Məhkəmə qərarları › İş №2(105)-1439/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1439/2022

15.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1439/2022 15.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-540/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında, kəmərinin üzərində fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında iki mərtəbəli yaşayış evi və daş hasar inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-540/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında, kəmərinin üzərində inşa etdiyi fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat və xidmət haqqı kimi ödənilmiş 0.40 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-540/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunu düzgün təfsir etməmiş və sübutlara düzgün hüquqi qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir.Cavabdeh məhkəmə prosesinə cəlb olunmamış, mübahisələndirilən qətnamə haqqında icra məmuru icra icraatına başladıqdan sonra məlumatı olmuşdur. Cavabdeh qeyd etmişdir ki, əgər o, məhkəmə proseslərində iştirak etsə idi, o zaman iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş olardı və çıxarılan qətnamə hazırda onun tərəfindən mübahisləndirilməzdi. Cavabdehin 15 mart 2022-ci il tarixdə rəsmi qaydada əldə etdiyi qətnamədə mühafizə zonasında tikilmiş evin ona məxsusluğu, eləcə də onun tərəfindən tikilməsi barədə heç bir sübut məhkəməyə təqdim olunması göstərilməyib.Həmin ev cavabdehə yox, X3 məxsusdur. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(074)-18/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 10 saylı qərarı ilə fərdi ev tikintisi məqsədi ilə ilkin iddia üzrə iddiaçı X3 ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsində inşa edilən ikimərtəbəli fərdi yaşayış evindən çıxarılmağı, ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2008ci il tarixli 10 saylı qərarı, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli rəyi, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin (eskiz layihəsi) planı, torpaq sahəsinin hansı kadastr qiymət zonasına aid olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışı, torpaqların alqı- satqısına dair xx.xx.2008-ci il tarixli 1844 saylı aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A 069860 saylı, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü alınaraq ilkin iddia üzrə iddiaçı X3 qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X2 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153.787 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın eyni vaxtda icra edilməsi qət edilmişdir (hakim E.Z.Hümbətov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-235/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(074)-18/2019 nömrəli qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh X2 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153.787 manatın alınaraq cavabdehə verilməsi hissəsində dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X2 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 197.270,196 manatın alınaraq Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı Ramin Hacıyevin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 manatının iddiaçı X2, 75 manatının Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilib (hakimlər - Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə). Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 May 2021-ci il tarixli, 2(102)- 3077/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-235/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (hakimlər- Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev, İsmayıl Xəlilov). Bundan əlavə cavabdeh həmçinin qeyd etmişdir ki, qətnamələrdə mühafizə zonasında tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (0,12 ha) Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 10 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin perspektiv inkişaf fondu torpağının alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında X3 fərdi mənzil tikmək məqsədi ilə ayrılıb. Bu səbəbdən məhkəmə əsl cavabdeh kimi X4, üçüncü şəxs qismində isə Şəhriyar Bələdiyyəsinin iştirakını təmin etməlidir. Cavabdeh mübahisələndirilən fərdi yaşayış evinin ona məxsus olmamasını və həmin məsələyə aidiyyatının olmamasını qeyd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunduğu kimi cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə məhkəmə kollegiyası ilk növbədə Şamaxı rayonu Şəhriyar qəsəbəsində 12 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdehə məxsusluğu, əsl cavabdehin kimliyi dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilib-verilməməsini araşdırmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-235/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 May 2021-ci il tarixli, 2(102)-3077/2021 nömrəli qərarından da göründüyü kimi Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi X3 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Birinci instansiya məhkəməsi isə cavabdehin əsl cavabdeh olması məsələsini aydınlaşdırmamış, cavabdehin əsl cavabdehlə əvəz olunmasını müəyyən etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, iddia tələbi buna cavab verməli olmayan cavabdehə qarşı qaldırılmış, buna görə hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-540/2021 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılsın. İddiaçı İstehslat Birliyinin Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçındən 100 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar