Məhkəmə qərarları › İş №2(105)-1422/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1422/2024

14.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1422/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-934/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Babayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh1 arasında 12 oktyabr 2021-cü il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində Quba rayonu Ağbil kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən ümumi sahəsi 86 kvm yaşayış evi olmuş, qeyd edilən torpaq və ev onların paylı mülkiyyətidir. Qeyd edilən 0,13 ha torpağı və həmin torpağda yerləşən 86 kvm sahəsi olan yaşayış evinin İddiaçı1 oğlu, İddiaçı2 qardaşı Cavabdeh1 xx.xx.2021-cü il tarixdə Quba Regional “Asan Xidmət” Mərkəzində olan Notariusda aldatma yolu ilə bağışlamışdır. Onlar sənədlərə imza etdikdən sonra İddiaçı2 öz evində, İddiaçı1 isə Cavabdeh1 ilə birlikdə mübahisə predmeti olan evdə yaşamışlar. 2023-cü ilin sonunda Cavabdeh1 evdə sözsöhbət dalaşıq salıb onu (İddiaçı1) evdən qovmuş və həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh1 onları aldatma yolu ilə sənədlərə imza etdirmişdir. Belə ki, 2021-ci il ilin oktyabr ayında cavabdeh onları çağıraraq, mübahisə predmeti olan evin qəzalı vəziyyətdə olduğunu, onun İcra hakimiyyətinə müraciət etdiyini, onlara köməklik göstərəcəklərini bildirmişdi. Bunun üçün Quba “Asan Xidmət” mərkəzində Notariusa gedib sənədləri imza etmək lazımdır. Onlar hər ikisi xəstə olmuş və savadsız olduğu üçün oxuya belə bilməmişlər. Onlar Notariusa gedib çatanda bütün sənədləşmə işləri aparılmışdır. Onlara heç bir izah vermədən xırda hərflərlə yazılmış sənədlərə imza etdirmiş və 2023-cü ilin sonunda o (M. Əmirxanova) evdən qovulduqdan sonra Cavabdeh1 onlara evi ona bağışladıqlarını bildirmişdir. Bundan sonradan onlara məlum olub ki, aldanıb, bağışlama müqaviləsinə imza ediblər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Quba Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlə bağlı birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməli, iddia tələbi təmin olunması barədə qətnamə qəbul olunmalıdır. Belə ki, İddiaçı1 evin damından su damdığı üçün İcra Hakimiyyətinə getmiş və sonra Yaşar onu bu əsasla “Asan Xidmət”ə aparıb sənədləri imzalatdırmışdır. O sonradan bilmişdir ki, Yaşar onu aldadıb, güya evi ona bağışlayıb. Onun belə bir fikri olmamış və müqavilədən də xəbərsiz olmuşdur. Digər İddiaçı2 isə məhkəmə iclasında bildirir ki, ev ata evidi, o həmin evdə qeydiyyatdadır. Qardaşı onu, anasını aldadıb evi öz adına sənədləşdirmiş və “Asan Xidmət”in Notariat ofisinə çağıraraq, imzalatdırmışdır. Müqavilə xırda hərflərlə yazılıb deyə oxumaq çətin olub. Hətta yoldaşı ilə münasibəti soyuq olduğundan, sonradan bilmişdir ki, yoldaşı Mehrac da o sənədə imza atıb, lakin o “Asan Xidmət”ə gedəndə Mehracı orda görməmişdir, Mehrac onlardan əvvəl orda olmuş və imzalamışdır. Onlara heç kəs imzalanan sənədin bağışlanma müqaviləsi olduğunu deməmiş və izah olunmamışdır. Ona görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci intsansiya məhkəməsi tərəfindən göstərilən maddi hüquq normasının tələbi pozulmuşdur. Əqd etibarsızlığı üçün kifayət qədər əsaslar mövcud olsa belə məhkəmə bunları araşdırmamışdır. Bu maddənin tələbi pozulmuşdur. İddiaçılar müqavilə bağlanılması üçün aldadılmışdır. Yuxarıda da qeyd edildiyi kimi icra hakimiyyətindən guya kömək ediləcəyi məqsədilə notariusa aparılaraq hazırki müqavilə bağlanmışdır. Bağışlama müqaviləsi ümumiyyətlə bağlanmamış, yəni iddiaçıların bağışlanma müqaviləsindən məlumatı olmamışdır. İradələrinin ziddinə belə bir müqavilə ortaya çıxmışdır. Məhkəmə tərəfindən qeyd edilən prosessual normanın tələbi pozulmuşdur. İddiaçılar məhkəmə müdafiəsindən istifadə etmək istəsələr də onların qanuni haqları təmin edilməmişdir. Məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamış, məhkəmə iclasında tədqiq olunmuş izahatlar və digər sübutlar tədqiq edilmədən nəticədə göstərilən normaların tələbi pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2nə məlumat verilməsinə baxmayaraq, notarius məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, notarius Süleyman Məmmədov məktub ünvanlayaraq notariat ofisinin iş rejimi və vətəndaş müraciətinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini qeyd edilən müqavilənin iddiaçıların iradə ifadəsini əks etdirən əqd qismində çıxış etməsi, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər bağışlama ilə nəticələnməsi, habelə həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hər hansı digər hal müəyyən edilməməsi ilə əsaslandırmış, iddiaçılar məhkəmənin gəldiyi bu nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşdən göründüyü kimi Quba rayonu, Ağbil kəndində yerləşən 0.13 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kvm olan yaşayış evinin paylı mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınması və 02 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 bağışlanması və həmin torpaq sahəsinin hazırda sonuncunun istifadəsində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.2, 666-cı maddələri təşkil edir. İşdən görünür ki, tərəflər arasında mövcud müqavilənin bağlandığı vaxt mübahisəli yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmuş və onlar həmin torpaq sahəsini bağışlayarkən İddiaçı2 əri X1 belə razılığı alınmışdır. Məlum olduğu kimi, Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçılar öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli əmlakın bağışlanılması müqaviləsi iddiaçıların aldadılaraq bağlanması öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar