Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1407/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(012)-2912/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı Mövsüm oğlu arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə dair bağlanmış 22 sentyabr 2017-ci il tarixli, 2386 saylı mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, İddiaçı Mövsüm oğlu tərəfindən “AAAF- Park” yaşayış massivindəki Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə görə ödənilmiş 67.155 manat, mənəvi zərərə görə 2000 manat və 20 manat rüsuma görə pul "xxxx" MMC-dən tutularaq İddiaçı Mövsüm oğluna verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Mövsüm oğlu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsindəki inşa etdiyi 1 nömrəli binanın, 14-cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzilə dair bağladıqları 22 sentyabr 2017-ci il tarixli mənzil alqısatqısına dair müqavilənin ləğv edilməsi, bu müqaviləyə görə cavabdeh "xxxx" MMC-yə ödədiyi 67155 manatın alınıb ona qaytarılması, müqavilə bağlandığı gündən məhkəmə qətnaməsi icra olunan günə kimi hər ay ödədiyi və ödəyəcəyi 400 manat kirayə haqqı hesablanaraq cavabdehdən alınaraq ona ödənilməsi, iddia qaldırmaq üçün dövlət büdcəsinə ödədiyi 30 manatın və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona qaytarılması və mənəvi ziyana görə cavabdehdən 10000 manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 22 sentyabr 2017-ci il tarixdə mənzil alqı-satqısına dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 1 nömrəli binanın, 14-cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzili ona verməyi öhdəsinə götürmüşdür. Mənzilin hər bir kv.min qiyməti 550 manata hesablanmışdır. Müqavilənin ümumi qiyməti 67155 manat təşkil etmişdir. O, həmin 67155 manat məbləği bir neçə dəfəyə tam şəkildə ödəmişdir. Cavabdeh ona müqavilə və pulların ödənilməsi ilə bağlı qəbzlər vermişdir. Müqavilə bağlanarkən şirkətdən ona bildirdilər ki, bina 1 il ərzində, yəni 2018-ci ilin sonuna təhvil veriləcək, eyni vaxtda mənzil də təhvil veriləcəkdir. Lakin, üstündən 3 il müddət keçməsinə baxmayaraq bina hələ də, tam tikilməmişdir. Şirkət tərəfindən aldadıldığını başa düşərək müqaviləni pozmaq və ödədiyi pul məbləğini geri almaq niyyətindədir və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. O, Bakı şəhərində yerləşən mənzilini sataraq hazırki müqaviləni bağlamış və düşünmüşdür ki, mənzil 2018-ci ilin sonunda ona təhvil veriləndən sonra bir-iki aya oranı təmir edərək köçər. Lakin, 3 ildir ki, kirayələrdə qalmaq məcburiyyəti ilə üzləşmiş və hər ay kirayə haqqı kimi 400 manat ödəyir. Onun indiyə kimi kirayədə qalmağının və hər ay 400 manat kirayə haqqı ödəməyinin təqsirkarı cavabdeh olduğu üçün həmin məbləğ də, yəni müqavilə bağlandığı gündən iddiası üzrə çıxarılacaq qətnamə icra olunan günə kimi hər ay 400 manatdan hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, indiyə kimi müqavilənin bağlanmasından 33 ay keçmiş və o ümumilikdə 13200 manat kirayə haqqı ödəmişdir. Hesab edir ki, binanın və mənzilin bu günə kimi tikilib təhvil verilməməsi onun kirayədə qalmağı və kirayə haqqı ödəməyi ilə nəticələnmiş və bu cavabdehin təqsiri üzündən baş verdiyinə görə aralarında bağlanmış müqavilənin 6.1 bəndinə əsasən cavabdeh vurulmuş ziyana görə məsuliyyət daşımalı və həmin məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa, o 3 il ərzində cavabdehin hərəkətləri nəticəsində əsəb və stress keçirmiş, bu hələ də davam etməkdədir. Cavabdeh binanı və mənzili təhvil verməməklə ona mənəvi ziyan da vurmuşdur. Həmin ziyanın məbləğini 10000 manat məbləğində qiymətləndirir və bu məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Abşeron rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 385.1, 442, 448.1, 421.1, 421.2, 421.3 və zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirərək həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissələrdə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehlə 22 sentyabr 2017-ci il tarixdə mənzil alqısatqısına dair müqavilə bağladığını, müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 1 nömrəli binanın, 14-cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzili ona verməyi öhdəsinə götürdüyünü, mənzilin hər bir kv.min qiyməti 550 manata hesablanaraq ümumi qiyməti 67155 manat təşkil etdiyini, həmin 67155 manat məbləği bir neçə dəfəyə tam şəkildə ödədiyini, lakin müqavilənin üstündən 3 il müddət keçməsinə baxmayaraq binanin tam tikilib mənzilin ona təhvil verilmədiyini, bu səbəbdən cavabdehin hərəkətləri nəticəsində əsəb və stress keçirdiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 389.1. və 390.1. maddələri). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf (satıcı) digər tərəfə (alıcıya) mülkiyyətində olan əmlakı verir, alıcı isə həmin əmlakın dəyərini ödəməklə həmin əmlak üzərində mülkiyyət hüququ əldə edir. Tərəflərin iradə ifadəsi ilə bağlanan müqavilədə hər hansı bir qeyd şərt müəyyən edilə bilər. Bu zaman müqavilə şərtlə bağlanmış müqavilə hesab olunur. Hazırkı mübahisə predmeti olan müqavilə bağlanarkən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 1 nömrəli binanın, 14-cü mərtəbəsində yerləşəcək 122.1 kv.m mənzili ona verməyi öhdəsinə götürmüş, nəticədə iddiaçı həmin daşınmaz əmlakı 67155 manat dəyəri ödənilməklə cavabdehdən almışdır. İddiaçı hazırkı müqavilənin ləğvi kimi cavabdehin razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi (mənzili 3 il müddətində ona verməməsi) icra etmədiyini qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 22.09.2017-ci il tarixli müqavilədə belə bir qeyd şərt müəyyən edilməmişdir. Bu isə iddiaçının müqavilənin ləğvi üçün istinad etdiyi halların əsassız olması qənaətini qaçılmaz edir. Məhkəmə kollegiyası iddia tələbinin müqaviləyə görə cavabdeh "xxxx" MMC-yə ödədiyi 67155 manatın alınıb ona qaytarılması hissəsinə gəldikdə isə qeyd edir ki, müqavilənin ləğvi barədə iddia tələbi təmin edilmədiyindən, sözügedən müqavilə qüvvədə olduğundan pulun qaytarılması hissəsində iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması hissəsinə gəldikdə aşağıdakıları qeyd edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin dövlət rüsumu tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" MMC ilə İddiaçı Mövsüm oğlu arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə dair bağlanmış 22 sentyabr 2017-ci il tarixli, 2386 saylı mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, İddiaçı Mövsüm oğlu tərəfindən “AAAF-Park” yaşayış massivindəki Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 29 saylı küçədə inşa edilən 1 saylı yaşayış binanın, 14-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 113 nömrəli mənzilə görə ödənilmiş 67.155 manat, mənəvi zərərə görə 2000 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1407/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1407/2021
13.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver