Məhkəmə qərarları › İş №2(105)-1421/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1421/2022

18.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1421/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və pul tələbinə dair Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-596/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akta görə hesablanmış 864,4 manat borcun silinməsi və ödənilmiş 550 manat pulun **********00540 nömrəli abonent koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akta görə hesablanmış 863,4 manat borcun silinməsi və ödənilmiş 550 manat pulun **********00540 nömrəli abonent koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Hökməli kəndində fərdi yaşayış evində yaşayır. Evinə təbii qazdan istifadə üçün smart tipli sayğac quraşdırılmış, sayğac evin həyət divarının çöl tərəfinə yerləşdirilmişdir. Yalnız bu yaxınlarda həmin sayğac mexaniki sayğacla əvəz edilərkən ona məlum olmuşdur ki, cavabdeh müəssisə tərəfindən ona 2018-ci ildən 863,4 manat cərimə hesablanmışdır. Halbuki, onun sözügedən cərimədən, həmin cərimənin tətbiq edilmə əsası olan aktdan heç bir məlumatı olmamışdır. Belə ki, o, smart karta yüklədiyi pul məbləğinə uyğun təbii qazdan istifadə etmiş, hesabından tutmalar aparıldıqca isə illik limitin keçdiyini düşünmüşdür. Yalnız bu yaxınlarda müəyyən olunmuşdur ki, cavabdeh müəssisənin əməkdaşları onun yaşadığı ünvan üzrə 31 yanvar 2018-ci il tarixdə sayğaca baxış keçirmiş, kənar xətdən qeyri-qanuni istifadə aşkar etmiş və 863,4 manat zərər hesablanmışdır. Halbuki, o heç vaxt qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə etməmiş, baxış keçirilməsi, aktın tərtib olunması zamanı onun iştirakı təmin edilməmişdir. İndiyədək ödədiyi təxminən 550 manat pul bu əsassız cərimənin silinməsi istiqamətində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-596/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00540) dair hesablanmış 863,40 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 manat pulun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir ( hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-596/2022 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında müvafiq olaraq xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təşkil olunmuş və müvafiq komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. xx.xx.2018-ci il tarixli Tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4317 m³ təşkil etmişdir. Hesablanmış 863,40 (səkkiz yüz altmış üç manat qırx qəpik) manat məbləğində dəymiş ziyan müvafiq olaraq 2018-ci ilin yanvar ayından könüllü ödəməsi üçün abonentin **********00540 saylı koduna yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Bu barədə birinci instansiya məhkəmə iclası zamanı izahatında, suallara cavab olaraq da dəfərlərlə qeyd etmişlər. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Cavabdeh həmçinin qeyd edir ki, **********00540 saylı abonent kodu verilmiş yaşayış sahəsi Cavabdeh ilə abonent İddiaçı arasında bağlanmış “Qazın alqı-satqısı barədə müqavilə”yə əsasən təbii qazla təchiz edilmiş və həmin fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Müqavilə imzalanmadan yaşayış sahəsinin təbii qazla təchiz edilməsi mümkün deyildir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə hüquq və vəzifələr (mülki-hüquqi münasibətlər) yaratmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 2018-ci ildə tərtib olunmuş aktı imzalamasından imtina etməsi ilə müəyyən olunur ki, cavabdehin həmin tarixdən xəbəri olmuşdur. Bununla əlaqədar birinci instansiya məhkəməsi Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətini səhvən tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-596/2022 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, xx.xx.2018-ci ildə (həmin hərəkətin yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır) İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi evə quraşdırılmış **********00540 abunə kodlu sayğac yoxlanılmış və yoxlama zamanı “kənar xətt, sayğacdan kənar qeyri-qanuni istifadə” müəyyən edilmişdir (həmin akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır). Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən həmin akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “4317 kubmetr” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* №-li Aktdan və “istehlakçı” İddiaçı adına olan **********00540 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, “sayğacdan kənar istifadə” səbəbindən itirilmiş qazın miqdarı “4317 kubmetr” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 863,4 manat məbləğində borc hesablanmışdır. Lakin İddiaçı Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktların mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mübahisənin müqavilə tələbləri ilə bağlı olması və buna görə də abonent tərəfindən 3 illik iddia müddətinin ötürülməsi barədə Cavabdeh ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu ərizə əsassızdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki tələb qaz xəttinə qeyri-qanuni qoşulmanı təsdiq edən aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi barədədir, yəni tərəflər arasındakı hüquq münasibətləri onlar arasında imzalanmış müqavilə nəticəsində deyil, müqavilədənkənar öhdəlik nəticəsində yaranmışdır. Bu kateqoriya mübahisələrə isə ümumi iddia müddəti şamil olunur ki, bu halda iddiaçının həmin müddəti ötürmədiyi məlum olur. Birinci instansiya məhkəməsi iddia tələbinin 550 manat pulun iddiaçının abonent koduna əlavə edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhz 550 manat pulun borcun silinməsinə xərclənməsi sübuta yetirilməsə də, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 863,4 manat borc hesablandıqdan sonra iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə pul ödənişləri həyata keçirilmişdir. Hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, akt əsasında hesablanmış 863,4 manat cərimənin silinməsi, özü-özlüyündə, cərimə üçün ödənilmiş 550 manat pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etməmişdir və həmin məbləğin iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalı olduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbinin 31 yanvar 2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında cərimə məbləği hesablanmış və abonentin könüllü ödəməsi üçün **********00540 nömrəli koduna yerləşdirilmişdir. Lakin həmin cərimənin ödənilməsindən abonentin xəbəri olmamışdır. Apellyasiya şikayətində qeyd olunan iddiaçı tərəfindən qazdan özbaşına qoşulma hallarının olması, 2018-ci ildə cavabdehə dəymiş ziyanı sübut edən hallar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilinə görə iddiaçı yuxarıda qeyd olunan akt əsasında hesablanmış borcdan məlumatı olmuş, əvvəl akt əsasında hesablanmış borcla razılaşmış, yalnız iddia müddəti keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, tərtib olunmuş akta abonentin imzalamaqdan əvvəlcə imtina etməsi, sonra isə həmin akta əsasən hesablanmış borcla razılaşmasının özü məntiqə uyğun deyildir.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan akta əsasən borcun hesablanması barədə abonentə heç bir rəsmi məlumat verilməmiş, iddiaçı isə həmin borcdan məlumatı olan kimi hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin maddənin tələbinə əsasən məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə hazırkı apellyasiya şikayəti əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-596/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar