Məhkəmə qərarları › İş №2(105)-1411/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1411/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1411/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-e-2(028)-648/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED markalı TV, “Mi Redmi” markalı qulaqlıq üçün 888 manat ödənilməmiş hissə və 88 manat cərimə borcu olmaqla, 976 manat borc və 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il müqaviləyə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED TV, “Mİ Redmi” qulaqlıq almış və nəticədə 976 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1450,8 manat (yəni 18 ay x 80,6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED TV, “Mİ Redmi” qulaqlıq üçün ümumilikdə 976 manat olmaqla ondan 888 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh “LG” LED TV-dən xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 282,2 manat qiymətləndirilmiş, cavabdeh İMEİ kodu **********37738 olan “X9 8” markalı telefondan xx.xx.2021-ci il tarixdə imtina etmiş və məhsul 200 manat qiymətləndirilmiş və borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 80,6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 482,2 manat, cəmi ödədiyi məbləğ 562,8 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Qubadlı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-e-2(028)-648/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” markalı LED TV, “Mİ Redmi” markalı qulaqlıq, üçün 888 manat ödənilməmiş hissə, 5 manat cərimə, 893 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-e-2(028)-648/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müqavilələri sadalamaqla kifayətlənmiş, halbuki həmin müqavilə bağlandıqdan sonra müqavilənin predmeti olan əşyalar iddiaçıya geri qaytarılmışdır. Lakin məhkəmə bu xüsusatların heç birini araşdırmamış və beləliklə ədalətsiz qətnamə qəbul etmişdir. O, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı “LG” markalı LED TV-dən xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 282,2 manat qiymətləndirilmiş, eləcə də İMEİ kodu **********37738 olan “X9 8” markalı telefondan xx.xx.2021-ci il tarixdə imtina etmiş və məhsul 200 manat qiymətləndirilmiş və borcundan silinmişdir. Beləliklə, iddiaçı təşkilatın iddia etdiyi bütün predmetlər cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Bundan əlavə məhkəmə qətnamədə bildirmişdir ki, ona ünvanlanmış məhkəmə bildirişi ünvanını düzgün olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Halbuki onun rəsmi ünvanı barədə məhəkəməyə dəqiq məlumatları vermək vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. İddiaçı təşkilat məhkəməyə bilərəkdən qəsdən yanlış ünvan vermiş və onun məhkəmə iclasında iştirakımın təmin olunmamasına nail olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20167564 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED TV, “Mİ Redmi” qulaqlıq almışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünə məxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Əlavədən (ödəniş cədvəlindən) görünür ki, müştəri ödənişləri ödəniş cədvəlinə uyğun olaraq hər ay (18 ay) 80,6 manat olmaq şərti ilə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED markalı TV, və “Mİ Redmi” markalı qulaqlıq adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED markalı TV, və “Mİ Redmi” markalı qulaqlıq üçün 888 manat ödənilməmiş hissə, 88 manat cərimə, 976 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “LG” LED markalı TV-dən xx.xx.2021-ci il tarixində imtina etmiş, məhsul 282,2 manat qiymətləndirilmiş, borcundan silinərək geri qaytarılmış və İMEİ kodu **********37738 olan “X9 8” markalı telefondan xx.xx.2021-ci il tarixdə imtina etmiş, məhsul 200 manat qiymətləndirilmiş, borcundan silinərək geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclu Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh MMCyə olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il müqaviləyə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED markalı TV, “Mİ Redmi” qulaqlıq almış və nəticədə 976 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1450,8 manat (18 ay x 80,6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED markalı TV və “Mİ Redmi” markalı qulaqlıq üçün ümumilikdə 976 manat olmaqla ondan 888 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh “LG” LED markalı TV-dən xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 282,2 manat qiymətləndirilərək borcundan silinmiş, daha sonra cavabdeh xx.xx.2021-ci il tarixdə İMEİ kodu **********37738 olan “X9 8” markalı telefondan imtina etmiş, məhsul 200 manat qiymətləndirilərək borcundan silinmişdir. Beləliklə, Cavabdehın xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” LED markalı TV, və “Mi Redmi” markalı qulaqlıq üçün 888 manat ödənilməmiş hissə və 88 manat cərimə borcu olmaqla, 976 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin edərək Cavabdeh xx.xx.2020ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37738 olan “X9 8” markalı telefon, “LG” markalı LED TV, “Mİ Redmi” markalı qulaqlıq, üçün 888 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, 893 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, sonradan əşyalar cavabdeh tərəfindən qaytarılmış, həmin əşyalar qiymətləndirilərək borcundan çıxılsa da, qalan borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmədə iştirakının təmin edilməməsini qeyd etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına prosesin vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin “ünvan düzgün deyil” qeydi yazılmaqla məhkəməyə qaytarıldığı məlum olur (i/v 24). Belə ki, cavabdehin müqavilədə göstərdiyi ünvanda yaşamamasının məsuliyyətini özü daşımaqla bu hal, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Eləcə də, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmədiyi üçün sübutları təqdim edə bilmədiyini bildirsə də, apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən zaman da iş üzrə əhəmiyyətli olan hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-e-2(028)-648/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar