Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1420/2024 04.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli, 317723 nömrəli akt əsasında hesablanmış 621,32 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəliklə Quba rayonu, 1-ci Nügədi kədində yaşayır. 2023-cü ilin dekabr ayında Cavabdeh ASC-nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri onun yaşadığı evə gələrək məlum olmayan hansısa güya əlavə elektirik xətti aşkarlayaraq onu 621 manat 32 qəpik EİQ pozulması cərimə yazaraq getmişlər. Onun yaşadığı evin sayğacına yazılan cərimə məbləği ona bildiriş veriləndən sonra bəlli olmuşdur. Cavabdeh ASC-nin X2 1-ci Nügədi kəndi üzrə nəzarətçiləri onun sayğacına baxdıqları və araşdırma apardıqları 2023-cü ilin dekabr ayında heç bir pozuntu aşkar etməyiblər. Bu barədə 317723 nömrəli akt tərtib olundu. Bu barədə o Quba rayon Azərişiq idarəsinə gedib bildirmişdir ki, ona yazılan cərimə əsassızdır onun yaşadığı evdə heç bir əlavə xət qoşulmayıb. Azərişiq idarəsinin əməkdaşları onu illik səyfiyatına baxaraq və yaşadığı evinə baxaraq həqiqətən heç bir pozuntu aşkar olmadığını bildirmişlər. Daha sonar isə yazılan cərimənin düz olmadığını və məhkəməyə müraciət etməyini bildirmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Onun yaşadığı evdə quraşdırılan sayğac çöldə olsa da sayğacdan əlavə hec bir xətt evinə çəkilməyib. Bütün bunlara baxmayaraq heç bir sübutları olmayan Cavabdeh ASC-nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri onun yaşadığı evə özlərində şübhə yaradaraq güya evinə əlavə elektirik xətti olmasını sübutsuz öz-özlərinə danışaraq qeyd etdilər. Halbu ki, onun evinə heç bir əlavə elektirik xət qoşulmayıb, bütün illərin sərfıyyatına baxış keçirilsə demək olarki, bu il əvvəlki illərlə eyni sərfiyyatdır.
3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı X4 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli, 317723 nömrəli akt əsasında hesablanmış 621.32 manat borcun silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçı X1 "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 24 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus elektrik hesabat sayğacına EEİQ-nin uyğun baxış keçirilərkən məlum oldu ki, fərdi yaşayış evinə sayğacdan kənar 2x4 mm-lik aliminum naqil ilə dayağın boş hissəsindən kənar xətdən istifadə edir. Bu faktla əlaqədar 317723 saylı akt əsasında 609 manat məbləğində itirilmiş elektrik enerjisinin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarfnın (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndirıə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkaının 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi təmin edlməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı "xxxx" ASC tərəfindən onun istehlakçı kimi hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, iş hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. 2023-cü ilin dekabr ayında cavabdeh "xxxx" ASC-nin X3 Nügədi kəndi üzrə nəzarətçiləri həmin kənddə yerləşən yaşadığı evə gələrək, heç bir əsas olmadan guya hansısa bir sayğacdan kənar xətt aşkarlandığı barədə akt tərtib edərək, dəymiş ziyanın bərpası haqqında akt yazmışlar və ona məxsus abonent kodu üzərinə 621,32 manat borc hesablamışlar. Bu məbləğdən bildiriş gələndə xəbər tutmuş, bununla əlaqədar X5 müraciəti etdiyində, illik sərfiyyatı yoxladıqdan sonra, həmçinin 2023-cü ilin dekabr ayında və ümumiyyətlə heç vaxt heç bir pozuntu aşkar edilmədiyi halda aktın və hesablanmış borcun müəmmalı, daha doğrusu əsassız olduğu bildirilmişdir. Bu borcu idarə özü silə bilmədiyindən məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Elektrik enerjisindən qeyri-qanuni istifadənin olmadığını təsdiq edən illik sərfiyyatları əks etdirən sənədlərə baxılmamışdır. Ödənişləri barədə saldodan və sərfiyyatdan onun heç bir kənar xəttdən istifadə etmədiyi aydın olsa da cavabdeh təşkilatın tərtib etdiyi akt əsasında məxsus elektrik abonenti kodu üzərinə əsassız borc hesablanmışdır. İşə baxılıb hazırki qətnamə qəbul edilərkən yalnız "xxxx" ASC-nin subyektiv mülahizələrinə əsaslanmış, konkret elektrik enerjisindən qeyri-qanuni istifadə olunması halının mövcudluğu təsdiq edilmir. Beləliklə məhkəmə tərəfindən, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, sayğacdan kənar hər hansı qoşulma olmayıb, müdaxilə etməyib. Həmin vaxtlar evdə olmayıblar, arvadı xəstə olub, 2024-cü ilin martın 31-də vəfat etmişdir. İdarə rəhbərinin qəbulunda olanda aktı tərtib edən əməkdaşın qanunsuz hərəkətlərinə görə işdən çıxma barədə ərizəsinin olduğunu ona bildirilib. Başqa şəxslərə qarşı da belə hərəkətlər edib. Arvadı uzun müddət, son 4 il onkoloji xəstə olduğuna görə Bakı və Sumqayıt şəhərində yaşayıblar. Həmin vaxtlar evdə yaşayış olmayıb, bəzən gəlib 1-2 gün evdə yaşayıb, geri qayıdıblar. Buna görə sərfiyyat az olub. 2023-cü ilin sonunda müalicələrin xeyri olmadığına görə geri qayıdaraq həmin evdə yaşayıblar. Bundan sonra elektrik enerjisinin sərfiyyatı artmışdır.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. 24 dekabr 2023 il tarixli, 317723 nömrəli aktdan görünür ki, EEİQ-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğacdan kənar 2x4 mm 2 alminium naqil ilə dayağın boş hissəsindən kənar xəttdən istifadə edir.
13. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 100 gün üçün 3kvt x 24s x 100 gün=5040 kvts, 660 kvts x 0,08=57,80 manat, 330 kvts x 0,09=29,70 manat, 4050 kvts x 0,13=526,50 manat, cəmi 609 manat zərər müəyyən edilmişdir.
14. Abunə haqqında məlumatlardan görünür ki, iddiaçıya məxsus evdə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatı xx.xx.2024-cü il tarixdə 337 kvt- 26,96 manat, xx.xx.2024-cü ildə 462 kvt-36,96, xx.xx.2024-cü ildə 438 kvt-35,04 manat müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə Qaydaları:
7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
16. Mülki Prosessual Məcəllə
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
17. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən sayğaca kənar müdaxilə olmuş, kənar xətt çəkilərək elektrik enerjisindən istifadə edilmişdir. Bu hal təqdim edilmiş abonenti saldosu ilə də təsdiqini tapmışdır. Təqdim edilmiş saldodan görünür ki, sayğaca kənar müdaxilə ilə bağlı qoşulmaya barədə akt tərtib edilənədək iddiaçının elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyatı aşağı olmuş, akt tərtib edildikdən sonra isə sərfiyyatda kəskin artım olmaqla, 2024-cü ilin yanvar ayı üzrə 350 kvt, fevral ayı üzrə 462 kvt, mart ayı üzrə isə 438 kvt olmuşdur. 2024-cü ilin yanvar ayına kimi isə 2023-cü ilin dekabr ayında 45 kvt, noyabr ayında 31 kvt, oktyabr ayında 37 kvt, olmaqla 2023-cü il üzrə ümumilikdə 1559 kvt olmuşdur. Halbuki, 2024-cü ilin ilk 3 ayı üzrə istifadə edilmiş elektrik enerjisinin həcmi 1250 kvt olmuşdur ki, qeyd edilən hal iddiaçının sayğacdan kənar elelktrik enerjisindən istifadə etdiyini təsdiq etmişdir.
20. Məhkəmə kollegiyası iddiaçının arvadının xəstəliyi ilə əlaqədar son illər ərzində Bakı və Sumqayıt şəhərində yaşamaları, həmin evdə yaşamamaları səbəbindən sərfiyyatın aşağı olması barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin dəlilləri təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən şəxsin xəstəliyi ilə əlaqədar qısa müddət ərzində başq yerdə müəqqəti yaşanılması mümkün olan hal olsa da, bu halın aylarla, illərlə davam etməsi ağlabatan hesab edilə bilməz.
21. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sayğaca xəttdən kənar qoşulmaqla elektrik enerjisindən qanunsuz istifadə edilməsi təsdiqini tapsa da cavabdeh müəssisə tərəfindən itirilmiş elelktrik enerjisinin həcminin müəyyən edilməsi üçün məhz 100 gün üçün hesablama aparılması anlaşılan olmamışdır. Belə ki, qanunsuz qoşulmanın və ya paylayıcı qurğulara sonuncu baxış tarixinin aktın yazılmasından 100 gün əvvəl olması iş materialları ilə müəyyən edilməməkdədir. Həmin müddət isə 3 aylıq müddətə uyğun gəlir. Qeyd edilənlər nəzərə alındıqda isə məhkəmə kollegiyası hesab edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17 və 8.17-1-ci bəndlərinin tələblərinə müvafiq olaraq 3 aydan çox olmayan dövrə görə hesablama aparılmalı idi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 10 gün üçün artıq hesablanmış zərərin əvəzi, yəni 60,9 manat məbləğində pul abonentin hesabından silinməlidir.
22. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli, 317723 nömrəli Akt əsasında hesablanmış 60,9 manat məbləği əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinməlidir. 23.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-857/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli, 317723 nömrəli akt əsasında hesablanmış 609 (altı yüz doqquz) manat zərər məbləğinin 60,9 (altımış manat, 90 qəpik) manatı iddiaçıya məxsus abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.