Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1398/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: ləğv edilməsi məcburi ödənilən məbləğin iddiaçıya geri qaytarılması və ödənilməmiş qalan hissənin abonent hesabından silinməsi sübutetmə yükü) X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməklə, ləğv edilməsi məcburi ödənilən məbləğin iddiaçıya geri qaytarılması və ödənilməmiş qalan hissənin abonent hesabından silinməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASCtərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 saylı aktın surətindən görünür ki, sayğacın giriş-çıxış faza sıxaclarının tamamilə yanması, sayğacın sxemdən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi, sayğacın üzərində bazaya daxil edilməmiş 1244 kvt saat sərfiyyatının olması müəyyən edilmiş, həmçinin sayğacın alt qapaq möhürü Siyəzən EŞnin əməkdaşı tərəfindən açılaraq, giriş-çıxış faza xətləri birbaşa qoşulmuşdur. Eyni zamanda, xətdən axan yük Sf=7/6A,Pfak=1,67 kvt, P say=0 kvt, həmçinin qoyuluş güc qidalandırıcı xəttə görə (S= 2x10 mm2 alüminium) P qoy=11 kvt təşkil edir.
2. "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən **********00022 abunə kodu olan fərdi yaşayış evinə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 22 yanvar 2024-cü il tarixdə tərtib edilmiş 026194 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokolun surətindən görünür ki, sayğacın faza xəttinin hər iki yuvasının texniki təsir nəticəsində yanması, xəta faizlərinin yoxlanmasının mümkün olmaması, lakin yüksüz rejimdə 1 saat ərzində 2,4 k/v-dan artıq sərfiyyat hesablaması, nəticədə sayğacın istismara yararsız olması aşkar edilmişdir.
3. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin, abunə haqqında təfərrüatlı məlumatların, eləcə də 08 fevral 2024-cü il tarixli abonent saldosunun surətindən görünür ki, sayğacına baxış keçirilən, **********00022 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 saylı akt əsasında hesablanmış 859,66 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə, ləğv edilməsi məcburi ödənilən məbləğin iddiaçıya geri qaytarılması və ödənilməmiş qalan hissənin abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin X5 Nəzarət İdarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 saylı aktın etibarsız hesab edilməklə, ləğv edilməsi, sözügedən akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 859,66 manat borcdan 759,66 manatının hesabından silinməsi, eləcə də bu akt üzrə ödədiyi 100 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus elektrik sayğacının giriş-çıxış faza sıxaclarında nasazlıq olmasını, yəni qızmasını görüb "xxxx" ASC-nin qaynar xətti ilə əlaqə saxlamış, habelə "xxxx" ASC-nin X10 Təchizatı və Satışı idarəsinin X3 Muxtar adlı müdirinə kəndin elektrik montyoru vasitəsi ilə məlumat vermişdir. Bundan təxminən iki həftə sona 26 noyabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları gəlib sayğaca baxış keçirmiş, daha sonra sonuncular tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 27 noyabr 2023-cü il tarixli müvafiq akt tərtib edilmişdir. Bir neçə gün sonra, nasaz elektrik sayğacı yeni Smart-kart tipli sayğacla əvəz edilmiş, lakin ona nə akt tərtib edilərkən, nədə ki sayğac dəyişdirilərkən abonent hesabına elektrik enerjisinin israfına görə əlavə məbləğin ödəniləcəyi bildirilməmişdir. Həmçinin, onun bu işdə heç bir məsuliyyəti olmamış, əksinə məsuliyyət sayğaca vaxtında texniki xidmət göstərməyən cavabdehin üzərinə düşür. Beləliklə, sözügedən akt tərtib edildikdən üç aydan sonra guya elektrik enerjisini israf etdiyinə görə abonent hesabına cərimə qismində 859,66 manat əlavə edildiyini görmüş, hətta smart-kart tipli sayğacdan istifadə etməsi üçün pul yükləyərkən balansdan əsassız yerə 100 manat məbləğ silinmişdir. 22 fevral 2024-cü il tarixli abunə haqqında arayışdan məlum olur ki, əsassız əlavə edilmiş 859,66 manat məbləğ 688 kv.s x 0,08 m=55,04m, 5774 kv.s x 0,13 m=750,62m, 600 kv.s x 0,09m=54m tarif üzrə hesablanmışdır. Beləliklə, məlum akt etibarsız hesab edilməklə, ləğv edilməlidir. Çünki, həmin akt Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən onun məlumatı olmadan tərtib edilmiş, hətta formal olsa belə bu aktda imtina etdi qeydi də yazılmamışdır. Eyni zamanda, mübahisələndirilən akt Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın 77-ci bəndinə əməl edilmədən tərtib edilmişdir. Həmçinin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının” 8.17-2-ci bəndinin pozulması ilə tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən "Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) uyğun olaraq sözügedən sayğaca baxış keçirilərkən sayğacın giriş-çıxış faza sıxacları tamamilə yanması, sayğacın sxemdən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi məlum olmuşdur. Belə ki, bu sayğacın üzərində bazaya daxil edilməmiş 1244 kvt saat sərfiyyat olmuşdur. Daha sonra, sayğacın alt qapaq möhürü Siyəzən EŞ-nin əməkdaşı tərəfindən açılmış və giriş-çıxış faza xətləri birbaşa qoşulmuşdur. Eyni zamanda mübahisəli aktın tələb hissəsində sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğaca laboratoriya şəraitində bütün parametrlər üzrə rəy verilməsi qeyd olunmuşdur. Bundan sonra, 07 dekabr 2023-cü il tarixdə yeni PAUD-MP 106 tipli smart sayğac iddiaçının istifadəsinə verilmişdir. Abunə haqqında çıxarışa əsasən sayğac yenisi ilə əvəz edilənədək iddiaçının enerji sərfiyyatı göstəricisi 20 manat məbləğində, yəni 100-200 kvt saat miqdarında enerji istehlak etdiyi müəyyən edilsə də, sayğac yenisi ilə əvəz edildikdən sonra sayğacın göstəricisinin 1394 kvts saat miqdarında olması, yəni 111,52 manat dəyərində elektrik enerjisi istehlak edildiyi aydın olur. Eyni zamanda, müəyyən olunur ki, iddiaçı yalnız istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir. Bundan əlavə iddiaçı akt üzrə aparılmış hesabatdan ümumilkdə 199.41 manat ödəniş etmiş, hal-hazırda 660,19 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, 04, 15, 26 fevral 2024-cü il tarixlərində və 15 mart 2024-cü il tarixdə iddiaçı tərəfindən abonent hesabına ümumilikdə 400 manat ödəniş olunmuşdur. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Beləliklə, tələblərə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 859,6 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
7. Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia qismən təmin edilərək, - cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 660,19 (altı yüz altmış manat 19 qəpik) manat borcun hesabdan silinməsi, - bu akt üzrə ödənilmiş 199,41 (bir yüz doxsan doqquz manat 41 qəpik) manat pulun İddiaçı geri qaytarılması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı "xxxx" ASC-nin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə **********00022 abunə kodu olan İddiaçı aid Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman fərdi yaşayış evinin elektrik sayğacının giriş-çıxış faza sıxaclarının tamamilə yanması, sayğacın sxemindən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 859,66 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. Lakin, sözügedən akt iddiaçı tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı aid Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar yaranmış nöqsana səbəb olan təsirin birbaşa iddiaçı tərəfindən edilməsi barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, baş vermiş halların kimin təqsirindən yaranması istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan cavabdeh ASC-nin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda elektrik enerjisindən istifadə qaydalarında nöqsanların olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, elektrik enerjisindən istifadədə yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacının giriş-çıxış faza sıxacları məhz iddiaçı tərəfdən yandırılmalı, sonuncu yol verdiyi nöqsanı, onun nəticələrini və məsuliyyəti dərk etməlidir. Lakin, iddiaçı belə bir hala yol verməmiş, habelə fərdi yaşayış evinin sayğacında yaranmış qüsurla bağlı "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin əməkdaşlarını xəbərdarlıq etmiş, sonuncular 27 noyabr 2023-cü il tarixdə iddiaçıya aid fərdi yaşayış evində elektrik enerjisinin istifadə qaydalarını yoxlayarkən mövcud pozuntunu aşkar etmişlər. Qeyd olunan hallar isə nəticə etibarilə İddiaçı təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, elektrik enerjisi istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə mübahisə üzrə yuxarıdakı nəticəyə gəlmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2, 8.2, 8.4, 8.16, 8.17-ci bəndlərinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 217.4-cü maddələrinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5 və 9.1.14-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyrimötəbər sübutlara əsaslanaraq qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 8.16-cı bəndinə əsaslanmışdır ki, həmin bəndin məzmununda qeyd olunur ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizat müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə bu bəndə istinad edərkən nəzərdən qaçırmışdır ki, xx.xx.2023-cü il tarixli, NDM 030849 saylı akt baxış zamanı sayğac üzərində komputer məlumat bazasına daxil edilməmiş 28479 kvts enerji sərfiyyatı olduğu üçün tərtib edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit-sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Qeyd edilən akta əsasən abonentə hər hansı hesablaşma aparılmamışdır. Faktiki istifadə edilən, sayğac üzərində komputer məlumat bazasına daxil edilməmiş 1244 kvts enerji məlumat bazasına daxil edilmişdir. Yəni, xx.xx.2023-cü il tarixli, NDM 035401 saylı akt tərtib edilərkən heç bir prosessual pozuntuya yol verilməmiş, akt istinad olunan qaydaların 8.17-ci bəndinin tələblərinə tam uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Akt sayğac üzərində komputer məlumat bazasına daxil edilməmiş 1244 kvts enerji sərfiyyatı olması halı aşkar olunduğu üçün tərtib edilmişdir. Məhkəmə isə qeyd olunan hallara düzgün hüquqi qiymət verə bilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. O, qeyd olunan ünvanda toyuq təsərrüfatı ilə məşğul olur və həmin ünvanda elektrik enerjisi üzrə borcunu mütəmadi olaraq ödəyir. Lakin onun iddia tələbində mübahisələndirdiyi məbləğ ona əsassız şəkildə hesablanmışdır. Çünki akt üzrə ona borc hesablandığı dövrdə qeyd olunan ünvanda təsərrüfatla məşğul olmamış, ümumiyyətlə ərazidə işlək elektrik avadanlığı olmamışdır. Bu halda ona elektrik enejisi sərfiyyatı üzrə borc hesablanması qanunsuzdur. İşə baxan məhkəmə qeyd olunan halları lazımı qaydada araşdırmış və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında özünü cavabdeh "xxxx" ASC-nin nümayəndəsi kimi təqdim edən Nümayəndə2 səlahiyyətlərini təsdiq edən sənədi (etibarnaməni) təqdim etmədiyindən məhkəmə onu nümayəndə qismində tanımamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir.
Tətbiq edilən hüquq
15. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il 2 fevral tarixli 18 nömrəli)
Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarına əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8 .14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətindən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsini iddianın təmin olunmuş hissəsini mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçıya akt əsasında hesablanmış borcun məhz onun tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyəri olduğunu bildirir.
22. Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, “tərəflər arasında “Enerji təchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır.
23. Araşdırılan işdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman fərdi yaşayış evinin elektrik sayğacının giriş-çıxış faza sıxaclarının tamamilə yanması, sayğacın sxemindən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi ilə bağlı "xxxx" ASCnin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 859,66 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir.
24. İddiaçının da tələbinin dəlili məhz həmin aktın əsassız olaraq tərtib olunması ilə bağlıdır.
25. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu mövqe ilə razılaşır və əlavə olaraq bildirir ki, mübahisəli ünvanda elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar yaranmış nöqsana səbəb olan təsirin məhz iddiaçının marağı və sonucunun hər hansı hərəkəti nəticəsində baş verməsi barədə hər hansı bir mötəbər sübut iş materiallarında mövcud deyildir.
26. Habelə işin araşdırılan digər hallarından da bu faktı təsdiq edən hər hansı sübut mövcud deyildir. İstehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıdığı halda, sayğacdakı nasazlığın iddiaçının fəal yaxud buna şərait yaradan hərəkəti nəticəsində yaranması dəqiq müəyyən olunmadan cavabdeh ASC-nin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda elektrik enerjisindən istifadə qaydalarında nöqsanların olması faktı öz əksini tapmışdır. Lakin bu fakt istehlakçının təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Çünki, elektrik enerjisindən istifadədə yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacının giriş-çıxış faza sıxacları məhz iddiaçı tərəfdən yandırılmalı, sonuncu yol verdiyi nöqsanı, onun nəticələrini və məsuliyyəti dərk etməlidir.
27. Lakin, iddiaçı belə bir hala yol verməmiş, əksinə fərdi yaşayış evinin sayğacında yaranmış qüsurla bağlı özü şəxsən "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin əməkdaşlarını xəbərdarlıq etmiş, sonuncular isə 27 noyabr 2023-cü il tarixdə iddiaçıya aid fərdi yaşayış evində elektrik enerjisinin istifadə qaydalarını yoxlayarkən mövcud pozuntunu aşkar etmişlər. Sadalanan hallar isə nəticə etibarilə İddiaçı elektrin enerjisi sayğacına müdaxiləsini istisna edir.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, göründüyü kimi, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni fiziki şəxs olan iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Başqa sözlə cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi nüanslar iddia tələbini inkar etməyə əsas vermir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
30. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
31. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
32. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)
33. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab verir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.