Məhkəmə qərarları › İş №2(105)-1425/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1425/2023

24.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1425/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(028)-203/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı bağ evinə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 2065,92 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün kimi gəlib Sumqayıt şəhərində yataqxanada, 2010-cu il tarixdən isə bu günə kimi Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə yaşayış massivində öz vəsaitləri hesabına tikdikləri bağ evində məskunlaşmışlar. Onların yaşadıqları bağ evində bütün kommunal xəttlər (qaz, işıq, su və kanalizasiya) mövcuddur və hər biri üçün ayrı-ayrılıqda sayğaclar quraşdırılmışdır. 2012-ci ildə yaşadıqları bağ evinin çöl divarına elektrik enerjisindən istifadəyə görə sayğac quraşdırılmışdır. Sayğac yaşayış evindən çöldə, mişar daşından hörülmüş hasara bərkidilmiş və möhürlənmiş halda yerləşdirilmişdir. Həmin vaxtdan etibarən mütəmadi olaraq elektrik enerjisindən istifadəyə görə tərəflərindən bütün ödənişlər edilmiş və heç vaxt borcları olmamışdır. Lakin, xx.xx.2023-cü il tarixdə axşam saat 16:00-17:00 radələrində onlara məlum olmayan səbəbdən qısa qapanma baş vermiş və işıqları sönmüşdür. Həmin əraziyə xidmət edən Tural adlı nəzarətçinin mobil telefonuna zəng vurub bu barədə bildirmişlər. Nəzarətçi Tural təxminən 1 saatdan sonra gəlib onların evinin elektrik enerjisi xəttini birbaşa qoşaraq işığı yandırmış və bildirmişdir ki, 3-4 gündən sonra onların evinə yeni sayğac quraşdıracaqlar. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları gəlib köhnə sayğacı çıxarmış və yeni sayğac quraşdırmışlar. Təzə sayğacı quraşdırandan təxminən 15 gün sonra isə onları xəbərdar etmədən elektrik enerjisini kəsmişlər və onlar işıqsız qalmışlar. Bundan sonra, onların üzərinə əsassız olaraq elektrik enerjisi sərfiyyatına görə 2065.92 manat məbləğində pul hesablamışlar. Halbuki 15-20 gün ərzində tərəflərindən bu qədər məbləğdə enerjidən istifadə edilməsi qeyri-mümkündür. Bağ evində yaşadıqları müddət ərzində onlar tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması, elektrik sayğacına kənar müdaxilə olunması və s. neqativ hallar müşahidə olunmamış və bu barədə cavabdeh təşkilat tərəfindən onlara qarşı hər hansı bir akt tərtib edilməmişdir. "xxxx" ASC-nin abunə haqqında hesabdan çıxarış vərəqəsində elektrik enerjisindən istifadəyə görə ödəniləcəyi göstərilmiş 2065.92 manat məbləğində pul vəsaitinin necə yaranması və necə hesablanması onlara məlum deyildir. Eyni zamanda onlara 2065.92 manat məbləğində pul vəsaitinin cərimə, yoxsa sərf olunmuş enerjiyə görə yaranmış borc məbləği olması da məlum deyildir. Əgər elektrik sayğacına müdaxilə olunmaqla dövlət möhürünün plombu kəsilmişsə və hesab mexanizminin rəqəmləri qarışdırılmışdırsa abunə haqqında çıxarışda elektrik enerjisindən istifadə qaydalarının pozulması müşahidə olunmalıdır. Cavabdeh "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş-çıxış qrifləri yanıb işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı xəttən axan yük İ=0.6A (sıfır tam onda altı). Qoyuluş gücü sayğacın nominal cərəyanına əsasən 17.6 kvt təşkil edir. P=17.6 kvt aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 02 fevral 2023-ci il tarixli, NDM № 031110 saylı akt əsasında 1280 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xətdən isdifadə olunmasını bir daha sübut edir. Bundan əlavə iddiaçı kənar xətdən istifadə etməsi faktını iddia ərizəsində bildirmişdir. İddiaçının istifadəsinə xx.xx.2023-cü il tarixdə yeni M600 tipli zavod nömrəsi 21794155 olan sayğac verilmişdir. xx.xx.2023-cü il tarixdə sayğac oxunması həyata keçirilmiş və dəyəri 68 manat təşkil edən 271 kvt saat dəyərində elektrik enerjisi istehlak etdiyi deyilmişdir. İddiaçı sayğacdan kənar işlədicilərdən istifadə etdiyi zaman sayğacın enerji sərfiyyatı göstəricisi 3-7 manat civarında təşkil etmişdir. Bu da onu göstərir ki, iddiaçı həqiqətən də elektrik enerjisindən qanunsuz istifadə etmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci ıl tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17.1-ci bəndinin istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizatı müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17.12-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Qubadlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(028)-203/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1280,40 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(028)-203/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli məhkəmə qətnaməsində göstərilmişdir ki, “...iş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqından görünür ki, abunəçi Əliheydər Həqiqət oğlunun elektrik enerjisinə görə 2015-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək 2.065,92 manat borcu yaranmışdır”. Məhkəmə bu borcun necə və haradan yaranması və 3 (üç) il ərzində nəyə görə silinməməsi səbəbini araşdırmamış və nəticədə xx.xx.2023-cü il tarixdə onlardan asılı olmayan səbəbdən qısa qapanma baş verməsi və nəzarətçinin icazəsi ilə elektrik şəbəkəsinə birbaşa qoşulub elektrik enerjisindən istifadə etdiklərinə görə qısa müddət ərzində - xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək yaranmış 1280,40 manat məbləğində borcun silinməsi qənaətinə gəlmiş, 785,00 manat məbləğində naməlum borc məbləği isə onların üzərində qalmışdır. Hesab edirlər ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin NDM № 031110 saylı, 02 fevral 2023-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar y/m, yeni məhəllə ünvanında yerləşən bağ evinə quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş-çıxış qrifləri yanmış, işlədicilər şəbəkəyə birbaşa qoşulmuş, ölçmə zamanı xəttən axan yük İ=0.6A (sıfır tam onda altı), qoyuluş gücü sayğacın nominal cərəyanına əsasən 17.6 kvt təşkil edir, P=17.6 kvt aşkar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar y/m, yeni məhəllə ünvanına dair xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 2.065,92 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, həmin borc məbləğindən 1280 manat məbləğində borc NDM № 031656 saylı, 02 fevral 2023-cü il tarixli akta əsasən hesablanmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olundu ki, iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar y/m, yeni məhəllə ünvanında yerləşən bağ evində yaşayır, qeyd edilən ünvana iddiaçının adına "xxxx" ASC tərəfindən sayğac quraşdırılmış və abonent kodu verilmişdir. "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçının yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar y/m, yeni məhəllə ünvanında bağ evinin çöl divarında yerləşən elektrik sayğacına baxış keçirən zaman fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş-çıxış qrifləri yandığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu müəyyən edilərək NDM № 031110 saylı, 02 fevral 2023-cü il tarixli akt tərtib olunmuş və həmin akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar y/m, yeni məhəllə ünvanına dair NDM № 031656 saylı, 02 fevral 2023-cü il tarixli akt tərtib olunmuş və həmin akta əsasən 1280 manat məbləğində borc hesablanmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən onun yaşadığı bağ evinə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 2065,92 manat borcun silinməsini xahiş edir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarına əlavə edilmiş NDM № 031656 saylı, 02 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, sözügedən akt "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmişdir. Lakin aktın tərtib edilməsində məişət abonentinin, iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Bu barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu akt tərtib edilərkən abonentin və hal şahidlərinin iştirakı təmin edilmədiyindən öz mötəbərliyini itirir, başqa sözlə, iş materialları ilə abonentin elektrik enerjisindən qanunsuz əsaslarla istifadə etməsi görünmür. Belə olan halda, NDM № 031656 saylı, 02 fevral 2023-cü il tarixli akta əsasən hesablaşma aparılaraq abonentdən borc tələb edilməsi əsassızdır və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən onun yaşadığı bağ evinə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 2065,92 manat borcdan 1280,40 manat məbləğində borcu silsə də, 785 manat məbləğində naməlum borc məbləğini silməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçının qeyd etdiyi 785 manat məbləğində borc iddiaçının Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar y/m, yeni məhəllə ünvanına dair xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək elektrik enerjisindən istifadəyə dair yaranmış borc məbləğidir,yəni qeyd oiunan 785 manat borc məbləği iddia tələbində mübahisələndirilən 02 fevral 2023-cü il tarixli akta əsasən hesablanmış borc məbləğinə aid deyildir. Odur ki, məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(028)-203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar