Məhkəmə qərarları › İş №2(105)-1403/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1403/2024

02.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1403/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Baş X15 İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və daşınar əmlakın geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, “Cavabdeh2»-na və Azərbaycan Respublikası Baş X15 İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arlarında “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-saqtı müqaviləsinin etibarsız hesab edilməsi, “Daewoo Nexıa” minik sedan markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq onun qanuni sahibliyinə qaytarılması, avtomobilin dəyəri olaraq 6400 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 2168 manat məbləğində pul vəsaitinin, ona dəymiş 2000 manat məbləğində maddi ziyanın və mənəvi ziyanın əvəvzi olaraq 1000 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 5168 manat pul vəsatinin, həmçinin 123 manat ödənilmiş dövlət rüsmunun cavabdehlər Cavabdeh1 və “Cavabdeh2”dan müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən Sumqayıt şəhər X15 İmtahan və Qeydiyyat şöbəsində “Daewoo Nexıa” minik sedan markalı **-HA-*** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomobil onun istifadəsində olmuşdur. Ona təcili pul lazım olduğu üçün Sumqayıt şəhərində yerləşən “Cavabdeh2”un müdiriyyəti ilə qarışılıqlı razılığa gəlmişdir ki, ona hər ay (15 ay) müddətində faizlə 3000 (üç min) manat pul vəsaiti verəcəklər. Lakin verilən pulun müqabilində ondan “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini girov qoymağı ona bildirmişlər. O da bu şərtlə razılaşandan sonra Sumqayıt şəhəri DYP imtahan və qeydiyyat şöbəsində onun yaxın tanışı olan Cavabdeh1 adlı şəxsi çağırıb avtomobili onun adına rəsmiləşdirməyi, borcunu tam qaytardıqdan sonra yenə də onun avtomobilini adına rəsmiləşdirəcəyini bildirəndə, o, bunlara inanmış və avtomobili Cavabdeh1 adına rəsmiləşdirmişdir. Bundan sonra “Cavabdeh2” tərəfindən 15 aylıq ayda 370 manat pul vəsaiti (faizi) ödəməklə, ümumilikdə 5550 manat pul vəsaiti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyi vaxtı-vaxtında yerinə yetirmiş, eyni zamanda cavabdehlə xx.xx.2023-cü il tarixdə AR DİN BDYPİ Qİİ-də alqı-satqı müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilən qeyri-qanuni müqavilə əsasında cavabdeh onun avtomobilini öz adlarına keçirməklə 3000 (üç min) manat qarşılığında 15 ay müddətinə hər ayda 370 manat, ümumi olaraq 5.550 (beş min beş yüz əlli) manat ödəniş olmaqla, yenidən avtomobili onun adına keçirilməsini şifahi olaraq ona bildirilmişdir. Lakin, cavabdeh avtomobilini adına keçirdikdən sonra müqaviləni belə ona verməmişlər. Bir sözlə hər dəfə də “müdiriyyət yoxdur gələndə müqavilə veriləcək” deyərək onu 5 aydır ki, yola vermişlər. Bundan sonra o, üzərinə düşən öhdəliyini yerinə yetirməklə, xx.xx.2023cü il tarixdən başlayaraq hər ayda 370 manat pul vəsaitini ödəmişdir. Növbəti ayda 5 gün geçikmə olmasına baxmayaraq, hər günə görə əlavə olaraq gecikməyə görə tərəfindən 10 manat əlavə pul vəsaiti ödənilmişdir. Hal-hazırda 5 ay tam şəkildə ödəniş edilmişdir. Cavabdeh hər dəfə ondan sui-istifadə etməklə, son on gün gecikməyə görə 200 manat pul vəsaiti alaraq, əlavə ödədikdən sonra ona məsələ “güya ki, problemli şöbəyə düşmüşdür” demişdir. Əlavə olaraq ondan 1000 manat pul vəsaiti ödəniş etməsi bildirsələr də o bununla razılaşmamışdır. Lakin, ona hədə- qorxu gələrək “avtomobilin alınacaq” deyərək onu stresə salmışlar. Cavabdeh “Cavabdeh2”un işçiləri onu faktiki aldadaraq əmlakını başqasının adına keçirsələr də müqavilə ona bu günə kimi verilməmişdir. BDYPİ-də xx.xx.2023-cü il tarixdə bağlanmış “alqı-satqı müqaviləsi”nə əsasən tərəfindən cavabdeh tərəfə bu günə kimi 2168 (iki min yüz altmış səkkiz) manat pul verilmişdir. Cavabdeh1 alqısatqı zamanı belə iştirak etməmişdir. Amma cavabdeh tərəfindən kredit müqaviləsindən öz xeyrlərinə lazımi qaydada istifadə edilmişdir. Hesab edir ki, cavabdeh tərəf bununla həm də müvafiq vergilərdən də yayınmışdır. Beləliklə də onun hüquqları pozulmaqla, Azərbaycan Respublikasının qanunlarına uyğun olmayan hərəkət-özgəsinin əmlakından sui-istifadə edilməsi və əmlakının mənimsənilməsi göz qabağındadır. Məlumdur ki, hər iki tərəfin şifahi olsa da həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunma, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq əsasında olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmənin nəzərinə çatdırmaq istərdir ki, cavabdeh tərəf qeyri-qanuni yolla özgənin (onun) əmlakını aldıqdan sonra 15 ay müddətinə hər ay tərəfindən 370 manat ödəməsinin zəruriliyini desə də avtomobili faktiki, məcburən zorla əlindən almışdır. O, sonuncu ayda noyabrda 505 manat cavabdehə pul vəsaiti ödəmişdir. Bundan sonra isə yuxarıda qeyd etdiyi kimi cavabdeh tərəf hərbçi olduğu üçün ondan əlavə olaraq 1000 manat civarında hədə-qorxu ilə pul vəsaiti tələb etmişdir. Cavabdehlər avtomobilini adına keçirdikdən sonra hər dəfə müxtəlif bəhanələrlə onu faktiki aldatmaqla məşğuldurlar. Qeyd etmək istəyir ki, bütün danışıqlar və ödənilmiş çeklər məhkəməyə təqdim ediləcəkdir. Bununla yanaşı məhkəmədə şahidlərin dindirilməsi də istisna edilmir. Onu da qeyd etmək istərdir ki, 44-günlük müharibənin iştrakçısı olmuşdur. Bu da onu göstərir ki, onlar döyüşlərdə iştirak etsələr də bəzi şəxslər özgəsinin əmlakını ələ keçirmək məqsədilə heç kəsə məhəl qoymurlar. Bununla dözülməz bir hal yaranır. Belə hesab edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilməklə, onun avtomobili ona geri qaytarılmalıdır. Həmçinin hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri ilə əlaqədar xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməlidir. Cavabdehlərdən yuxarıda qeyd edilən 2168 manat pul vəsaiti, həmçinin ona dəymiş maddi ziyan 2000 manat və mənəvi ziyan isə 1000 manat həddində olmaqla, ümumilikdə 5168 manat alınaraq ona verilməlidir. Eyni zamanda hesab edir ki, cavabdehlərin onun əlindən almış olduqları “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik avtomobil də ona geri qaytarılmalıdır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Daewoo Nexıa” minik sedan markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 3000 manat qiymətinə satmış, mübahisəli “Daewoo Nexıa” minik sedan markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adından qeydiyyatdan çıxmış, avtomobil hal-hazırda Cavabdeh1 adına qeydiyyatdadır. Cavabdeh “Cavabdeh2”unun nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə onlar arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra İddiaçı Cavabdeh1 həyat yoldaşı X9 ilə xx.xx.2023-cü il tarixli icarə və alqı-satqı müqaviləsi bağlamışlar ki, müqavilənin şərtlərinə görə X9 5550 manat məbləğində dəyərləndirilmiş “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 370 manat ödəmək şərti ilə, 15 ay müddətinə İddiaçı kreditə vermiş, alıcı İddiaçı 15 ay icarə haqqını hər ay ödədikdən sonra avtomolilin alıcı İddiaçı qalması ilə razılaşmışlar. İddiaçı ilə X9 öz arlarında müqavilə bağladıqları zaman iddiaçı müqavilənin bütün şərtləri ilə tanış olmuş, müqaviləni oxumuş, sonra öz imzası ilə imza etmişdir. “Cavabdeh2»-nun sahibi X5 dediyinə görə nə Cavabdeh1, nə də X9 avtosalonun işçısı olmamış, sadəcə avtosalon X4 icarəyə götürdüyü obyektdə fəaliyyət göstərmişdir. İddiaçı müxtəlif vaxtlarda avtomobilə dair bəzi ödənişlər həyata keçirmiş, lakin sonradan üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli icarə və alqı-satqı müqaviləsi ilə bağlı X6 qarşı iddia qaldırmalı olduğu halda bunu etməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlananda iddiaçıya qarşı hər hansı bir məcbur etmə halları olmamışdır. İddiaçı ona 3000 manat pul lazım olduğuna görə özü “Cavabdeh2”ununa gəlib öz avtomobilini təklif etmiş və avtomobili Baş Dövlət Yol Polis İdarəsində Cavabdeh1 3000 manata satmışdır. İddiaçı ilə aralarında bağlanmış müqavilə qanun çərçivəsində bağlanmış bir müqavilədir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 324.2, 337.1, 337.3, 337.4, 385.1, 386.1, 389.1, 390.1, 390.3, 390.5, 421.14, 421.2, 425.1, 425.2, 430.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. 7.Sumqayıt Apellyasiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(105)- 1403/2024 saylı qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsi cavabdeh “Cavabdeh2”-a dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin nümayəndəsinin heç bir reyesterdən çıxarışı və etibarnaməsi olmadan və ya məhkəməyə təqdim etmədən dindirilməsinə icazə verməsi və həmçinin cavabdeh “Cavabdeh2” adınan nümayəndə kimi məhkəmədə iştirak etməsinə baxmayaraq, digər Cavabdeh1 adına dövlət və qeyri-dövlət orqanlar adından etibarnamə vermiş, ən əsası isə nümayəndəlik ləğv edilməyinə baxmayaraq məhkəmə özü qanunsuz və ədalətsiz olaraq həmin etibarnamə əsasında cavabdehin əvəzinə aidiyyətı olmayan nümayəndəni dindirmişdir. Əmlakının Cavabdeh1 olmasına baxmayarq, əmlakını cavabdeh tərəf ələ keçirməsini bilərəkdən bütün hallara göz yumuşdur. Mülki iş üzrə çəkişmə prinsipinə əməl edilməmiş, tərəflərə aid olmayan nümayədə məhkəməyə sənəd təqdim etmədən dindirilmişdir. Bugünə kimi qərəzli olaraq avtomobilin alqı-satqısı və avtomobilin sahibinin o olmasını təsdiq edən şəhadətnamə olduğu halda sistemə yükləməmişlər. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması yolu ilə çıxarılmışdır. Qanunvericiliyin tələblərinə əsasən kreditor, müvafiq halda bank ilk öncə pulu əsas borcludan tələb etməli, ondan borcu ala bilmədiyi təqdirdə borcun subsidiar məsuliyyət daşıyan şəxs kimi ondan tutulmasını tələb edə bilərdi. Həmçin birinci inistansiya məhkəməsi aidiyyətı olmayan cavabdeh tərəfindən etibarnaməsiz, portaldan çıxarış və iş yerini təsdiq edən sənəd olmadan şəxs məhkəmədə numayəndə kimi dindirilmiş və qətnamədə də göstərilmişdir ki, iddiaçı 2150 manat pul vəsaiti cavabdehə ödəniş edib, lakin cavabdehdən aldığı 3000 manatı və faizini qaytarmadığı üçün avtomobili əlindən alınmışdır. Halbuki, məhkəmə cavabdehin iddiaçıya problemli şöbəyə düşməsini, əlavə olaraq 1000 manat cərimə ödənilməsini qeyd etməmişdir. Hazırda baxış iclaslarında cavabdehin qeyri-rəsmi nümayəndəsi nümayəndə kimi danışsa da özü də qeyd etmişdir ki, İnşallah hər ayda 370 manat pul vəsaitini cavabdehə ödəniş etmiş, 7 ay ödənişdən sonra 1000 manat cəriməni verə bilmədiyindən avtomobiili əlindən alınmışdır. Bundan başqa hakim iclas vaxtı məhkəmə prosesində iddiaçının nümayəndəsi X2 dindirdikdə hər şey aydın olduğu halda ədalətsiz qətnamə çıxarılması onun mülkiyyət hüququnun pozulmasını nəzərə almamışdır Ən əsası isə 6500 civarında olan avtomobili 3000 manata alqı-satqı olunmuşdur. Qeyd edilən daşınar əmlakı cavabdehlər tərəfindən mənimsənilməsi və əmlakının əlindən alınması, həmçinin cavabdehlərə hər ayda ödəniş ediməsinə baxmayaraq, qeyri-qanuni yolla ələ keçirmələri və cavabdehlərə ödəniş edildiyini hazırda məhkəmə gedişi zamanıda bildirmişdir. Bütun bunlara baxmayaraq məhkəmə işi ümumiyyətlə tam araşdırmır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etirz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hərbiçi olduğuna görə məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmədə iştirak etməməsinin üzrlü sayılaraq işə iştirakı olmadan baxılmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübular

13. xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 3000 manat məbləğində satmışdır.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adından qeydiyyatdan çıxmış və halhazırda Cavabdeh1 adına qeydiyyatdadır.

15. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dır.

16. Qurbanova Xədicə Ağa qızı ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, Qurbanova Xədicə Ağa qızı ünvan 1 ünvanda yerləşən tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 495.4 kv.m olan qeyri yaşayış binasının 66.43 kv.m hissəsini X6 icarəyə vermişdir.

17. İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, hər ay 370 manat olmaqla, 15 ay müddətinə kredit götürmüş, avtomobilin müqavilədə nəzərdə tutulan ümumi məbləği 5550 manat müəyyən edilmiş, ümumi məbləğ 15 aya bölünmüş, alıcı 15 ay icarə haqqının hər ay ödədikdən sonra avtomolilin alıcıda qalması ilə razılaşmışdır.

18. Elelktron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 Xəyalə Mürvət qızının əri qismində ailə üzvüdür.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

20.“İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu

10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin ediməlidir.

24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməməklə, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.

25. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının mülkiyyətində olan “Daewoo Nexia” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 3000 manat satılmasına dair xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında avtomobil cavabdehin mülkiyyətinə keçmişdir. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 əri olan X9 ilə İddiaçı arasında sadə yazılı formada həmin avtomobilin İddiaçı 5550 manata nisiyə satılmasına dair müqavilə bağlanmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının mülkiyyətində olan “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə avtomobili cavabdehə satdıqdan sonra, elə həmin gün Cavabdeh1 əri olan X3 qanunvericilikdə nəzərdə tutulan qaydada deyil, həmin müqavilənin etibarsızlığına əsas verən qaydada, yəni sadə yazılı formada nisiyə alqı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin öz mülkiyyətində olan avtomobili satdıqdan sonra, elə həmin gün üçüncü şəxs cəlb etməklə etibarsız əqd əsasında avtomobili öz mülkiyyətinə geri qaytarması niyyəti ilə bağlı həyata keçirdiyi hərəkətlər, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin həqiqətən başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasını təsdiq etməkdədir. Məhkəmə kollegiyası iddiaçının izahatının işin digər faktiki hallarla birlikdə qiymətləndirərək hesab edir ki, əslində “Daewoo Nexia” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya verilmiş 3000 manat borc məbləğinin təminatı qismində ipoteka ilə yüklü edilməsi niyyəti ilə xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi əsasında cavabeh Cavabdeh1 mülkiyyətinə keçirilmişdir ki, bununla da həmin müqavilə yalan əqd olmaqla, əhəmiyyətsiz əqd qismində etibarsız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. olmuşdur. Lakin, birinci instnasiya məhkəməsi işin qeyd edilən halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə bağlanmış “xx.xx.2023-cü il tarixli alqı-saqtı müqaviləsi etibarsız hesab edildiyindən, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq həmin avtomobil Cavabdeh1 alınaraq iddiaçıya verilməli, həmçinin həmin müqavilə əsasında cavabdeh tərəfindən verilmiş 3000 manat iddiaçı tərəfindən Cavabdeh1 qaytarılmalı, qətnamə həmin hissədə eyni vaxtda icra edilməlidir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının avtomobiln geri qaytarılması ilə yanaşı, həmin avtomobiin dəyəri qismində 6400 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbi isə əsassız olmuşdur. Belə ki, alqı-satıq müqaviləsinin etibrasızlığı nəticəsində avtomobilin iddiaçıya geri qaytarılması qət edildiyi təqdirdə, həmin avtomobilin əlavə olaraq dəyərinin cavabdehdən tutulması mümkünsüz olmaqla, iddiaçının əsassız varlanmasına səbəb olur. Buna görə də iddia tələbi həmin hissədə qeyd olunan əsasa görə təmin edilməməlidir.

29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə əsasən həmin avtomobilin Cavabdeh1 alınaraq iddiaçıya, həmçinin həmin müqavilə əsasında cavabdeh tərəfindən verilmiş 3000 manat pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh1 qaytarılmalı olması və qətnamənin həmin hissədə eyni vaxtda icra edilməli olması qət edilmişdir ki, qətnamənin avtomobilin geri qaytarılması hissəsi gələcəkdə obyektiv səbəblərdən (avtomobilin məhv olması, özgəninkiləşdirilməsi və sair) icra olunmaya bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu zaman iddiaçı cavabdehə ödəməli olduğu 3000 manat məbləği də nəzərə almaqla, avtomobilin dəyərinin 3000 manatdan çox olduğunu iddia etdiyi təqdirdə cavabdehə qarşı vurulmuş zərərlə bağlı iddia qaldırmaq hüququ mövcuddur.

30. Bundan başqa iddiaçı cavabdehlərdən 2168 manat pul tələb etmişdir ki, işin hallarına görə iddiaçı həmin pulu X9 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisiyə alqı-satqı müqaviləsi üzrə ödədiyini iddia etməklə, həmin pulu da məhz Cavabdeh1 ödəməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin pulu X9 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisiyə alqı-satqı müqaviləsi üzrə ona və ya digər şəxsə ödədiyi təqdirdə həmin şəxsə və ya şəxslərə qarşı iddia qaldırmaq hüququna malikdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh1 2168 manat pul tələbi əsassız olmaqla, iddia həmin hissədə təmin edilməməlidir. 31.Bundan başqa iddiaçı cavabdehdən 1000 manat maddi, 2000 manat mənəvi zərər məbəği tələb etsə də iddiaçının Cavabdeh1 1000 manat maddi zərəri hansı əsasla tələb etməsi ümumiyyətlə anlaşılan olmamışdır. Belə ki, iddiaçı konkret olaraq 1000 manatı ondan kimin tələb etdiyini, həmin məbləği kimə verdiyini iddiasında göstərməmiş, məhkəmə iclasına gəlmədiyindən isə həmin halın aydınlaşdırılması mümkünsüz olmuşdur. İddiaçının iddiasının məzmunundan isə belə aydın olur ki, iddiaçı hmin 1000 manatı da X9 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisiyə alqı-satqı müqaviləsi üzrə tələb etməkdədir. Buna görə də məhkəmə kollegiyası həmin hissədə də iddianı əsassız hesab etmişdir.

32. Mənəvi zərərlə bağlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklərə dair qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yalan əqdin bağlanması nəticəsində yaranan məhkəmə mübahisəsi faktı iddiaçının şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olması, buna müvafiq olaraq da mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb ola biləcək hal hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası mənəvi zərər hissəsində də iddia tələbini əsassız hesab etmişdir.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-169/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında “Daewoo Nexıa” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Daewoo Nexia” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobil Cavabdeh1 alınaraq, İddiaçı qaytarılsın. xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilə üzrə verilmiş 3000 (üç min) manat pul vəsaiti İddiaçı alınaraq, Cavabdeh1 verilsin. “Daewoo Nexia” minik sedan markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı, 3000 (üç min) manat pulun isə Cavabdeh1 qaytarılması hissəsində qətnamə eyni vaxtda icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh1 alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar