Məhkəmə qərarları › İş №2(105)-140/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-140/2023

05.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-140/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdeh X5 və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə qarşı qanunsuz tikinti hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı X7 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(012)-55/2022 nömrəli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətinə əsasən, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən sahəsi 0,04 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci ildə X7 adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 10/5702 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, X9 məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, RX Seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Həmçinin ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. İddiaçı X9 mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, AN 256230 saylı, xx.xx.2018-ci il tarixli, **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə X2 faktiki istifadəsində olan torpaq sahəsindən 2 kv.m hissəsinə müdaxilə var.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 10/1249 saylı ekspert rəyinə əsasən, iddiaçı X11 mülkiyyət hüququ ilə məxsus olan (8 aprel 2018-ci il qeydiyyat tarixi ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, AN 256230 saylı, xx.xx.2018-ci il tarixli, **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilinin inşa edildiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulması, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,04 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 29 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satın almış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. O, torpaq sahəsini alarkən torpaq sahəsinin plan və ölçüsündəki sxem üzrə 1-3-cü hissəsi üzrə qonşuluqda yerləşən torpaq sahəsi boş olmuş və qonşu ilə aralarında hasar olmamışdır. O, uzun müddət torpaq sahəsinə getməmişdir. 2020-ci ilin aprel ayının əvvələrində o, təsadüfən mülkiyyətində olan torpaq sahəsinə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin plan və ölçüsündəki sxem üzrə 1-3cü hissəsi üzrə qonşuluqda yerləşən torpaq sahəsində mişar daşından bir mərtəbəli yaşayış evi tikilmişdir və evin yan hissəsi ona məxsus torpaq sahəsinin içərisində tikilmişdir. Sonradan öyrənmişdir ki, həmin birmərtəbəli evi qonşuluqda yerləşən **********64 reyestr nömrəli torpaq sahəsinin mülkiyyətçisi, hazırki iddia üzrə cavabdeh X5 tikdirmişdir. O, cavabdehə ona məxsus torpaq sahəsinin içərisində ev tikməsinin qanunsuz olduğunu bildirmişdir. Lakin cavabdeh ona məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onu da qeyd edir ki, cavabdehin sahibliyində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və orada fərdi yaşayış evinin tikilməsi qanunsuzdur. Lakin cavabdeh Azərbaycan Respublikasının tikinti haqqında qanunvericiliyinin norma və tələblərini kobud şəkildə pozaraq özbaşına ev tikmişdir. Ona görə də o, pozulmuş mülkiyyət hüquqlarının məhkəmə vasitəsilə bərpa olunması qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikilmiş birmərtəbəli yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla pozulan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

6. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(012)-55/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddiaçı X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov).

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulmasını, həmçinin ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdeh tərəfindən sökülməsini xahiş etmiş, lakin işin hallarını təstiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün öz təşəbbüsü ilə mübahisəli torpaq sahəsi ilə bağlı tikinti-texniki ekspertizası təyin etmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022ci il tarixli, 10/5702 saylı ekspert rəyində ərazidə ümumi DWG uyğunsuzluğunun mövcud olduğu, həmçinin X9 mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, AN 256230 saylı, xx.xx.2018-ci il tarixli, **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə X2 faktiki istifadəsində olan torpaq sahəsindən 2 kv.m hissəsinə müdaxilə olduğu göstərilmiş, lakin ekspert rəyi və məhkəmədə hər hansı bir mötəbər sübutla həmin 2 kv.m hissədə tikilinin mövcud olmasını müəyyən etmək mümkün deyildir. Halbuki bununla bağlı Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübutlar təqdim etmək vəzifəsini iddiaçı daşımışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır.

9. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı X14 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-55/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qətnaməsi qanunsuz və əsassız olduğundan, kobud maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir.

12. Konstitusiyanın 13 və 29-cu maddələrinə əsasən Azərbaycan dövləti onun əmlakını və əmlaka olan hüquqlarını öz mühafizəsi altına almışdır və öz üzərinə onun mülkiyyətini mühafizə və müdafiə etmək öhdəliyi qoymuşdur. O, öz mülkiyyətini və mülkiyyətə olan hüquqlarını dövlətinə əmanət etmişdir. Dövlətin vəzifəsi, əgər onun mülkiyyətini qoruya bilməmişdirsə, məhkəmələr vasitəsi ilə pozulmuş mülkiyyət hüququnu bərpa etmək və mülkiyyətinə qəsd edilibsə, həmin qəsdi törədən hüquqi və fiziki şəxslərdən mülkiyyətinə olan qəsdin aradan qaldırılmasını təmin etməkdir. Lakin Abşeron Rayon Məhkəməsi qətnamə çıxararkən Ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququnu təmin etməmişdir. Məhkəmə onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin və qəsdin olduğuna baxmayaraq, bu qəsdin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Ekspertiza rəyində ona məxsus torpaq sahəsinə cavabdehin inşa etdiyi tikilinin 2 kv metr hissəsinin düşdüyü və beləliklə mülkiyyətinə qəsd edildiyi təsdiq edilsə də məhkəmə bunu görməzdən gəlmiş, onun mülkiyyət toxunulmazlığı hüququnu təmin etməmiş, maddi hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur. Abşeron Rayon Məhkəməsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehin qanunsuz ev tikməsinə, həm də onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edərək tikməsinə göz yummuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı X14 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh X5 və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

25. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

26. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

27. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, iddiaçı X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-55/2022 nömrəli qətnaməsinin tam şəkildə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

38. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

41. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

42. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

43. Göründüyü kimi hazırkı iddia iddiaçıya məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulması və torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin sökülməsi barədə olmaqla iki hissədən ibarətdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın iddiaçıya məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulması tələbinə dair hissəsini rədd etməklə düzgün hüquqi nəticəyə gəlsə də, torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin sökülməsi tələbinə dair hissəsini təmin etməməklə səhvə yol vermişdir.

45. Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın cavabdeh X2 qanunsuz ev tikmək hərəkətlərinə son qoyulması hissəsinin rədd edilməsi ilə bağlı mövqeyi ilə razılaşır, çünki həmin hərəkətlərin hal-hazırda mövcudluğu və davam etdirilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

46. İddianın digər hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı X9 mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə X2 faktiki istifadəsində olan torpaq sahəsindən 2 kv.m hissəsinə müdaxilə var.

48. Apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli ekspert rəyi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı X11 mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilinin inşa edildiyi öz təsdiqini tapmışdır.

49. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X10 mülkiyyətində olan torpaq sahəsində cavabdeh X5 tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin onun tərəfindən sökülməsinə dair tələbi əsaslıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan orada mübahisəli tikilidən başqa hər hansı tikilinin olmadığını bildirmişdir. Bu da öz növbəsində sözügedən torpaq sahəsinə cavabdeh X5 tərəfindən müvafiq tikilinin inşa edilməsi ilə müdaxilə edilməsinə əsas verir.

51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(012)-55/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən edilməli, xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli Seriya RX ******* nömrəli, **********52 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsində cavabdeh X5 tərəfindən qanunsuz olaraq tikilmiş tikili cavabdeh tərəfindən sökülməlidir. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı X10 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(012)-55/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli Seriya RX ******* nömrəli, **********52 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçı X11 məxsus torpaq sahəsində cavabdeh X5 tərəfindən qanunsuz olaraq tikilmiş tikili cavabdeh tərəfindən sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar