Məhkəmə qərarları › İş №2(105)-1435/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1435/2024

02.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1435/2024 02.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu müddətinin uzadılması, hüquq barədə mübahisə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. AZ-İİ № 255069 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

2. İşdə olan № 3-16-5/7-1692/69 saylı, xx.xx.2023-cü il tarixli “çıxarış”ın surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə ölmüşdür.

3. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312\2023 saylı qərarı nəzərə alınaraq, X5 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair vərəsəsi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.

5. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş X5 qalmış yeganə miras əmlak olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı evdə İddiaçı mirasın açıldığı vaxtdan etibarən faktiki olaraq yaşayıb-yaşamaması, həmçinin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilib-edilməməsi faktlarına Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3327/2022 saylı qətnaməsində qiymət verilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)-1312/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, X3, X4 cavabdehlər İddiaçı və X13 qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddiaçı Maraqlı şəxs cavabdehlər İddiaçı, X6, X7 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsi, cavabdehlər İddiaçı, X12 və X4 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.

7. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən daşınmaz əmlak 101 nömrəli fərdi yaşayış evi kimi qeydiyyata alınmış və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu” və 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 476 nömrəli vərəsəlik məktubu əsasında mərhum X10 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

8. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Maraqlı şəxs adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan 2 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölünməsi ilə bağlı **********,********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizələr idarəyə daxil olmuşdur. Daxil olmuş müraciət əsasında sözügedən əmlak üzərində bölünmə əməliyyatı aparılaraq dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində yerləşən 101 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə xx.xx.2023-cü il tarixində idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 16(060)- 205/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsasında sözügedən daşınmaz əmlak və bölünmüş hissəsi üzərinə qadağa qoyulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə vəfat etmiş X5 qalmış miras əmlakın qəbul etmə müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbini onunla əsaslandırmışdır ki, X2 xx.xx.2011-ci ildə vəfat etmişdir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12- də yerləşən 101 saylı ev miras qalmışdır. Miras əmlak onun tərəfindən faktiki qəbul edilmiş və o, həmin evdə qeydiyyatda olma faktiki yaşamış, hətta həmin həyətyanı sahəsində 1982-ci ildə atasının razılığı ilə 3 otaqlı ev, sanitar qovşaq və qaraj tikmişdir. 1992-ci ildə övladlarına ev tikmək üçün öz adına şəhər XDS-dən torpaq sahəsi almış, ev tikmiş və evi dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə aldırdıqdan sonra qızına bağışlamışdır. Atasından qalmış mirası tələb etməyi ilə əlaqədar qardaşı Maraqlı şəxs ona qarşı hədə qorxu gəlmişdir. İşi ilə əlaqədar daim uzaq səfərlərə çıxdığından ailəsi evdə yaşamağa qorxmuş, 2016-ci ildə o, onun evini dağıtmış, onu həyətə buraxmamışdır. İşdən çıxdıqdan sonra o, evə köçmək iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Hazırda qərəzli şəkildə evindən tövlə kimi istifadə edir. Qeyd edir ki, miras ev xüsusi mülkiyyət hüququ əsasında atasının adına dövlət qeydiyyatına alınmadığından, maddi vəziyyəti ağır olduğundan qanunu bilmədiyindən mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

11. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsi ilə (G.Tağızadə) iddia təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdə ölmüş mərhum X5 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilmişdir.

12. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən hesab edib ki, X10 24 avqust 2011-ci ildə vəfat etməsi ilə ondan qalmış miras əmlakına dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayıb və buna görə də hesab edib ki, bu müddət uzadılmalıdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini İnsan Hüquqlarının və X11 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1159.1.1, 1243, 1246, 1248.1, 1274, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 311, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir. İddiaçı onun qardaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında hal-hazırda İddiaçı ona və digər cavabdehlərə qarşı “xx.xx.2011-ci ildə vəfat etmiş X5 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair Maraqlı şəxs verilmiş xx.xx.2023-cü il tarixli, 2V-239 saylı qanun üzrə vərəslik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın etibarsız hesab edilməsinə tələbinə dair mülki iş vardır. Hazırkı iş üzrə qəbul edilmiş qətnamə dolayısıyla onun hal-hazırda mülkiyyətində olan 101 saylı fərdi evə görə verilmiş çıxarışın ləğv edilməsinə gətirib çıxaracaqdır. Məhkəmə qətnaməsində miras əmlakın hansı üzürlü səbəbdən buraxılmasının səbəblərinə heç bir hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə İddiaçı tərəfindən həmin müddət üzürsüz səbəbdən buraxılmışdır. Beləki miras əmlakın sahibi İddiaçı atası X8. Həsənbala Əliyev xx.xx.2011-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından 12 ildən artıq vaxt keçəndən sonra heç bir üzürlü səbəb olmadan mərhuma məxsus miras əmlakın qəbulu ilə əlaqədar olaraq İddiaçı məhkəməyə müraciət etmişdir. Halbuki İddiaçı 2011-2023-cü illərdə Sumqayıt şəhərində yaşamış, heç bir yerə getməmiş, atasının 2011-ci ildə vəfat etməsini bilmiş, dəfnində iştirak etmiş, miras əmlakı idarə etməmişdir. Belə olan halda miras əmlakın qəbulu müddəti İddiaçı tərəfindən üzürsüz səbəbdən buraxılmışdır. Beləliklə məhkəmə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, araşdırma aparmamış, mübahisəni birtərəfli həll etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, İddiaçı qardaşıdır. İşə baxan məhkəmə əsassız olaraq iddiaçının atalarından miras qalan əmlakı qəbul etmə müddətinin uzadılmasına dair qətnamə qəbul edilmişdir. X2 2011-ci ildə ölmüşdür, mərhumdan miras qalan ünvan 4 ünvanında yerləşən əmlakı özəlləşdirmiş və həmin əmlaka dair adına dövlət reyestrindən çıxarış almışdır. Hazırda ünvan 4 ünvanında yerləşən ev onun adınadır. Bundan başqa iddiaçının hazırda yaşadığı ünvan 5 ünvanında yerləşən evi ataları almış və birgə vəsaiti hesabına tikərək iddiaçıya vermişlər. İddiaçı hazırki iddianı verməklə evdən qızı üçün pay almaq istəyir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır. İddiaçı ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin ataları X14 2011-ci il ölmüşdür və ondan miras olaraq ünvan 4 ünvanında yerləşən ev qalmışdır. 2023-cü ildə isə həmin evin özəlləşdirilməsi ilə bağlı qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs müvafiq orqana müraciət etmişdir. Evin özəlləşdiriləcəyini bundan sonra da qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin mirası qəbul edəcəyini bildiyindən iddiaçı “Asan Xidmət” Mərkəzinə ərizə yazaraq bildirmişdir ki, qardaşı mirası qəbul edəcəyi zaman o da vərəsə kimi tanınsın. “Bundan sonra Maraqlı şəxs vərəsəliyi qəbul etməklə bağlı notariat ofisinə müraciət etdikdə İddiaçı mənzilə istifadə hüququnun itirilməsinə dair müvafiq məhkəmə qərarını təqdim etmiş, “Asan xidmət” mərkəzində notariat ofisi də məhkəmə qərarını nəzərə alaraq İddiaçı vərəsə kimi çağırmamışdır. Bundan başqa iddiaçının həmin həyətdə ayrıca evi olub, həmin ev də atasının sağlığında tikilib və atası öldükdən sonra da iddiaçı həmin evdə yaşayıb. Sonradan tərəflər arasında mübahisə yarandığından, iddiaçı məcbur olub uşağının adına aldığı evə köçüb. İşə məhkəmədə baxılan zaman həmin yer də satılmışdır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdeh notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Maddə 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1248.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən bu cür iddianın təmin olunması üçün vərəsə tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürülməli və bu gecikdirmə üzürlü səbəbdən baş verməlidir. Bu baxımdan istinad olunan maddənin tətbiqi zamanı məhkəmə miras əmlakın iddiaçı tərəfindən həqiqətən müddəti ötürməklə qəbul edilib-edilmədiyini, müddətin nə qədər ötürüldüyünü və bunun səbəblərinin üzrlü olub-olmadığını müəyyən etməlidir 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30- 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

27. Baxılan iş üzrə iddia tələbi mirasın qəbul edilməsi müddətinin üzrlü sayılaraq uzadılması barədədir.

28. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, mövcud vəziyyətdə iddiaçının mirasın qəbul müddətinin uzadılması və vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir.

29. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.

31. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

32. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur

33. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

34. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

35. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

36. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

37. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

38. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

39. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri)

40. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

41. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməlidir. Aparılan icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə bu iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

42. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

43. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

44. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən əmlakla bağlı artıq vərəsəlik işi açılmış, həmin əmlakla bağlı Maraqlı şəxs adına xx.xx.2023-cü il tarixli, 2V-239 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, sonradan isə xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölünməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizələr RX-yə daxil olmuşdur.

45. Göstərilənləri ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, iş üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddan tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar