Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1420/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e- 2(012)-251/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi onun anası Cavabdeh1 Əliqəmə qızının mülkiyyətində olmuş, həmin evdə o, anası və bacıları Sənubər və Nərminlə birgə yaşamışlar. Həmin dövrdə onun anası evin bir hissəsində qaynı Rəhman Dünyamalıyev və onun ailə üzvlərinə müvəqqəti yaşamaları üçün icazə vermişdir. O və bacıları ailə həyatı qurub sözügedən evdən köçdükdən, Rəhman Dünyamalıyevin isə vəfatından sonra anası Cavabdeh1 Əliqəmə qızı mülkiyyətində olan fərdi yaşayış evində cavabdehlərlə birgə yaşamaq məcburiyyətində qalmışdır. O və bacılarının sonradan əldə etdiyi məlumatlara görə anasının dəfələrlə cavabdehlərin evi tərk etmələrini tələb etməsinə baxmayaraq cavabdehlər təzyiq, təhdid və hədə-qorxu ilə evi tərk etməkdən imtina etmişlər. Anası Cavabdeh1 Əliqəmə qızı vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətinə keçmiş və o, öz növbəsində cavabdehlərdən həmin evi tərk etmələrini tələb etsə də, cavabdehlər bundan əsassız olaraq imtina etmişlər. Məlumat üçün bildirir ki, sözügedən ev onun atası tərəfindən anasının qızıllarını və yataqxanadakı evlərini satmaqla əldə edilən vəsait hesabına 2003-cü il tarixdə tikilmişdir və o, 2004-cü il tarixdən sözügedən evdə yaşayır. Evin tikintisi və təmirinə cavabdehlər tərəfindən heç bir vəsait sərf edilməmişdir. Göstərilənlər onun mülkiyyət hüquqlarının pozulmasını aydın şəkildə göstərir. Hesab edir ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, cavabdehlər ona məxsus olan evdən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdırılmasına sərf olunmuş 30.000 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən faktiki hallar həqiqəti əks etdirmir, iddiaçı təhrif olunmuş ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə bağlı bildirir ki, sözügedən ünvanda fərdi yaşayış evi təxminən 2000-ci ildə tikilməyə başlanmış, evin tikintisi atası Rəhman Dünyamalıyev tərəfindən aparılmışdır. Belə ki, torpaq sahəsi iddiaçının anası Cavabdeh1 Əliqəmə qızının adına olduğundan iki qardaş arasında olan razılaşmaya əsasən tikintinin bütün məsrəflərini atası qarşılamış, ev hazır olduqdan sonra hər iki ailə köçərək orada yaşamağa başlamışdır. İddiaçının atası Mətləb Dünyamalıyev təxminən 2-3 il həmin ünvanda yaşamış, sonra dünyasını dəyişmişdir, Əmisinin sağlığında ailələr arasında heç bir narazılıq olmamışdır. Lakin müəyyən müddət keçmiş, iddiaçı ünvanı adına rəsmiləşdirdikdən sonra onlara həmin ünvandan çıxmaq barədə tələblər irəli sürməyə başlmışdır. O, iddiaçıya onların valideyinləri arasında olan razılaşmadan bəhs edərək, onların yaşamağa başqa ünvanları olmadığını bildirməyinə baxmayaraq iddiaçı israrla evdən çıxmalarını tələb etməkdə davam etmişdir. Bunun əvəzində iddiaçı heç bir razılaşmaya gəlməmiş, heç bir kompromisdən danışmamışdır. Ailələr arasındakı razılaşmanı pozan iddiaçı hüququndan sui-istifadə edərək onları küçəyə atmağa çalışır. Belə olduğu halda o, iddiaçıya qarşı qarşılıqlı iddia verərək fərdi yaşayış evinin tikintisinə, təmirinə və abadlaşdınlmasına sərf etdikləri pul vəsaitini məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Sözügedən fərdi yaşayış evi iki hissədən ibarət olmaqla, bir hissəsində onların ailəsi, digər hissəsində isə iddiaçıgil yaşayırlar. Evin onlara aid olan hissəsi iki otaq və bir zaldan ibarətdir, ayrıca mətbəxi də mövcuddur, ərazisi təxminən 0,02 hektardır. Keçən il həmin evin təmirinə və abadlaşdınlmasma təxminən 15.000 manata yaxın vəsait sərf etmişdir. Belə ki, yeni tualet-hamam tikilmiş, mətbəxdə təmir işləri aparılmışdır. Onun hesablamalarına görə evin onlara aid olan hissəsinin pul ilə əvəzlənməsi 30.000 manata uyğun gəlir, həmin vəsait müqabilində o və anası yaşamaq üçün hansısa bir yerə məskunlaşa bilərlər. Onu da vurğulayır ki, mübahisəli evin tikintisinin atası tərəfindən aparıldığını, vəsaitin əksər hissəsinin atası tərəfindən sərf olunduğunu təsdiq edən şahidlər vardır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusu olmuşdur. İddiaçı 2003-cü il tarixdə yataqxanadakı evini satmış və əldə edilən ev ilə hazırki ev tikilmişdir. Eyni zamanda, Cavabdeh1 ilə də eyni iş yerində işləmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, İddiaçı xalasıdır. Ev tikilməzdən öncə iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Quşçuluq fabrikində yerləşən yataqxanada qalmışlar. Mərhum anası hazırki fərdi yaşayış evinin tikildiyi torpaq sahəsini bacısı Nargilə Əhmədovaya bağışlamışdır. Bacısının həyat yoldaşı rəhmətə getdikdən sonra cavabdehlər müvəqqəti olaraq bacısı ilə yaşamağa başlamışlar. Evin tikintisinə Rəhman Dünyamalıyev və qardaşları köməklik göstərsə də, ev Mətləb Əhmədov, yəni bacısının həyat yoldaşı üçün tikilmişdir. Evin tikintisinə cavabdehlər heç bir maddi vəsait sərf etməmişlər. Ev tikildikdən sonra isə evin təmirini mərhum bacısı Nargilə etmişdir. Məlumat üçün bildirir ki, cavabdehlər evdən çıxmaqdan imtina etdikləri üçün, evi 25000 manata satmağı təklif etsələr də, bu təklif ilə razılaşmamışlar. Eyni zamanda, Rəhman Dünyamalıyevin marketi olsa da, iflas etmiş və belə olan vəziyyətdə evi tikmək üçün, maddi vəsaiti Dünyamalıyev Rəhmanın qoyması tamamilə uydurmadır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 doğma əmisidir. Mübahisə predmeti fərdi yaşayış evini mərhum qardaşı Cavabdeh2 tikmişdir. X6rdaşına müraciət edərək, həyat yoldaşına pay torpaq verildiyini, lakin maddi imkanı olmadığı üçün, birlikdə ev tikməyi təklif etmişdir. Mətləb Dünyamalıyev 2003-cü il tarixdə rəhmətə getdikdən sonra, Mətləbin ailəsinin başsız qalmaması üçün, cavabdehlər mənzilə köçərək, yaşamağa başlamışlar. Evin tikintisində o, şəxsən iştirak etmiş, tikintiyə dair bütün vəsait isə qardaşı Rəhman tərəfindən qoyulmuşdur. Fərdi yaşayış evinin əvvəl ümumi girişi olmuş, daha sonradan isə girişlər ayrılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, iş üzrə hər iki tərəfi 2000-ci ildən bəri tanıyır. Evin tikintisinə dair bütün vəsait Rəhman tərəfindən verilmiş, Mətləb Dünyamalıyev isə axşamtərəfi işdən sonra tikintiyə baş çəkmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 2000-ci il tarixindən mübahisə predmeti olan fərdi yaşayış evinin qonşuluğunda yaşayır. Cavabdehlər 2000-ci il tarixdən fərdi yaşayış evində yaşamışlar. O, qonşuluqda qalmağa başlayanda Rəhman Dünyamalıyev evin tikintisinə başlamış, lakin torpaq isə iddiaçının anasının adına olmuşdur. Rəhman Dünyamalıyev dükanı sataraq, əldə etdiyi vəsait hesabına evi tikməyə başlamışdır. Ev tikilən zaman iki ailənin yaşaması üçün nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, Saray qəsəbəsi təzə məhəllə ünvanında 1999-cu il tarixindən yaşayır və tərəflərlə qonşudur. X15, Rəhman Dünyamalıyev və Rəhmanın 4 qardaşı tikmişdir. Ev iki ailə üçün tikilmişdir və iki hissəyə ayrılmışdır. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(012)-251/2023 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən edilərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması, ilkin iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(012)-251/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə tanış olarkən Azərbaycan Respublikası MPM-nin və Mülki Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edildiyi qənaətinə gələrək qətnamədən şikayət etmək qərarına gəlmişdir. Qətnamənin əsaslandırıcı hissəsində hakim Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad edərək mülkiyyətçinin hüquqlarını sadalamış, növbəti abzasda ilkin iddianın qismən təmin edilməli olduğunu yazmışdır. Daha sonra məhkəmə AR Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenum Qərarına istinad edərək iş üzrə tərəflərin izahatlarının yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilməsini göstərmişdir. Halbuki, məhkəmədə şahid qismində izahat verən şəxslər işin faktiki hallarına uyğun məlumatlar vermişlər, bundan əlavə iş üzrə təyin olunacaq ekspertiza onlar tərəfindən dəvət olunan şahidlərin izahatlarının həqiqəti əks etdirdiyini asanlıqla müəyyən edə bilərdi. AR Mülki Məcəlləsinin 157.6-cı maddəsində göstərilir ki, istər vicdanlı, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsində göstərilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hesab edir ki, məhkəmə yanlış nəticəyə gələrək onlar tərəfindən təqdim olunan mötəbər və legitim sübutları nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, həmçinin ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin fərdi yaşayış evini cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin fərdi yaşayış evindən istifadə edə bilmir və bu hal mülkiyyətçi kimi iddiaçıya qanunla tanınan hüquqlarını həyata keçirilməsinə maneə yaratmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə fərdi yaşayış evinə dair hər hansı hüquqları mövcud olmadığından onların mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi ilk iddia tələbini haqlı olaraq təmin etmişdir. Bundan əlavə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19 yanvaro 2015-ci il tarixli, 1(012)-54/2015 nömrəli qərarından görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 Əliqəmə qızı ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl əri vəfat etdikdən sonra o, azyaşlı qızları ilə tək qalmamaq məqsədi ilə Sumqayıt şəhərində yaşayan qaynı Rəhmanı ailəsi ilə birlikdə öz həyətində yaşamağa dəvət etmiş, 2014-cü ildə Rəhman vəfat etdikdən sonra sonuncunun arvadı ilə münasibətləri korlanmış və mütəmadi olaraq aralarında mübahisələr yaranmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında Cavabdeh1 Əliqəmə qızının həyat yoldaşı, yəni qaynı Mətləb Dünyamalıyev vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçdüklərini bildirmişdir. Məhkəmə kollegiyası, qarşılıqlı iddia tələbinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində “sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin təxminən 2000-ci ildə tikilməyə başlandığını, evin tikintisinin atası Rəhman Dünyamalıyev tərəfindən aparıldığını, keçən il həmin evin təmirinə və abadlaşdınlmasına təxminən 15.000 manata yaxın vəsait sərf etdiklərini, onun hesablamalarına görə evin onlara aid olan hissəsinin pul ilə əvəzlənməsi 30.000 manata uyğun gəldiyini” qeyd etmiş və bunların şahid ifadələri ilə təsdiq olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh evin tikintisinin atası Rəhman Dünyamalıyev tərəfindən aparıldığını, həmin evin təmirinə və abadlaşdınlmasına təxminən 15.000 manata yaxın vəsait sərf etdiklərini qeyd etsə də, bununla bağlı istər birinci instansiya məhkəməsinin araşdırması zamanı, istərsə də apellyasiya baxışı zamanı hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası şahid ifadələrinə gəldikdə isə qeyd edir ki, bu ifadələr qarşılıqlı iddia tələbinin “evin tikintisinin cavabdehin atası Rəhman Dünyamalıyev tərəfindən aparılması, Cavabdeh2 tərəfindən isə həmin evin təmiri və abadlaşdırılması işlərinin aparılması” hissəsində əsaslı olması baxımından sübut əhəmiyyətli ifadələr kimi qiymətləndirmir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası iş üzrə şahidlərin ifadələrinə qiymət verərək hesab edir ki, şahid ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi Cavabdeh2 qarşılıqlı iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(012)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1420/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1420/2023
14.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver