70 il müddətinə olmaqla xx.xx.2091-ci il tarixədək etibar etmiş, həmin etibarnamə iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik, istifadə hüququnu tanısa da, sərəncam vermə hüququnun yaranmasına əsas olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir ki, etibarnamənin verilməsi mülkiyyət hüququnun yaranması üçün əsas deyildir və bu barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Hazırki işdən görünür ki, İddiaçı mübahisəli torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin və tikilinin ona təhvil verilməsini tələb etdiyi halda, mülki iş materiallarına onun mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamış, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təsdiq edən ayrıc aktı mülki iş materiallarına əlavə olunmamışdır. İddiaçının sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən faktiki ölçüsü 0.04 ha olan torpaq sahəsi olduğu halda, Cavabdeh2 istifadə və sahibliyinə verilmiş torpaq sahəsinin faktiki ölçüsü isə 0.05 ha təşkil edir. Göründüyü kimi, torpaq sahələrinin faktiki ölçüləri arasında ziddiyyət olduğundan, onların faktiki yerində koordinatlarını təsdiq edən ayrıc aktı təqdim olunmadığından, cavabdehlərin həqiqətən də iddiaçıya məxsus torpaq sahəsində və üzərində yerləşən tikilidə məskunlaşması sübuta yetirilmədiyindən iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilik normasının tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla da müəyyən edilir ki, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyindən, həmçinin cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-614/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar