Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-140/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-34/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-34/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyri-qanuni tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin vermiş olduğu RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair hasara birləşmiş qeyri-qanuni tikilinin, dəmir qapının və divarın cavabdehlər Cavabdeh1 Talib qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi onun adınadır. Cavabdehlər onun qonşularıdır. xx.xx.2016-cı il tarixdə X4 oğlanları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsində yerləşən dalanı zəbt edərək orada qanunsuz tikililər inşa etmiş və hazırda da tikintini davam etdirirlər. Cavabdehlərin inşa etdiklər tikililər onun fərdi yaşayış evinin divarını zədələmiş və yararsız hala salmışdır. Bundan əlavə cavabdehlər çölə açılan həyət darvazasını onun evinin divarına birləşdirmiş, bu səbəbdən evin divarlarında çatlar əmələ gəlmişdir. Dəfələrlə cavabdehlərə öz iradını bildirdikdə, cavabdehlər onun üstünə hücum çəkmiş, onu və həyat yoldaşını nalayiq ifadələrlə təhqir etmişlər. Cavabdehlər əllərinə düşən zibil tullantılarını onun evinin qabağına atırlar. Bundan başqa, cavabdehlər böyük bir dəmir darvazanı onun yaşadığı evin qabağına qoyaraq, özləri üçün giriş-çıxış qapısı yaratmışlar. Həmin darvaza qoyulduqdan sonra ora küçə itləri və pişikləri üçün sığıncaq yerinə çevrilmişdir. Bundan əlavə, darvazanın arxasına yığılan tullantı zibillərinin üfunət iyindən evinin pəncərələrini belə açmaq mümkün deyildir. Bu göstərdiklərinin nəticəsində evində siçovulların və bəzi həşəratların olmasını aşkar etmişdir. Cavabdehlərin bu kimi hərəkətləri nəticəsində həyat yoldaşı asma xəstəliyinə tutulmuşdur. Qeyd etdiyi problemlərlə bağlı mərhum anası da dəfələrlə Abşeron rayon Polis idarəsinə şikayət etmiş, lakin bu illər ərzində müsbət bir nəticə əldə edə bilməmişdir. O, dəfələrlə cavabdehlərdən etdiyi hərəkətlərə son qoymasını xahiş etsə də, bir nəticə olmamış, cavabdehlər öz qanunsuz hərəkətlərini bu günə kimi davam etdirirlər. Onun cavabdehlərə etdiyi iradların müsbət bir nəticəsi olmadığı üçün məcbur qalaraq xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə məlumat vermişdir. Abşeron rayon Polis idarəsinin əməkdaşları xx.xx.2016-cı il tarixdə ondan bu hadisə ilə bağlı izahat almış və iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O da məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iş üzrə təqdim olunmuş materiallara düzgün qiymət verilməməklə və dəqiq araşdırılmamaqla çıxarılmışdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2020-ci il tarixli, 10/2769 saylı rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küşəsində yerləşən onun qaynı tərəfindən təqdim edilən ünvanlara baxış keçirilən zaman o və cavabdehlərin evlərinə giriş-çıxış etmək üçün bir dalandan istifadə etdikləri, həmin dalanın birinci yarısında onun, ikinci yarısında, yəni dalanın sonunda cavabdehlərin evinin yerləşdiyi və birgə istifadə olunan dalandan həm onun, həm də cavabdehlərin istifadə edərək evlərinə giriş-çıxış etmələri üçün hər hansı maneənin olmadığı müəyyən olunmuşdur. Bu rəy iş üzrə materiallar düzgün tədqiq edilmədən verilmişdir və bu hal onun hüquqlarının əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının MPM-nin normalarını rəhbər tutaraq öz təşəbbüsü ilə xx.xx.2021-ci il tarixdə təkrar ekspertizaya müraciət etmişdir. “X3”nin 07 aprel 2021-ci il tarixli, 202 saylı ekspert rəyinə ilə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin divarına cavabdeh tərəfindən bərkidilmiş metal qapı üzərində aparılmış natamam tikinti-quraşdırma işlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun aparılmadığı müəyyən olunmuşdur. Həmin tikilinin quraşdırılması tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı üçün, yəni hər an metal qapının yuxarı hissəsində inşa edilmiş mişar daşından divarın və üzərinə quraşdırılmış taxta materialından olan pəncərə çərçivəsinin təbii amillərdən və digər təsirlərdən həyat və sağlamlıq üçün təhlükə yarada bilər. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsi, 8 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın 21 dekabr 2020-ci il tarixli, 10/2769 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən iddiaçının qaynı tərəfindən təqdim edilən ünvanlara baxış keçirilən zaman iddiaçı və cavabdehlərin evlərinə giriş-çıxış etmək üçün bir dalandan istifadə etdikləri, həmin dalanın birinci yarısında iddiaçının, ikinci yarısında, yəni dalanın sonunda cavabdehlərin evinin yerləşdiyi və birgə istifadə olunan dalandan həm iddiaçının, həm də cavabdehlərin istifadə edərək evlərinə giriş-çıxış etmələri üçün hər hansı maneənin olmadığı müəyyən olunmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 05 may 2022-ci il tarixli, 10/6752 saylı rəyindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin divarına cavabdeh tərəfindən bərkidilmiş metal qapı üzərində aparılmış tikinti-quraşdırma işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun aparılmamışdır. Cavabdehlər Cavabdeh1 Talib qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirəsədulla küçəsi, 8 saylı fərdi yaşayış evinin divarına bərkildilmiş qapı üzərində aparılmış tikinti-quraşdırma işlərinin insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 05 may 2022-ci il tarixli, 10/6752 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin divarına cavabdeh tərəfindən bərkidilmiş metal qapı üzərində aparılmış tikinti-quraşdırma işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun aparılmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə Ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müəyyən olunur. İş üzrə keçirilmiş ekspertiza rəyinin təsviri hissəsindən görünür ki, qonşu sərhəddə mübahisələndirilən tam başa çatdırılmamış tikilinin eni 1.8 metr, hündürlüyü 4.65 metr təşkil edir. Belə ki, 1.6 metr enində və 2 metr hündürlükdə metal giriş qapısı quraşdırılaraq sağ hissəsi İddiaçı yaşadığı fərdi yaşayış evinin divarına bərkidilmiş, sol tərəfində qalan boşluq hissə isə mişar daşından inşa edilərək qonşu hasara birləşdirilmişdir. Metal giriş qapısının yuxarı hissəsində 1.8 metr eninə və 0.8 metr hündürlüyündə mişar daşından divar inşa edilərək üzərinə 1.4x1.6 metr ölçülü taxta materialdan hazırlanmış pəncərə çərçivəsi quraşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərində göstərilənləri nəzərə alaraq, mübahisələndirilən İddiaçı yaşadığı fərdi yaşayış evinin divarına cavabdeh tərəfindən bərkidilmiş metal qapı üzərində aparılmış tikinti-quraşdırma işləri ara məsafəsi gözlənilmədən həyata keçirilmişdir. İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin divarına cavabdeh tərəfindən bərkidilmiş metal qapı üzərində aparılmış tikinti-quraşdırma işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsi, 8 saylı fərdi yaşayış evinə birləşmiş qeyri-qanuni tikili-dəmir qapı, divar və pəncərə cavabdehlər Cavabdeh1 Talib qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların hesabına sökülməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərləri olan 100 manat cavabdehlər Cavabdeh1 Talib qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-34/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsi, 8 saylı fərdi yaşayış evinə birləşmiş qeyri-qanuni tikilidəmir qapı, divar və pəncərə cavabdehlər Cavabdeh1 Talib qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərləri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 Talib qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-140/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-140/2022
28.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver