Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1441/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs "xxxx" ASC) alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-760/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1992-ci ildə anadan olmuşdur. O, Zərdab rayonu, Məlikmahmudlu kəndində qeydiyyatdadır.
2. Mustafayev Oqtay Firudin oğlu, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Oqtay Mustafayev Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilini (bundan sonra – mübahisəli mənzil) Cavabdeh2 56 000 manata satmış, Cavabdeh2 isə həmin mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən mənzilin dəyərindən 15 000 manat Cavabdeh2 tərəfindən, qalan 41 000 manat isə "xxxx" ASC tərəfindən Oqtay Mustafayevə ödənilmişdir.
3. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli mənzil xx.xx.2015-ci ildən Cavabdeh2 mülkiyyətindədir.
4. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilir ki, Cavabdeh2 hazırkı iş üzrə iddiaçıya və digərlərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə dair yaşayış və istifadə hüqularının itirilmiş hesab edilməklə, cavabdehlərin və digər şəxslərin mənzili boşaldaraq (çıxardılaraq) ona təhvil verilməsi, mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdehlərdən biri olan X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Cavabdeh1 bağlanmış 24 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-120/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi, iddiaçının ilkin iddia tələbinin qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilməsi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5483/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilinə dair Cavabdeh1 bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, dəmiryolu yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mərhum həyat yoldaşı Mustafayev Oqtay Firidun oğluna məxsus olmuşdur. Ev dəllalı X6 mərhumun kredit almaq istədiyini bildikdə, ona bankların hərbiçilərə aşağı faizlə ev ipotekası ilə kredit verdiyini bildirmiş, onu Hacıqabul rayonunda yerləşən hərbi hissədə xidmət edən gizir Cavabdeh2 ilə tanış etmişdir. O, iddiaçının həyat yoldaşını mənzili 5 min manat müqabilində Cavabdeh2 adına keçirməyə və onu adına kredit götürməyə inandırmışdır. İddiaçının həyat yoldaşı Oqtay Mustafayev Cavabdeh1 uydurma alqı-satqı müqaviləsi ilə evi cavabdehin adına keçirmişdir. Cavabdeh faktiki olaraq olan mənzili banka ipotekaya qoyaraq öz adına kredit almışdır. Həmin kreditlə iddiaçının «Nikoilbank»a olan kredit borcu bağlanmışdır. X6 və Cavabdeh2 kredit məbləğindən daha 16 min manat qaytarmalı, qalan 8 min manatı aralarında bölməli idilər. X1 iddiaçının həyat yoldaşını aldatmış, pulu verməmişdir. Cavabdeh mənzillə bağlı əvvəl 1 il müddətinə mərhumun, sonra mərhum ərinin təklifi ilə 30 il müddətinə oğlunun adıma etibarnamə vermişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın əsli və mənzilin texniki pasportu iddiaçıdadır. Əvvəl iddiaçının həyat yoldaşı, onun vəfatından sonra oğlu uzun müddət banka kredit və sığorta haqqı ödəmişlər. Pulu tələb etdikdə Elvin Cəfərov onları ön cəbhədə xidmət edən oğlunun həyatı ilə təhdid etmişdir. İddiaçının həyat yoldaşı 2019-cu ildə infarkt keçirərək vəfat etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-760/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Abdullayev)
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Oqtay Mustafayevlə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia hazırkı iş üzrə iddiaçının da iştirak etdiyi başqa bir məhkəmə mübahisəsi zamanı irəli sürülmüş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin iddia rədd edilmişdir. İddiaçı həmin mülki iş üzrə tərəf olduğu üçün həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə müəyyən edilmiş faktları mübahisələndirmək imkanını itirmişdir. Həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı həmin işdə iştirak edən digər şəxslər üçün preyudisial hesab edildiyindən və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarlılığı həmin məhkəmə aktı ilə təsdiq edildiyindən məhkəmə həmin müqavilənin etibarlılığının təkrar yoxlanmasına zərurət görmür.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir
13. Şikayətin dəlilləri:
14. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanılmışdır. Mənzilin çıxarışının, Texniki Pasportunun əslinin onda olmasına, cavabdehin nədən 30 il müddətinə iddiaçının oğlu Xəyal Mustafayevin adına Baş etibarnamə verməsini aydınlaşdırmamışdır, cavabdehin adına olan krediti əvvəl mərhum ərinin, onun vəfatından sonra oğlunun ödəməsinə qiymət verməmişdir
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
20. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
21. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
25. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
37. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İş materiallarından görünür ki, Oqtay Mustafayevlə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia hazırkı iş üzrə iddiaçının da iştirak etdiyi başqa bir məhkəmə mübahisəsi zamanı irəli sürülmüş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin iddia rədd edilmişdir. İddiaçı həmin mülki iş üzrə tərəf olduğu üçün həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə müəyyən edilmiş faktları mübahisələndirmək imkanını itirmişdir. Həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı həmin işdə iştirak edən digər şəxslər üçün preyudisial hesab edildiyindən və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarlılığı həmin məhkəmə aktı ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin müqavilənin etibarlılığının təkrar yoxlanmasına zərurət görməmişdir.
40. AR Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
41. AR Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
42. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
43. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilir ki, Cavabdeh2 hazırkı iş üzrə iddiaçıya və digərlərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə dair yaşayış və istifadə hüqularının itirilmiş hesab edilməklə, cavabdehlərin və digər şəxslərin mənzili boşaldaraq (çıxardılaraq) ona təhvil verilməsi, mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdehlərdən biri olan X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Cavabdeh1 bağlanmış 24 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-120/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi, iddiaçının ilkin iddia tələbinin qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilməsi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5483/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmışdır.
44. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hüquq normaları ilə razılaşır və hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəyticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
47. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 760/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-760/2023 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.