Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1424/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 2(027)-86/2023 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Quba regional “ASAN” xidmət mərkəzi Notariat Kontoruna qarşı “25 mart 2019-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın X4 etibarsız hesab edilməsi'” tələbinə dair iddiası təmin edilmiş, Quba regional “ASAN” Xidmət Mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edib, Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 saylı qətnaməsindən apellyasiya şikayətini verilmə müddətinin bərpa edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(027)-86/2023 saylı qərardadına ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). İddiaçı Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(027)-86/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb cavabdehlərin vəkilləri olmuş Vəkil2 10 may 2024-cü il tarixdə vəfat etməsi göstərilmişdir. Bundan başqa qərardadda Vəkil2 tərəfindən 07 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti verilməsi, lakin apellyasiya şikayətinin elektron kabinetin nasazlığı ucbatından Quba Rayon Məhkəməsinə daxil olmaması göstərilmişdir. Bütün sadalanan səbəblər əsassız olmaqla bəhanədir. Belə ki, apellyasiya şikayətinin 07 yanvar 2024-cü il tarixdə tərtib edilməsi ilə apellyasiya şikayətini tərtib edən Vəkil2 vəfat etməsi yəni 10 may 2024-cü il tarix arasında 5 ay müddət olmuş, həmin müddət ərzində vəkil elektron şəxsi kabinet vasitəsilə apellyasiya şikayətinin Quba Rayon Məhkəməsinə daxil olub-olmamasını aydınlaşdıra,əgər apellyasiya şikayəti daxil olmamışdırsa təkrar göndərə bilərdi. Bundan başqa cavabdehlər qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilib-verilməməsini bu müddət ərzində müəyyənləşdirə bilərdilər. Hansı ki, qərardadda ərizənin əsaslandırılması hissəsində göstərilmişdir ki, cavabdehlərə apellyasiya şikayətlərinin Quba Rayon Məhkəməsinə daxil olub-olmaması barədə məhkəmə tərəfindən bildirişlər və telefon vasitəsilə smslər daxil olmamışdır. Belə olan halda cavabdeh tərəf bu vəziyyətdən narahat olmalı və apellyasiya şikayətinin nəticəsi barədə maraqlanmalı, apellyasiya şikayətinin göndərilməsini təmin etməli idilər. Bundan başqa Vəkil2 bu günə qədər onların heç bir işlərində vəkil qismində iştirak etməmişdir. Cavabdeh tərəfin 7 ay sonra apellyasiya şikayəti verməsinin əsas səbəbi onun Quba Rayon Məhkəməsinə X5 qarşı, Quba rayonu Timiryazev kəndində 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən X6 ilə birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinin ½ hissədə paylarının müəyyən edilərək naturada ayrılması və onun azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməkləri, eləcə də dövlət rüsumu və mediasiaya dair ödədiyi 160 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə müraciət etməyidir. Həmin mülki iş hakim Aydın Babayevin icraatındadır. X2 istəyi ilə Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, vaxtı uzatmaq istəyirlər. Bununla da qeyd olunan torpaq sahəsi və yaşayış evini birgə nikah dövründə əldə etdiklərindən ½ hissədə payını müəyyən etdirib həmin evə uşaqları ilə birlikdə köçməyini istəməyən Laçın Şirinov xahişi ilə yaxın qohumları müxtəlif əssasız bəhanələrlə müddəti uzatmaq üçün apellyasiya şikayəti verib onun və uşaqlarının qanunla qorunan mənafelərini və hüquqlarını pozurlar. Quba Rayon Məhkəməsinin 2(027)-86/2023 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, İddiaçı Quba Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(027)-86/2023 saylı qərardadından verdiyi şikayətin baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Vəkil2 “e-mehkeme.gov.az” portalındakı hesabından əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin statusu “göndərilmiş” kimi qeydə alınmışdır. Bundan sonra vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin göndərilib-göndərilməməsi barədə məlumatın verilməsi üçün Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir.Daha sonra Vəkil2 sağlığında, yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirinə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “...Qətnamə işə sədrlik edən hakim Rahim Həsənov tərəfindən xx.xx.2023-ci il tarixdə elektron məhkəmə sistemindəki vəkil kabineti vasitəsilə təqdim edilməsi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin 2(027)-86/2023 nömrəli qətnaməsi mülki iş üzrə cavabdehlər Cavabdeh1 va Cavabdeh2 Cebrayıl oğlunun qanuni mənafelərinin, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunması səbəbilə nümayəndələri və vəkili qismində tərəfimdən Quba rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti hazırlanaraq elektron məhkəmə sistemindeki vəkil kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilməsi icra edilmiş va sənəd "göndərilmiş'” statusu almışdır. Lakin bugünki günə qədər də sözügedən apellyasiya şikayətləri Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi məlum olmayan səbəbdən Quba rayon məhkəməsi tərəfindən icra edilməmişdir. Bununla əlaqədar olaraq Quba rayon məhkəməsinin hakimi Rahim Həsənova mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilib-göndərilməməsi ilə bağlı rəsmi məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişəm. Quba rayon məhkəməsinin hakimi Rahim Həsənovun 2(027)-86/2023 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubu ilə mülki iş üzrə cavabdehlər Cavabdeh1 ve Cavabdeh2 apellyasiya şikayətlərinin Quba rayon məhkəməsinin icraatına daxil olmadığı bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qəbul şöbəsinə şifahi müraciət edilmiş, paralel olaraq da "880 qaynar xətti”nə mövcud problemin araşdırılması və xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə daxil edilmiş apellyasiya şikayətlərinin Quba rayon məhkəməsi tərəfindən qəbul edilməsi və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin müraciət qəbul edilməsinə baxmayaraq araşdırılması təmin edilməmiş, yaranmış problem öz həllini tapmamış va nəticə etibarı ilə vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüquqi əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Kollegiya işin faktiki hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi barədə vəsatəti təmin etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəkil2 ilə apellyasiya şikayətinin verilməsi üçün müqavilə bağlanmış və vəkil tərəfindən də qətnamədən müddət ötürülmədən apellyasiya şikayəti verilmişdir. Bundan sonra Vəkil2 10 may 2024-cü il tarixdə vəfat etdiyindən verilmiş apellyasiya şikayətinin mövcud vəziyyəti barədə cavabdehlərin hər hansı məlumatı olmamışdır. Buna görə də yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-86/2023 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1424/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1424/2024
20.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver