Məhkəmə qərarları › İş №2(105)-1435/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1435/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1435/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir), iddiaçının nümayəndəsi X4, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1152/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, “sayğaca baxış keçirən zaman bu ünvana aid olmayan 1602AZ**********45 №-li Smart sayğac aşkar olundu. Abonent öz sayğacını açaraq, yerinə özbaşına, qanunsuz Lipa sayğac bağlayıb” qeyd olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın həcmi 35040 m3 müəyyən olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00616 olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E ünvanına akta görə 4204.80 manat borc hesablanmışdır. xx.xx.2022-ci ildə çap olunmuş arayışdan görünür ki, 2022-ci ilin oktaybar ayından ilin sonunadək təbii qaz sərfi və ona görə ödəniş edilməsi barədə məlumat yoxdur. xx.xx.2023-cü ildə çap olunmuş arayışdan görünür ki, 2022-ci ilin dekabr ayında 666.70 m3 təbii qaz sərfinə görə 80 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E-nin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən abunə haqqında çıxarışdan görünür ki, **********00040 saylı abonent kodu üzrə qeydiyyata alınmış hazırki mənzil üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci ildə 20.72 manat, xx.xx.2022-ci ildə 21.60 manat, xx.xx.2023-cü ildə 26.24 manat, xx.xx.2023-cü ildə 21.36 manat və xx.xx.2023-cü ildə 21.12 manat ödəniş edilmişdir. Abonentin saldosundan görünür ki, abonent “İddiaçı” adına, Abşeron, Sumqayıt, Novxanı bağ massivi 5061E ünvanı üzrə xx.xx.2019-cu ildə “İTRON” firmasının istehsal etdiyi G-4 markalı sayğac quraşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən tərtib olunmuş ‘Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 4204.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E fərdi yaşayış evi ona məxsusdur. xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən bağ sahəsinə quraşdırılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacı heç bir qaz sayğacı ilə əvəz edilməmiş və ünvandan çıxarılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixdə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E fərdi yaşayış evində qardaşı oğlu olan zaman Sumqayıt şəhəri “Azəriqaz” İB-nin 20-yə yaxın işçisi qapını döyərək qanunsuz sayğac olduğunu və bununla bağlı əllərində dəlil sübut və video görüntünün olmağı barədə məlumat vermişlər və qazın verilməsini dayandırmışlar. Lakin, həmin vaxt ona heç bir akt tərtib olunmadan ərazidən uzaqlaşmışlar. O, bu hadisədən sonra xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinə yaxınlaşaraq, mübahisə edərək yaşayış evinə tərtib edilmiş aktı tələb etmiş, lakin ona verilən aktda ona məxsus olan Smart G-4 markalı **********7 nömrəli sayğac deyil sadəcə deyilənə görə videosu olan və əllərində dəlil sübutu olan yalançı G4 mexaniki **********2 nömrəli X1 məxsus olan hansısa bilinməyən sayğac üzərində 365 gün müddətində qanunsuz qaz sərfiyyatından istifadə edilməyə görə ona 4204.80 manat cərimə olunmağı barədə akt tərtib olunmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən hər 30 gün müddətdən bir qaz sayğaclarına “Azəriqaz” İB tərəfindən baxış keçirilməli və hər hansısa bir qanun pozuntusu, nöqsan və yaxud təhlükə aşkarlandıqda vətəndaşa bu haqda məlumat verilməli və aradan qaldırılmalıdır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsi 365 gündü hara baxırdılar? Göstərilən bu müddətlərdə o, Azərbaycan Respublikasında olmamışdır. Onun yaxınları və özü ora bağ evi olduğundan yay mövsümünda gedirlər. Mübahisələndirilən qaz sayğacı bağ sahəsindən kənarda, hasarın çölündə yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında o, günahkar deyildir. Qaz sayğacına heç bir müdaxilə etməmiş, qeyri-qanuni qoşulma olmamış, həmçinin onunla “Azəriqaz” İB arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac onun mülkiyyətinin əhatəsi xaricində olduğundan, o həmin qaz sayğacına görə heç bir məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları başqasının xətasına görə barəsində akt tərtib edib, onu əsassız olaraq cərimə etmişlər. Bu hal iddia ərizəsinə edilmiş fotoşəkillərdə də öz əksini tapır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5061E ünvanına baxış keçirilən zaman ünvanda qeydiyyatsız (lipa – qeyd olunan ünvana aid olmayan sayğacdan istifadə) sayğacdan istifadə edildiyi aşkar olunmuşdur. Bu da qeyri-qanuni qoşulma deməkdir. Birliyin əməkdaşları tərəfindən yerində xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğaca baxış keçirən zaman bu ünvana aid olmayan 1602AZ**********45 №-li Smart sayğac aşkar olundu. Abonent öz sayğacını açaraq, yerinə özbaşına, qanunsuz Lipa sayğac bağlayıb” qeyd olunmuşdur. Təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə dəymiş ziyan hesablanmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 35040 m3 cərimə müəyyən olunmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş emişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1152/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5061E ünvanına aid **********00616 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4123.52 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 61.23 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq təbii X3nı pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, müvafiq aktla yanaşı mövcud qüsurun videoyazıya alınması barədə çəkiliş, fotoşəkillər də cavabdehin mülkiyyətindəki evdə aidiyyəti sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Bundan başqa, 2022-ci ilin noyabr ayı üzrə (xx.xx.2022-ci il tarixli çıxarışda – noyabr, dekabr) təbii qaz sərfiyyatının və ödənişinin abonent saldosunda görünmədiyi halda, elektrik enerjisinə dair abonent kartındakı istehlak həcmi və ödənişi barədə göstəricilər həmin dövrdə sözügedən ünvanda yaşayışın olması və təbii qazdan sayğacdan kənar istehlak edilməsi qənaətinin möhkəmlənməsinə zəmin yaradır. Bununla belə, məhkəmə hesab etmişdir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. “Azəriqaz” İB-nin rəsmi internet saytında “İTRON” firmasının istehsal etdiyi G-4 markalı sayğacın m3 /s-da maksimal 6,0, nominal 4,0, minimal isə 0,040 qaz sərfi olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “X3”nın 6.5, 6.7-ci bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11, 13-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********00616 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində «Təbii X3nın pozulması haqqında» ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və aktda sayğacda qeyd olunan nöqsan “sayğacdan kənar qaz xətti” aşkar olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nomonal qaz sərfi 4m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə 35040m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın bərpası üçün 4204,80 (dörd min iki yüz dörd manat 80 qəpik) manat hesablanmışdır. Əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 4204,80 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2022-ci ilin dekabr ayından abonent saldosunda qeyd edilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E fərdi yaşayış evinə əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və fərdi evdə ünvana baxış keçirilən zaman qeydiyyatsız (lipa) sayğacdan istifadə etmişdir. Qeydiyyatsız (lipa) sayğacdan istifadə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Hazırkı halda məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan halllarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus və onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, “Fərdi evdə (müəssisədə, istixanada) ünvana baxış keçirən zaman qeydiyyatsız (lipa) sayğacdan istifadənin aşkar olunduğu” barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4204.80 manat cərimə hesablanmışdır. Mənzil üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci ildə 20.72 manat, xx.xx.2022-ci ildə 21.60 manat, xx.xx.2023-cü ildə 26.24 manat, xx.xx.2023-cü ildə 21.36 manat və xx.xx.2023-cü ildə 21.12 manat ödəniş edilmişdir. xx.xx.2023-cü ildə çap olunmuş abonentin saldosuna dair arayışdan görünür ki, 2022-ci ilin dekabr ayında 666.70 m3 təbii qaz sərfinə görə 80 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq təbii X3nı pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, müvafiq aktla yanaşı mövcud qüsurun videoyazıya alınması barədə çəkiliş, fotoşəkillər də cavabdehin mülkiyyətindəki evdə aidiyyəti sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Bundan başqa, 2022-ci ilin noyabr ayı üzrə (xx.xx.2022-ci il tarixli çıxarışda – noyabr, dekabr) təbii qaz sərfiyyatının və ödənişinin abonent saldosunda görünmədiyi halda, elektrik enerjisinə dair abonent kartındakı istehlak həcmi və ödənişi barədə göstəricilər həmin dövrdə sözügedən ünvanda yaşayışın olması və təbii qazdan sayğacdan kənar istehlak edilməsi qənaətinin möhkəmlənməsinə zəmin yaradır. Bununla belə, məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. “Azəriqaz” İB-nin rəsmi internet saytında “İTRON” firmasının istehsal etdiyi G-4 markalı sayğacın m3 /s-da maksimal 6,0, nominal 4,0, minimal isə 0,040 qaz sərfi olduğu göstərilmişdir. xx.xx.2022-ci ildə çap olunmuş iddiaçının abonent saldosundan oktyabr ayından sonra ödəniş edilmədiyini, xx.xx.2023-cü ildə çıxarış olunmuş həmin sənəddən isə 2022- ci ilin dekabr ayı üçün 666.70 m3 sərfiyyatın müqabilində 80 manat ödənilməsi görünür. Məhkəmə bu hala qiymət verərək hesab etmişdir ki, iddiaçı 2022-ci ilin noyabr və dekabr aylarında təbii qazın qanunsuz sərfiyyatına yol vermiş, məhkəmə baxışı zamanı dekabr ayı ərzindəki istehlaka görə 80 manat ödəmişdir. Müvafiq aktın xx.xx.2022-ci ildə tərtib edilməsi nəzərə alındıqda buradan belə nəticə hasil olur ki, iddiaçı təbii qazdan noyabr ayı boyunca və dekabrın 26-dək qanunsuz istifadə edərək, müvafiq ödənişdən yayınmışdır. Bu baxımdan cavabdeh təşkilat itirilmiş qazın bərpası üçün hesabat müddətinin 365 gün götürməkdə haqlı olmamışdır. Abonent saldolarından o da məlum olur ki, 2020-ci ilin noyabr ayında – 600 m3 , dekabr ayında 745 m3 ; 2021-ci ilin həmin dövrlərində müvafiq olaraq 25 və 120 m3 təbii qaz istehlak edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh itirilmiş təbii qaz sərfiyyatını 24 saat nəzərə almaqla, hesablamışdır ki, bu hal istehlakçıların mənafeyinə və yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd olunan normalarının tələbinə əsasən istehlakçılarla bağlı itirilmiş təbii qaz sərfiyyatı hesablandığı zaman məhz onun işlək saatları nəzərə alınmalıdır. Bu baxımından təbii qazın gün ərzində 24 saat müddətində sərf edilməsi gündəlik həyat tərzinin tələbatı cəhətdən işlək saatlar müddətinə uyğun olmamaqla (təbii qazdan gün ərzində mütəmadi fasiləsiz istifadə edilməsi halının reallığı əks etdirməməsi, gecə və gündüz saatlarının olması halı nəzərə alınmaqla), həmin sərfiyyatın gündəlik 8 saat olmaqla nəzərə alınması, məhz istehlakçıların mənafeyi və işlək saatlar müddəti baxımından daha məqsədəuyğundur. Göstərilənlərə və müvafiq dövrün ən yüksək sərfiyyat prinsipinə əsaslanaraq aidiyyəti qaz sayğacının m3 /s-da faktiki qaz sərfinin – 2,8 (1344/60/8) olduğu müəyyən edilir. Əvvəlki illərin müvafiq dövrünün 60 gününə uyğun istehlak həcminin (1344 m3) müəyyən hissəsinin – 666,70 m3 abonent tərəfindən ödənilməsini nəzərə alaraq, iddiaçının 677,3 m3 qaz sərfiyyatının dəyərini ödəmədiyi aydın olur. Bunun cavabdehin dəymiş ziyanın hesablanması qaydasına (düsturuna) uyğun hesabat ifadəsi – 2,8x8x60=1344 m3 , dekabr ayındakı dəyəri ödənilmiş sərfiyyatın – 666,70 m3 çıxılması və nəticədə 677,3 m3 alınması şəklində olacaqdır. Belə olduqda, iddiaçının dəyərini ödənmədiyi təbii qaz sərfiyyatı üzrə müvafiq dövlət qurumunun müəyyənləşdirdiyi tarifə görə borcu 81.28 (677,3 m3 x 0,12 man.) manatdır. Deməli, iddia 4123.52 manat (4204.80-81.28) borcun silinməsi həcmində əsaslıdır. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5061E ünvanına aid **********00616 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4123.52 manat borcun silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.birinci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1152/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar