Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1412/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(060)-124/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(060)-124/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdeh "xxxx" ASC-dən 630 (altı yüz otuz) manat dəymiş ziyan pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh "xxxx" ASC tərəfindən 80 (səksən) manat, İddiaçı isə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qəyt edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022ci il tarixli, 2(060)-124/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin “Şimal” RETSİ-dən ona dəymiş ziyan qismində 784 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 165 b nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrəli kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin əmlakın elektrik abunə kodu **********02203 kimi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixində işıq kabelinin calaq-calaq, yəni köhnə və yararsız olduğundan onun və qonşularının evlərinə paylanan işıq kabelinin 0 fazası fazadan ayrılmışdır. Lakin bu vəziyyətdə evlərdə sıfır fazasız işıq olmuşdur. Kabel xəttində yaranmış qusur nəticəsində gərginliyin anidən artması səbəbindən evində olan 250 AZN dəyərində duş kabinində jakuzinin matoru, 450 manat dəyərində qaynak aparatı, 18 manat dəyərində HP noutbukunun kabeli, 8 ədəd 40 manat dəyərində telefon adapter başlıqları, 8 manat dəyərində internet routerinin kabeli və 18 manat dəyərində Endezit soyuducunun relesi yararsız vəziyyətə düşmüşdür. Bu haqda Azərişıq "Şimal" X7 və Satış İdarəsi Sumqayıt şəhər bölgəsinə rəsmi surətdə müraciət edərək, satış idarəsindən komissiya təşkil edilib ona dəymiş ziyanın müəyyən edilməsini xahiş etmiş, onlar da öz rəylərini yazılı surətdə bildirmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh "xxxx" ASC verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 28 fevral 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbi üzrə təqdim edilmiş etirazda iddiaçının maddi zərərin hüquqi əsaslarını müəyyənləşdirməməsi həmçinin, zərərin həcminin heç bir sübutla əsaslandırılmaması məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Baxmayaraq ki AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iddiaçı sadəcə fotoşəkillər təqdim edərək ona məxsus avadanlıqların sıradan çıxmasını qeyd etmişdir. Lakin, həmin məhsulların ona məxsus olması və hamısının eyni vaxtda eyni səbəbdən sıradan çıxması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni vaxtda 8 ədəd telefon adapter başlığının, həmçinin notebookun özünün yox kabelinin elektrik cərəyanında olması məntiqə uyğun deyildir. Məhkəmə isə bunları nəzərə almamış, malların iddiaçıya məxsus olmasını və sırf həmin vaxtda eıeltrik enerjisinin artıb-azalması nəticəsində sıradan çıxmasını araşdırmadan birbaşa məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Həmçinin məhkəmənin və iddiaçının nəzərinə çatdırılmışdır ki, evlərin daxili elektrik sxemində fərdi torpaqlanma sistemi və yükə uyğun qoruyucu açar olmadığı üçün həmin ərazini elektrik enerjisi ilə təmin edən 10/0.4 kV-luq 151 saylı TM-dən çəkilmiş 0.4 kV-luq SİP kabel xəttinin zədələnmiş hissəsi korroziyaya uğrayaraq “0” xəttinin itməsi səbəbindən evlərdə bəzi elektrik avadanlıqları zədələnmişdir. Abonentlər məişət elekrik cihazlarını qabaqcadan proqnozlaşdırılması mümkün olmayan (fors-major) qəza hallarından qorumaq üçün mənzillərdə işlədicilərin gücünə uyğun qoruyucular quraşdırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “EEİQ”-nın 10.2.1-ci bəndinə uyğun olaraq baş verən hadisəyə görə enerji təchizatçı təşkilat məsuliyyət daşımır. Lakin, məhkəmə qeyd olunanlara münasibət bildirməmiş, onların rədd edilməsi üçün gətirilmiş dəlillər göstərilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 10.1-ci bəndinə istinad edərək hesab etmişdir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisini elektrik enerjisi ilə təmin edən 10/04 KV-luq 151 saylı TM-dən çəkilmiş 0,4 KV-luq SİP kabel xəttinin zədələnmiş hissəsi korroziyaya uğrayaraq “0” xətti ilə faza xətti arasında qısa qapanma yaratmış və “0"’ xətti itmişdir. Bu səbəbdən bir sıra evlərdə, o cümlədən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildə bəzi avadanlıqlar gərginliyin ani artması səbəbindən zədələnmişdir. Bu fakt tərəflərin izahatları, şahid ifadəsi, həmçinin "Şimal" X7 və Satış İdarəsinin 14 iyun 2021ci il tarixli, 0152-Ə-055/149 nömrəli məktubu ilə də təsdiq olunur. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165 saylı (fərdi yaşayış evi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. “Şimal” X7 və Satış İdarəsinin 14 iyun 2021-ci il tarixli, 01-52-Ə-055/149 nömrəli məktubundan görünür ki, Rafik Əmişikişiyevin müraciətinə cavab olaraq bildirilmişdir ki, ona və digərlərinə yaşadığı ərazini elektrik enerjisi ilə təmin edən 10/0.4 kV-luq 151 saylı TM-dən çəkilmiş 0.4 kV-luq SİP kabel xəttinin zədələnmiş hissəsi korroziyaya uğrayaraq “0" xətti ilə faz xətti arasında qısa qapanma yaratmış və “0” xətti itmişdir. Bu səbəbdən evlərin daxili elektrik sxemində fərdi torpaqlanma sistemi və yükə uyğun qoruyucu açar olmadığı üçün gərginliyin ani artması səbəbindən evlərdə bəzi elektrik avadanlıqları zədələnmişdir. Kabel xətti bərpa edilmiş və qüsur aradan qaldırılmışdır. Abonentlər məişət elektrik cihazlarını qabaqcadan proqnozlaşdırılması mümkün olmayan (fors-major) qəza hallarından qorumaq üçün mənzillərdə işlədicilərin gücünə uyğun qoruyucular quraşdırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 N-li Qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 10.2.1-ci bəndinə uyğun olaraq, baş verən hadisəyə görə enerjitəchizatçı təşkilat məsuliyyət daşımır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 9/8648 nömrəli rəyindən görünür ki, iddia ərizəsində göstərilən əşyaların-duş kabinində jakuzinin motoru, qaynaq aparatı, HP noutbukunun kabeli, 8 ədəd telefon adapter başlıqları, internet routerinin kabeli və Endezit soyuducunun relesinin nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 630 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. İşıq kabel xəttlərində qısa qapanma nəticəsində iddiaçının, onun və bəzi qonşuların evində məişət avadanlıqları zədələnmişdir. Bununla bağlı "xxxx" ASC-yə müraciət etmişdirlər. "xxxx" ASC-dən onlara dəymiş ziyanı ödəyəcəklərini bildirsələr də, onlara heç bir köməklik edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “X1ydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plobların qorunmasına və işçi vəziyyətdə saxlanlmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh "xxxx" ASC-dən 630 (altı yüz otuz) manat dəymiş ziyan pulun tutularaq İddiaçı ödənilməsi barədə nəticəyə gəlmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Ona görə də hazırki iş üzrə iddianın qiyməti 630 manat olduğuna görə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(060)-124/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1412/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1412/2022
29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver