Məhkəmə qərarları › İş №2(105)-1438/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1438/2024

05.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1438/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçınin, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(067)-1684/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən “Təbli qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 2073,60 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla saslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "Azəriqaz” X2 X6 İdarəsinin əməktaşları tərəfindən Xaçmaz rayon, Xudat şəhəri, Ordubadi küçəsində yerləşən 5 saylı evə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və 17280 m3 həcmində təbii qaz üçün 0.12 qəpikdən hesablandığı üçün 2073 manat 60 qəpik borc yazılmışdır. Onun tərəfindən həmin ünvanda heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri-qanuni xətt çəkilərək qazdan istifadə halı olmamışdır. Bu halı Xaçmaz X6 İdarəsinin əməktaşları özləri də gördülər. Onun tərəfindən heç bir belə qeyri-neqativ hallar olmamışdır. Xaçmaz Qaz İdarəsinin çəkdiyi videoda o, əməkdaşlara dəfələrlə bildirib ki, bu qoşulma halı deyil. Amma onlar abonenti dinləməmişlər. Bundan əlavə, hesabat da düzgün aparılmamışdır. Hallar bunlardan ibarətdir: Qanunvericilkdə olan yeni dəyişikliyə əsasən hesabat mövsümə uyqun olaraq 3 ay müddətinə aparılmalıdır; Hər ay bildiriş verilərkən sayğaca baxılmadılıdır ki, qeyri-qanuni qoşulma var ya yox. Ümumiyyətlə, əsaslı şəkildə 6 aydan bir xətlərə baxış keçirilməlidir. Bundan əlavə "Qazdan istifadə Qaydalar” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarına əsasən 2023-cü ildən etibarən qeyri-qanuni qoşulma hallarında hesabat mövsümü olaraq hesablanır. Yəni 3 aya uyğun olaraq hesablanmalıdır. Bu cür hesabat aparılarkən məbləğ itirilmiş qaz sərfiyyatının bərpası üçün hüsablanır. Amma "Azəriqaz” İB tərəfindən aparılmış hesabat qanuna tam olaraq ziddir.

3. Cavabdehin nmayəndəsi Nümayəndə1 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xəttlərinə və qaz sayğacına 01 avqust 2023-cü il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 01 avqust 2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 17280 m3 və ya 2073,60 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa ’’Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda “sayğacdan kənar qaz xəttinə qoşularaq qeyri-qanuni qazdan istifadə edilir” qeyd olunmuşdur.

6. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4x12x360 qəbul edilməklə 17280 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir.

7. Abonentin saldosundan görünür ki, 2023-cü ilin avqust ayı üçün akt əsasında 2073.60 manat borc müəyyən edilmişdir.

8. Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD-dən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar qaz xəttinə qoşulma faktı baş vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(067)-1684/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu**********000000) xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış borcdan 1555.20 manatın silinməsi, iddianın qalan hissədə təmin olunmaması, iddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 35.55 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 18 və 26-cı maddələri, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 11-ci maddəsinin 6-cı bəndi, 20, 21 və 6.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 3.2.1 və 3.2.2, 4.2, 4.8, 4.9, 6.5 və 6.7-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 443.7, 119.1, 119.2, 14.2, 77.1, 217.4, 216-220, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(067)-1684/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə iddia qismən təmin olunmuşdur. 1555.20 manat pul silinmiş yerdə qalan məbləğ silinməmişdir. Bildirir ki, iş materiallarından da göründüyü kimi cavabdeh əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Onun tərəfindən həmin ünvana heç bir qoşuma halı olmamış və onun tərəfindən heç bir qeyri-qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Bu halı Xaçmaz X6 İdarəsinin əməktaşları özləri də gördülər. Onun tərəfindən heç bir belə qeyri-neqativ hallar olmamışdır. Xaçmaz Qaz İdarəsinin çəkdiyi videoda onlara dəfələrlə bildirmişdir ki, bu qoşulma halı deyil. Amma onlar onu dinləməmişlər.

13. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(067)-1684/2024 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, abonentin qaz xətlərinə və qaz sayğacına 01 avqust 2023-cü il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttini üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə müşayət olunmuşdur. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Buna görə də cavabdeh tərəf kimi Cavabdeh İB Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1684/2024 saylı Qətnaməsindən birinci instansiya məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Delikt törətmiş şəxs mülki-hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxs tərəfindən vurulmuş zərər tam həcmdə zərər vurulan şəxsə ödənilməlidir. İddiaçı delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Xaçmaz Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Belə ki, 1-ci instansiya məhkəməsinin abonentin qanunsuz qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanı heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun 518,40 manat hesablaması heç bir məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun ümumiyyətlə qeyri-qanuni qaz xəttindən istifadə etmədiyi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə cəmi 518,40 manat ziyan vurması qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

17. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf birinci intstansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirərək həmin hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini, cavabdeh tərəf isə məhkəmə qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

20. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 2073.60 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul etmir, akt əsasında hesablanmış 2073.60 manat borcu mübahisələndirmişdir.

25. Göründüyü kimi iddiaçı (istehlakçı) tərəfindən həmin borc məbləği mübahisələndirilmişdir.

26. Birinci intansiya məhkəməsi iddianı qismən təmin edərək, möqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmişdir. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və aktla, videgörüntü ilə) sübut olunur. Lakin məhkəmə dəymiş ziyanın 2073.60 manat məbləğində olması ilə razılaşmamış, qaz paylayıcısına vurulmuş zərərin əvəzi olaraq 90 gün müddətinə istifadə edilmiş qazın dəyərinin hesablanmasını qanunauyğun hesab etmiş, İddiaçı Birliyə 90 gün üçün xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə (4 x 12 x 90=4320 kub.metr x 0,12 = 518,40; 2073.60-518,40=1555.20) 518,40 manat ziyan vurmasını müəyyən edərək, bu məbləğin abonentdən tutulması, iddia tələbinin 2073.60 manat olmasına görə 1555,20 manat borcun abonentin hesabından silinməsi qənaətinə gəlmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apelyator istinad olunan halları təsdiq edən heç bir sübut təqdim etməmişdir.

29. Eləcə də kollegiya cavabdeh tərəfin apellyasiya şikayətini əsaslı hesab etmir. Kollegiyanın qənatincə qaz paylayıcısına vurulmuş zərərin hesablanması qaydası birinci instansiya məhkəməsi tərəfindən qanunauyğun müəyyən edilmişdir. Belə ki, kollegiya hesab edir ki, yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməsi qazpaylayıcısının vəzifəsi olmaqla, qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən edilməlidir. Araşdırılan mübahisə üzrə qazpaylayıcısı tərəfindən şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi barədə heç bir subut təqdim edilməmişdir. Bu halda birinci instansiya məhkəməsi haqlı olaraq vurulmuş zərəri üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri nəzərə almaqla hesablamışdır.

30. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşır, apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(067)-1684/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

31. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(067)-1684/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar