Məhkəmə qərarları › İş №2(105)-1421/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1421/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1421/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun qanunsuz açılmış kodla birlikdə adından silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1327/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktın surətindən görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacsız rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

2. Cavabdeh 26 fevral 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda PQ-4 ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlkü iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 48 kv-lik kombinin sisteminin maksimal saatlıq qaz sərfi 5.1 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Sacın maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli, ******* saylı akt olmuşdur.

3. **********01400 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı oğuna 2024-cü il üçün 4717,44 manat borc cərimə hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ akt əsasında hesablanmış 4717 (dörd min yeddi yüz on yeddi) manat 44 qəpik cərimənin və adına qanunsuz açılmış **********01400 saylı abonent kodunun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB X4 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 26 fevral 2024cü il tarixdə, oğlu Nümayəndə1 Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, özünə məxsus, hazırda da təmir işləri gedən fərdi yaşayış evinin qarşısına gələrək, orada qanunsuz təbii qaz xətti axtarışı ilə məşğul olublar. Bu barədə ona oğlu Tərlanın qonşuları telefonla zəng edərək məlumat verdilər. O, da tez bir zamanda özünü ora çatdırıb. Cavabdeh İB X4 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları ona bu evdə qanunsuz təbii qazdan edildiyini bildiriblər. O cavabında bildirdib ki, “Bu ev təmirdədir, burada evi təmir edən ustalar vaxtaşırı işləyir və yaşayış yoxdur.” Söhbət vaxtı onların küçə divarının dibini qazdıqlarını görüb. Onlar ondan şəxsiyyət vəsiqəni istəyiblər, o da verib. Bir müddət sonra bilib ki, şəxsiyyət vəsiqəsi ilə onun üçün qanunsuz olaraq **********01400 saylı abonent kodu açılıb. 4717 (dörd min yeddi yüz on yeddi) manat 44 qəpik cərimə yazılıb. Nəzərə çatdırır ki, o Cavabdeh İB X4 İstismar İdarəsinə heç bir halda abonent bazasında qeydiyyata düşüb, kod açılması barədə müraciət etməmişdir. Cavabdeh İB X4 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsindən Təbii qazın alqı-satqısı barədəə müqavilə tələb etsə də, ona təqdim etmirlər. Hesab edir ki, qanunsuz olaraq ona məxsus olmayan mülkiyyət üzərində tərəfindən onun xəbəri olmadan başqasının mülkiyyətinə məcburi sahiblənmə hüququ təmin olunub. Belə ki, həmin torpaq sahəsi, həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evi Nümayəndə1 məxsusdur (torpaq sahəsinin, həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin layihə sənədlərinin surətləri iddia ərizəsinə əlavə edilir) O, Quba rayonunun Barlı kəndində qeydiyyatdadır və ailəsi ilə orada yaşayır. Oğlu Tərlan da öz ailəsilə Quba rayonu Zərdabi qəsəbəsində 0.06 ha torpaqda tikdirdiyi evdə təmir işləri getməsi səbəbiylə onlarla birlikdə yaşayır (evdə yaşayış olmaması və təmir işləri getməsi barədə qonşuların imza etdiyi Quba RİH-nin Zərdabi qəsəbəsi üzrə nümayəndəsinin təsdiq etdiyi aktın surəti iddia ərizəsinə əlavə edilir). Evdə apardıqları video və foto çəkilişlərdən görünür ki, evin içi təmirsizdir, yaşayışa uyğun deyil, təmir işləri aparılır. Evdə qızınmaq və suvaq örtüyünün qurudulması üçün elektrik peçlərindən və odun sobasından istifadə edilib (fotolar və videolar iddia ərizəsinə əlavə edilir), suyun qızdırılıması üçün isə 100 litrlik Ariston su qızdırıcısından istifadə olunub və həmin Ariston suyun isti qalması məqsədilə daimi elektrik şəbəkəsinə qoşulu vəziyyətdə olub. Evdə video görüntülərdən də göründüyü kimi içməli su xətti belə yoxdur. Ustalar işləyərkən onlar üçün çay-çörək hazırlanmasına görə onun evindən su qablarında içməli suyu bu evə oğlu Tərlan gətirib. Bu qanunsuz yazılmış 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilir ki, “Abonentin mənzilinə baxış keçirərkən sayğacsız rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu”. Bu aktda yazılan bəzi səhvlər barədə məlumat vermək istərdi: Cavabdeh İB X4 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşlarının etdiyi video çəkilişdə görünür ki, heç bir rezin boru yoxdur (video görüntü iddia ərizəsinə əklavə edilir); tikili fərdi yaşayış evi olduğu halda mənzil kimi yazılıb; fərdi yaşayış evinin heç bir otağında çəkiliş aparılmadığı halda (bu barədə heç bir çəkiliş və sübut yoxdur) aktda şablon qaydada müxtəlif qaz işlədici avadanlıqları qeyd ediblər, hansı ki, bunların heç biri evin içərisində mövcud deyil. Təəssüf ki, hesablanma yuxarıda qeyd etdiyi kimi əsassız yazılan qaz işlədici avadanlıqlara görə hesablanır. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesabladığı borcla və qanunsuz açılmış **********01400 saylı abonent kodunun açılması ilə aşağıdakı əsaslarla razılaşmır. Onun üçün qanunsuz olaraq **********01400 saylı abonent kodu açılıb, 4717 (dörd min yeddi yüz on yeddi) manat 44 qəpik cərimə yazılıb. O, Cavabdeh İB. X4 İstismar İdarəsinə heç bir halda abonent bazasında qeydiyyata düşüb, kod açılması barədə müraciət etməmişdir. “Azəriqaz" İB X4 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsindən Təbii qazın alqı-satqısı barədəə müqavilə tələb etsə də ona təqdim edilmir. O, Quba rayonunun Barlı kəndində qeydiyyatdadır və ailəsi ilə orada yaşayır. Zərdabi qəsəbəsində torpağı və evi yoxdur. Beləliklə hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış borc və qanunsuz açılmış **********01400 saylı abonent kodu əsassızdır, silinməlidir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstəmişdir ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı Quba Rayon Məhkəməsində iddia qaldıraraq barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 4717,44 manat ziyan məbləğinin və adına qanunsuz açılmış **********01400 saylı abonent kodunun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin işçiləri 26 fevral 2024-cü il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində qaz xətlərinə baxış keçirən zaman ana xətdən İddiaçı Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən evinə qeyri-qanuni boru ilə yeraltı, gizli qaz xəttinin çəkildiyi və həmin evdə təbii qazdan sayğacsız istifadə edildiyini müəyyən etmişlər. Bu hal Quba xidmət sahəsinin və Xaçmaz RQİİ-nin ƏSQN şöbəsinin işçiləri tərəfindən video çəkiliş aparılaraq diskə köçürülmüş, İddiaçı barəsində “Qazdan istifadə Qaydaları”nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin ev abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydə alınmadığından İddiaçı adına **********01400 saylı kod açılmış və itirilmiş qazın bərpası üçün hesablanmış 39312 m3 və ya 4717,44 manat ziyan məbləği bu koda işlənilmişdir. İddiaçının evində qanunsuz xətlə təbii qazdan istifadə halı aşkar edilən zaman həyətin dəmir darvazası və qapısı bağlı olduğu üçün içəri daxil olub qaz işlədici cihazların video çəkilişini aparmaq mümkün olmamışdır, lakin torpağın altı ilə gizli çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Digər tərəfdən həmin evdə gündəlik yaşayış olmaya bilər. Lakin fevral ayında ustalar tərəfindən evin divarlarına suvaq vurulursa, deməli həmin suvağın qurudulması üçün təbii qazdan istifadə olunub. Təbii qazdan qanunsuz istifadə halı aşkar olunubsa, bu istifadəni ev sahibi və ya evdə işləyən ustalar tərəfindən həyata keçirilməsindən asılı olmayaraq itirilmiş qazın bərpa edilməsi üçün ziyan ev sahibi üçün yazılır. Buna görə də İddiaçı adına **********01400 saylı kod açılmışdır. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir.

7. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1327/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilmiş, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv edilmiş və həmin tələbnaməyə əsasən hesablanmış 4717,44 (dörd min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat məbləğində borcun İddiaçı **********01400 saylı abonent hesabından silinməsi və 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə (sayğac ümumiyyətlə olmamışdır) müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qaz xəttinə müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 4717,44 (dörd min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrətəlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qazsayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. İddiaçı evində olan qaz istifadə qurğularının nominal qaz sərfi, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

18. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

19. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

20. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

21. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

35. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməmişdir. Buna görə də, cavabdeh təşkilatın zərər məbləğini iddiaçının adına bu məqsədlə məhz müqavilə bağlamadan həmin gün açdığı abonent hesabına borc qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur.

37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının 4717,44 manat məbləğində borcun silinməsi ilə bağlı iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamənin ləğv edilməsi tələbini irəli sürmədiyi halda məhkəmə iddia tələbindən kənara çıxaraq itirilmiş təbii qazın həcmini müəyyən edən həmin tələbnaməni ləğv etmişdir.

39. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

40. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

41. MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1327/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamənin ləğv edilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1327/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamənin ləğv edilməsi hissəsində ləğv edilsin. Qətnamə - xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış 4717,44 (dörd min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat məbləğində borc İddiaçı **********01400 saylı abonent hesabından silinməsi hissəsində dəyişdirimədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar