Məhkəmə qərarları › İş №2(105)-1400/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1400/2022

23.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1400/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(012)-703/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 MMC ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzilin alqı satqısına dair 05 iyul 2014-cü il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə görə İddiaçı Cavabdeh1 MMC-yə mənzilin ümumi dəyərindən (ümumi qiymət 98526 manat olmuşdur) ilkin olaraq 20000 manat pul ödəmişdir. Sonradan isə 2015-ci ildə 10000 manat və 3000 manat əlavə ödəniş etmişdir. Müqaviləni bağladığı vaxtdan bir ildən çox müddət keçsə də, sözügedən binada demək olar ki, inşaat işləri aparılmırdı. Bu səbəbdən də, Cavabdeh1 MMC-nin rəhbəri Xanlar Cəfərova işlərin ləng getməsi ilə bağlı iradını bildirmişdir. Xanlar Cəfərov isə narahat olmamağı, işlərin ləng getməsinin isə yaranmış bəzi problemlərlə bağlı olduğunu qeyd etmişdir. Həmçinin iddiaçıya bildirmişdir ki, onlar qohumdurlar, mənzilin qalan ödənişini mənzil təhvil verildikdən sonra ödəyər. O, Xanların işlərində problem yarandığını bildiyi üçün, həm də qohumluq əlaqəsi olduğu üçün inşaat işlərinin yekunlaşmasını uzun müddət gözləmişdir. İddiaçı sözügedən binaya vaxt olduqca baş çəkmişdir. Axırıncı dəfə 2021-ci ilin oktyabr ayında həmin ünvana baş çəkərkən görmüşdür ki, bina tam təhvil verilməsə də, ona ayrılan mənzildə tanımadığı şəxs tərəfindən təmir işlərinin aparılmasına hazırlıq görülür. Ona məxsus mənzilin zəbt olunması ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciətin nəticəsi olaraq, aparılan araşdırmadan sonra iddiaçıya bildirmişlər ki, həmin mənzil 2018-ci ildə Cavabdeh1 MMC tərəfindən digər şəxsə satılıb. Belə ki, 05 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının Cavabdeh1 MMC-dən aldığı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasınm “S” girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzil yenidən, ona məxsus müqavilənin qüvvədə olmasına baxmayaraq 10 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. İddiaçı ona məxsus müqavilənin qüvvədə olmasını onunla əsaslandırır ki, müqavilənin 6-cı bəndində də qeyd olunduğu kimi, müqavilə ödəniş gecikdirildiyi halda birtərəfli qaydada ləğv oluna bilər ki, bu halda da ödənilmiş pulun miqdarı “MMC” tərəfindən yalnız həmin mənzil bir şəxsə verildikdən sonra alıcıya qaytarılır. Lakin iddiaçıya nə müqavilənin ləğvi ilə bağlı, nə də ödədiyi pulun qaytarılması ilə bağlı hər hansı bir xəbərdarlıq olunmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Nəriman adlı şəxs (Cavabdeh2 atası) mübahisəli mənzilin yerləşdiyi mərtəbədəki bütün mənzilləri təmir etdirir. Buradan da o nəticəyə gəlmək olar ki, Nəriman Baxşəliyev MMC-nin rəhbəri Xanlar Cəfərovla əlbir olaraq həmin binada bir çox mənzillər üçün öz yaxın adamlarının adına müqavilə yazdırmaqla, həmin mənzilləri mənimsəmək fikrindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Cəfərov X3 Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işin araşdırılmasına köməklik edəcək məsələlərlə bağlı verdiyi vəsatətləri təmin etməmişdir. Məhkəmənin və digər cavabdehin sorğularına verilən cavablarda isə İddiaçı ilə bağlanmış müqavilə əgər həqiqətən də ləğv olunubsa, həmin ləğvetmə qərarı və digər sənədlər təqdim olunmamışdır. Halbuki, tərəfindən bununla bağlıda vəsatət verilmişdir. Təbii ki, sözügedən qərar ləğv olunmadığı səbəbindən belə bir sənədin təqdim olunması qeyri-mümkin idi. Məhkəmə cavabdehin möhürsüz olsa da şəxsən yazılı formada iddiaçıya təqdim etdiyi cavabı araşdırılmasında maraqlı olmamışdır. Cavabdehin iştirakı məhkəmədə təmin ediləcəyi təqdirdə onun özü tərəfindən möhürsüz verdiyi cavabın təsdiqlənəcəyi məlum olacaqdır. Lakin məhkəmə cavabdehin iştirakının təmin edilməsində maraqlı olmamışdır. İmzaların MMC-nin direktoruna aid olub olmaması ilə bağlı məhkəmə xəİşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətləri təmin edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 MMC-nin direktoru Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən şahid X5 ifadəsində bildirdi ki, o, əvvəllər Cavabdeh1 MMC-nin nəzarətçi, satış meneceri işləmişdir. İddiaçı Məhəmməd Cəfərov MMC-nin rəhbəri Xanlar Cəfərovun qohumu idi. O, Xanlar Cəfərova 10.000 manat pul ödəmiş, qalan pulu ödəməmiş, bundan sonra iddiaçı pul ödəmədiyi üçün Xanlar Cəfərov ona xəbərdarlıq yazmışdır. Bir neçə dəfə xəbərdarlıqdan sonra onunla bağlanmış müqavilə ləğv edilmiş və həmin mənzil Cavabdeh2 dəyəri ödənilməklə satılmışdır. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini İddiaçı cavabdeh qarşısında öhdəliyinin yaranması və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olması, müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddia apellyasiya şikayətində bu nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi müqavilənin etibarsızlığı və mənzilin ona təhvil verilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339-cu və 452-ci maddələri təşkil edir. İddiaçıla Cavabdeh1 MMC arasında ümumi qiymət 98526 manat olan Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzilin alqı-satqısına dair 05 iyul 2014-cü il tarixli müqavilə bağlanması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən mənzilin ümumi dəyərindən ilkin olaraq xx.xx.2014-cü il tarixdə 20000 manat, xx.xx.2015ci il tarixdə 10000+3000 manat əlavə ödəniş edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 389.1 və 405.1. maddələri). Qeyd olunan normaların dispozisiyasına görə, bağlanmış müqavilələr tərəflərin razılığa gəldikləri şərtlərlə icra olunmalı və dəyişdirilməməlidir. Bu ümumi qayda mülki dövriyyənin sabitliyini təmin edir. Ona görə də müqaviləyə bir qayda olaraq tərəflər özlərinin öhəliklərini tam icra etdikdə xitam verilir. Bununla belə, qanunvericilik müqaviləyə vaxtından əvvəl xitam verilməsi imkanını nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Bu qayda mühüm əhəmiyyət kəsb edir, çünki müqavilə münasibətlərinin sabitliyinə imkan yaradır və tərəflərin qarşılıqlı məsuliyyətini artırır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. İşdən göründüyü kimi iddiaçı xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC-dən aldığı mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürdüyü halda, bu öhdəliyini icra etməmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi). Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. xx.xx.2014-cü il tarixli müqavilənin 6-cı bəndində də qeyd olunduğu kimi alıcının ilk ödənişdən sonra qalan məbləği 30 gündən artıq gecikdirdiyi halda, Cavabdeh1 MMC-nin müqaviləni birtərəfli qaydada ləğv etməsi, ödənilmiş pulun MMC tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra alıcıya qaytarılması hüququ yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliyi tam icra etmədiyindən, iddiaçı həmin müqavilə üzrə mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlı olmamışdır. Lakin iddiaçının həmin müqavilə üzrə ödənilmiş 33.000 manat pulun geri qaytarılması tələbini irəli sürmək hüququ istisna deyil. Həmçinin o da qeyd olunmalıdır ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçıla Cavabdeh1 MMC arasında mənzilə dair müqavilə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilədən daha əvvəl bağlansa da, iddiaçı ilkin müqavilə üzrə öhdəliyini icra edərək mənzilin dəyərini tam ödəmədiyindən, eləcə də fərdi-müəyyən əşya olan mənzil sonradan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verildiyindən, İddiaçı mənzilin cavabdehdən alınmasını və ona verilməsini tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzilin Cavabdeh2 təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, Cavabdeh2 mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyindən və həmin mənzil artıq sonuncu tərəfindən təmir olunaraq istifadəsində olduğundan, mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin müqavilənin etibarsızlığı hissəsinə gəldikdə hesab edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 maddəsi). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında müqavilənin bağlanması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin pozulması hallarına yol verilmədiyindən, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığı üçün hüquqi əsaslar mövcud deyil və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissədə də təmin etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı əqdi mübahisələndirməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti belə ötürmüşdür. İddiaçının həmin mənzilin satılmasından 1 ay əvvəl xəbər tutması barədə iddia ərizəsində göstərdiyi dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində qeyd etdiyi bu halı müddətdən yayınmaq məqsədi daşıyır, Halbuki, iddiaçı mənzillə hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və mənzilin cavabdehə satılmasının həqiqətən də ona həmin vaxtdan bəlli olmasını təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası mənzilin satılmasını həmin vaxtdan iddiaçıya bəlli olmasına dair iddia ərizəsində göstərdiyi dəlilini əsaslı hesab etmir. Məhkəmənin cavabdehin möhürsüz olsa da şəxsən yazılı formada iddiaçıya təqdim etdiyi cavabı araşdırılmasında maraqlı olmaması, cavabdehin iştirakının məhkəmədə təmin ediləcəyi təqdirdə möhürsüz verdiyi cavabın təsdiqlənəcəyi məlum olacağı, imzaların Cavabdeh1 MMC-nin direktoruna aid olub-olmaması ilə bağlı məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətin təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, mülki işin 33 və 60-cı səhifələrində Cavabdeh1 MMC-nin direktoru tərəfindən imzalanmış və Vəkil1 ünvanlanmış məktubda mübahisəli mənzilin alqı-satqısı ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilənin həmin müqavilənin 6-cı bəndinə əsasən 2016-cı ildə ləğv edildiyi və mənzilin 2016-cı il tarixdən 2018-ci ilin aprel ayınadək heç kimə satılmadığı yalnız xx.xx.2018-ci il tarixdə Xanlar Cəfərovun rəhbərliyi altında alqı-satqı müqavilə əsasında Cavabdeh2 satılması və həmin mənzilin dəyəri tam şəkildə ödədiyindən sonuncuya maliyyə arayışı verilmişdir. Qeyd olunan hal hazırkı apellyasiya baxışı zamanı dindirilən həm cavabdehin nümayəndəsi Mübariz İsmayılovun, həm Cavabdeh1 MMC-nin direktoru Nümayəndə, eləcə də həmin dövründə Cavabdeh1 MMC satış meneceri işləmiş Xəzər Əliyevin ifadələrində də öz təsdiqini tapmışdır. Eyni zamanda apellyasiya baxışında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi Mübariz İsmayılov bağlanmış müqavilələrin qeydiyyat kitabının əvvəlki direktor Xanlar Cəfərovun cinayət işi ilə bağlı istintaq orqanı tərəfindən götürüldüyünü və bu günə kimi Cavabdeh1 MMC-yə qaytarılmadığını bildirmişdir. Bu səbəbdən həmin qeydiyyat kitabını məhkəmə kollegiyasına təqdim edə bilmir. Bu məqsədlə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məhkəmə kollegiyası tərəfindən sorğu verilməklə işin baxılması təxirə salınsa da, bugünə qədər həmin sorğu cavablandırılmamışdır. Cavabdehlər isə sorğunun cavabının gözlənilməsi məqsədilə işin təxirə salınmasının əsassız yerə işin uzadılması ilə nəticələnəcəyini, həmin qeydiyyat kitabında hər hansı qeydin aparılmaması mövcud əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsini bildirmişlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin Cavabdeh1 MMC-nin direktoru Nümayəndə sorğularına verilmiş cavab məktubunda imzaların ona məxsus olub-olmaması barədə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətinə münasibətdə də qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı dindirilən Nümayəndə həmin məktublardakı imzanın ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Bu səbəbdən həmin imzanın ona məxsusluğunu yoxlanılması zərurəti yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin Cavabdeh1 MMC-nin direktoru Nümayəndə və həm də Xəzər adlı şəxsin barəsində xüsusi qərar çıxarılması barədə vəsatətinə gəldikdə isə qeyd edir ki, MPM-nin 265.4-cü maddəsində xüsusi qərardadın çıxarılması əsasları nəzərdə tutulmuşdur. Hazırkı işdə qeyd olunan şəxslərin əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar