Məhkəmə qərarları › İş №2(105)-1442/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1442/2023

26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1442/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1346/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, elektrik hesabat sayğacına baxış keçirərkən fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək mənzilə kənar xətt çəkildiyi, sayğacın baxış şüşəsinın sınıq olması və göstəricilərin oxunmaması halları aşkar edildiyi üçün xx.xx.2022-ci il tarixli, 275859 nömrəli akt tərtib edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 275859 nömrəli aktın ləğv edilməsini və ona yazılmış qanunsuz cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, xx.xx.2022-ci il tarixli 275859 nömrəli aktın ləğvi və ona qanunsuz olaraq yazılmış 949.39 manat məbləğində cərimənin silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, Novxanı bağları, ev (bina): 0020, mənzil 3451 ünvanında yerləşən yaşadığı evin işıq sayğacı neçə zamandır ki, alışdığı mexaniki sayğac sistemində olmuşdur. Lakin təxminən 1 ildir ki, xəbərsiz olaraq kiminsə göstərişi ilə "xxxx" ASC-dən işçilər gələrək yaşadığı evin işıq sayğacını dəyişmişlər. Lakin bu sayğacda dəfələrlə problemlər yaranmışdır. Belə ki, hesaba pul ödədiyi və sayğacın üzərində də ödədiyi pulun məbləği göstərildiyi təqdirdə evdə işıq yanmamışdır. Qaranlıq bir evdə, istilik-kombi sisteminin də buna görə işləmədiyi bir evdə yaşaya bilməmişdir. Sayğacın üzərində hesaba pul yüklədiyi və hesabında pulun olduğu halda evdə işığın yanmamasına görə işıq idarəsinə gedərək burada bunu bildirmiş və ərazi nəzarətçisi ilə görüşərək evində olan sayğacın yenidən əvvəlki ilə ya da kart tipli sayğac ilə dəyişdirilməsini dəfələrlə tələb etmişdir. Hətta qaranlıqda qaldığını, İ Qarabağ Müharibəsi iştirakçısı olduğunu deyərək onlara bu sayğacın dəyişdirilməsi üçün yalvarmışdır. Lakin ərazi nəzarətçisi sayğacların dəyişdirilməsi əmrinin hamıya şamil olunduğunu və o ərazidəki hamının sayğaclarının dəyişdiyini, özlərinin bir şey edə bilməyəcəklərini bildirmişlər. Bunun üçün Baş İdarəyə müraciət etməyini məsləhət görmüşdür. Lakin qonşuluğunda olan şəxslərdə sayğac dəyişdirilməmişdir. Orada isə hamının sayğacının dəyişdirildiyi bildirilmişdir. Qonşuluqda olan şəxslərin sayğacının dəyişmədiyini burada bildirsə də, onlar bu mövzuya tutarlı cavab verə bilməyərək Baş İdarəyə ərizə yazmağını bildirmişlər. Nəticədə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yazılı ərizə ilə müraciət edərək sayğacın dəyişdirilməsini xahiş etmişdir. Bu ərizənin cavabında sayğacın dəyişdirilməsi üçün ərazi nəzarətçisinə müraciət etməyi bildirilmişdir. Bundan sonra yenə ərazi nəzarətçisindən sayğacın dəyişdirilməsini xahiş etdikdə yenə bunun mümkün olmayacağı cavabını almışdır. Sonra isə ona bu iş üçün nə qədər xərc çıxsa, qarşılayacağını bildirmişdir. O isə onlara 50 manat versə, həll edə bilərlər cavabını vermiş və başqa otağa keçib başqası ilə danışdıqdan sonra isə yenə də bu işin mümkün olmayacağını bildirmişdir. Bütün bunlar olduqda isə yenə də neçə günlərdir ki, sayğac işləmədiyinə görə işıqsız bir otaqda təkbaşına qalmaqda davam etmişdir. Lakin bu vəziyyət onun sağlamlığına, daxili vəziyyətinə çox pis təsir etmişdir. İ Qarabağ Müharibəsi iştirakçısıdır və müharibədə olarkən psixi sarsıntılar keçirmişdir. Buna görə də bu vəziyyətdə qalmaq sağlamlığı üçün çox təhlükəli olmuşdur. Bunları da dəfələrlə ərazi nəzarətçisinə deyərək sayğacın əvvəlkinə qaytarılması üçün yalvarsa da, ərazi nəzarətçisi bütün bunlara, yalvarışlara məhəl qoymamışdır. Yenidən evdə işığın bərpa edilməsini istəmişdir. Sayğaca nəzər salmaq qərarına gəlmişdir. Sayğac ekranında hesabda olan məbləği azalmadığına görə heç bir dəyişiklik olmamışdır. Lakin bir düyməni aktiv etdikdə sayğac ekranında hesaba yüklədiyi pulun get-gedə azaldığını, evdə isə işıqların yandığını görmüşdür. Artıq sayğacın düzəldiyini görərək sevinmiş və evə keçmişdir. Sonrakı gün isə evə qayıtdıqda yenidən işıqların yanmadığını görmüşdür. Nəzarətçi evdə olmadıqda gəlib həmin düyməni yenidən deaktiv etmişdir. Yenidən sayğacda həmin düyməni aktiv etmişdir. Çünki bunu etdikdən sonra işıq yanmağa davam edirmiş və həmçinin hesabda olan puldan azalmaları yalnız onda görülmüşdür. Başqa halda isə hesaba yüklədiyi pul olduğu kimi qalmışdır. Sonrakı gün də evə qayıtdıqda yenə həmin mənzərə ilə qarşılaşmış, evdə işıq yanmamışdır. Lakin sayğaca baxmağa çıxdıqda sayğacın aparıldığını görmüşdür. Yenidən işıq idarəsinə getmiş orada isə akt tərtib olunduğunu və cərimələndiyini bildirmişlər, lakin cərimənin məbləği haqqında hər hansısa bir sənədi təqdim etməmişdirlər. Onun iştirakı olmadan tərtib olunmuş aktı təqdim edərək sayğacdan kənar xəttin aşkarlandığını bildirmişlər. Lakin sayğacdan kənar heç bir xətt qoşmamış və nə etsə də sayğacın üzərində etmiş, sonrasında isə hesabdan pulun çıxıldığını görmüşdür. Buna etiraz edərək bunun yanlış olduğunu bildirsə də, bu heç bir fayda verməmişdir. Nəticədə isə bütün etirazlara baxmayaraq, tamamilə qanunsuz bir şəkildə təkbaşına yaşadığı Novxanı bağları, ev (Bina): 0020, mənzil: 3451 ünvanında abonent kodu **********03491 olan sayğaca xx.xx.2022-ci il tarixli 275859 nömrəli akt tərtib edilmişdir. Hal-hazırda isə evdə işıq sayğacı hələ də yoxdur və bu vəziyyət qalmaqda davam edir. Heç olmasa indi başqa sayğacın quraşdırılaraq evdə işığın bərpa edilməsini işıq idarəsindən istəsə də, cərimənin ödənilməsindən sonra sayğacın quraşdırılacağı bildirilmişdir. Bu zaman da əvvəldən nəyə görə bunu etmədiklərinə etiraz etmişdir. Əgər sayğacı əvvəldən dəyişsəydilər, bütün bunlar da baş verməz, qaranlıq otaqda təkbaşına qalmazdı. Sayğacın evindən çıxarılaraq aparılması hadisəsi təxminən 10-11 yanvar 2023-cü il tarixdə baş versə də, akt məhz xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. İşıq idarəsinə getdikdə bu akt təqdim olunmuşdur. Akt xx.xx.2022-ci il tarixdə tərtib olunubsa, bu akt ona həmin tarixdə təqdim edilməli idi. Çünki qanunvericiliyə görə akt tərtib olunarkən abonentə təqdim edilməlidir. Lakin akt ona məhz təxminən 12 yanvar 2023-cü il tarixdə təqdim olunmuşdur. Bu tarixlər arasında isə təxminən 2 ay vaxt vardır. Həmçinin akt məhz sayğacda aktiv etdiyi düyməyə görə qanunsuz olaraq tərtib olunmuşdur. Bu hadisə isə heç də aktın tərtib olunduğu xx.xx.2022-ci il tarixdə baş verməmişdir. Bu hadisə akt tərtib olunandan sonra baş vermişdir. Hələ baş verməmiş bir hadisəyə görə akt tərtib olunmuş və məhz sonradan qanunsuz olmayan bir əməl səbəb göstərilərək həmin tarixdə keçmişdə tərtib edilən akt təqdim olunmuşdur. Bundan başqa aktda göstərilən aktın tərtib olunması səbəbləri də baş verməmiş və bunlar əsassız, sübutsuz olaraq qeyd edilmişdir. Sayğacdan kənar heç bir xətt quraşdırmamış və aktda yazılan heç bir şeyi etməmişdir. Bunların olmasına dair heç bir sübut yoxdur. Həmçinin aktın sonunda izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin hər bir zaman işıq idarəsinə getdikdə olan hər bir şeyi tam açıqlığı ilə nəzarətçiyə danışmış və bütün olanları demişdir. Aktın üzərində heç bir cərimə məbləği qeyd olunmamışdır. Lakin 872 manat cərimə yazıldığını ilk öncə desələr də, sonradan aktda cərimə məbləği olmadığı onlara bildirdikdə, bu məbləğin başqa bir aktda olduğunu bildirmişlər. Bu zaman aktı tələb etdikdə bu akt təqdim olunmalı olduğu halda, aktı verməmişlər və cərimənin ona deyilən məbləğdən də çox olduğunu bildirmişlər. Lakin bu cərimənin yazıldığı aktı göstərmədilər.

5. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İddiaçı məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etirazı onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamlıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək mənzilə kənat xətt çəkilmişdir. Sayğacın baxış şüşəsi sınıqdır, göstəricisi oxunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enejisindən istifadə qaydalarının 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 275859 saylı akt əsasında 824 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənat xəttin aşkar olunduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən istifadə olunmasını bir daha sübut edir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli 275859 nömrəli aktın ləğvi və yazılmış cərimənin silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1346/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Bağlar, Novxanı bağları, ev (bina) 0020, mənzil 3451 ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 824 (səkkiz yüz iyirmi dörd) manat məbləğində borcun **********03451 saylı abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ünvanına 824 manat məbləğində borc cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmışdır. Həmin akt yoxlama zamanı fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək mənzilə kənar xətt çəkilməsi, sayğacın baxış şüşəsinın sınıq olması və göstəricilərin oxunmaması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına əsasən bu sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda kənar xəttin çəkilməsi, sayğacın baxış şüşəsinin sınıq olması, göstəricinin oxunması halında iddiaçı tərəfindən edilməsi, həmçinin fərdi yaşayış evindən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması, video çəkiliş aparılarkən mübahisəli mənzildə olan mənzillə bağlı olub olmaması, qeyri-qanuni xəttin olması halının olması aşkar olunmayaraq, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən iddiaçı tərəfindən dəqiqləşmə verilərək iddia tələbinin həcminin artılıraq 949.39 manat məbləğində cərimənin silinməsi hissəsində iddia tələbi təsdiq olunmadığından hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”, Mülki Məcəllənin 425, 560-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 7.11-ci bəndinə istinad edərək iddianı qismən təmin etmişdir. Yalnız məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ-nin 8.17-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi mənzildə sayğacdan kənar xətdən istifadə iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Həmçinin məhkəməninin istinad etdiyi EEİQ-nin 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər hansı bəsit sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. EEİQ-nın 8.17-ci bəndinə əsasən aşkar olunmuş kənar xəttin video görüntüsü diskə (DVD-R) köçürülərək məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit sayğac şüşəsinin sındırılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq isə iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “akta asasən hesablanmış borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Qeyd olunanlardan əlavə aşkar olunmuş faktı təsdiq edən video çəkilişlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdən açıq görünür ki, sayğacdan kənar xətt çəkilərək mənzildə qanunsuz elektrik enerjisindən istifadə edilmişdir. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim etmiş, etirazını iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 8. Enerji resurslarının, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər

3. Hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”

1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, abunə haqqında saldodan görünür ki, Novxanı bağları, ev (bina):0020, mənzil: 3451 ünvanında yerləşən mənzilə 1331.51 manat məbləğində borc hesablanmışdır.

21. xx.xx.2022-ci il tarixli, 275859 saylı aktdan görünür ki, elektrik hesabat sayğacına baxış keçirərkən fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək mənzilə kənar xətt çəkildiyi, sayğacın baxış şüşəsinın sınıq olması və göstəricilərin oxunmaması halları aşkar edilmişdir.

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin təqdim etdiyi video diskə baxış keçirilmiş, lakin mənzilə kənar elektrik xətti çəkildiyi, sayğacın göstəricilərinin oxunmaması kimi halların olması müəyyən edilməmişdir. Sayğaca qədər olan xəttədəki kiçik naqil vasitəsilə dəyişikliyin olmasını isə cavabdehin nümayəndəsi sərfiyyatın az qeyd edilməsi üçün qanunsuz çəkildiyini bildirmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, evin fasadında quraşdırılmış sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçı tərəfin təqsiri müəyyən edilmədiyindən, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə tələb əsaslı olmuşdur.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

26. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1346/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar