Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1448/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1517/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı (onun) adına **********16991) abunə kodu olan 52347291M2050165 nömrəli elektrik sayğacına müdaxilə edilməsi əsası ilə tərtib olunmuş akt üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tətbiq edilmiş 800 (səkkiz yüz) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı (onun) adına **********16991) abunə kodu olan 52347291M2050165 nömrəli elektrik sayğacı quraşdırılmışdır. Elektrik enerjisi sərfiyyatı üzrə istifadə olunan kommunal məbləğlər, dövlət tərəfindən müəyyən edilmiş qaydalar nəzərə alınmaqla daima, vaxtlı-vaxtında ödənilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə cavabdehin ərazi üzrə nəzarətçiləri (Rəfiyev Rauf və Nəsirov Tağı) tərəfindən yaşadığı ünvanda, o həmin zaman evdə olmadığı halda, (AKT NDM 032807 nömrəli) tərtib etmişlər. Cavabdehin nümayəndələri aktda qeyd etmişlər ki, EEİQ-na uyğun fərdi yaşayış evinə quraşdırılan elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, mənzilin həyətinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt 52346940 nömrəli elektrik sayğacına giriş sip xəttinin izolyasiyasını zədələyərək qeyd olunan abonentin (İddiaçı) mənzilinin dam örtüyünün alt hissəsindən qoşulmuşdur. Çəkiliş zamanı abonent (özünü makler kimi təqdim etdi) tərəfindən həyətdən kənar qoşulan naqil kəsildi. Abonent özünü təqdim etmədi. Cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Belə ki, "xxxx" ASC tərəfindən abonentə verilən Abunə haqqında çıxarışdan məlum olur ki, ona məxsus mənzildə quraşdırılmış elektrik sayğacı üzrə sərfiyyat hər ay ödənilmiş və akt tərtib olunan vaxtadək onun heç bir borcu olmamışdır. Məhkəməyə məlum edir ki, cavabdeh tərəfindən qeyd olunan həmin sayğac ona məxsus deyildir. Bu sayğac yaşadığı ünvana yaxın “OBA” marketə məxsusdur. O heç bir zaman sayğaca əlavə xətt çəkməmiş, onun bundan xəbəri yoxdur. Cavabdeh tərəfindən 800 manat məbləğində cərimələnməyi əsassızdır, (cərimə barədə ona cavabdeh tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir). Məlumat üçün bildirir ki, valideynləri tərəfindən sayğacın zədələnməsi barədə 102 xidmətinə məlumat verilmişdir və müvafiq araşdırma aparılaraq fakt təsdiq edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən yaşadığı ünvan 2 ünvanında sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı (onun) adına **********16991). Abunə kodu olan 52347291M2050165 nömrəli elektrik sayğacına müdaxilə edilməsi əsasında tərtib olunmuş akt üzrə cərimə olunmağı əsassızdır. Bu baxımdan istehlakçı olaraq hüququqlarının pozulması səbəbindən məhkəməyə müraciət etməyə vadar olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əmrahov X2 Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməli, məhkəmə kollegiyası tərəfindən iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbində və izahatında abonent kimi onun işıq enerjisinə qeyri-qanuni qoşulması olmadığını və cərimənin əsassız yazıldığını göstərsə də sübutetmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq həmin halları sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı elektrik sayğacının sxemdən kənarlaşdırmaqla X1 qaydalarının pozulması öz təsdiqini tapdığından iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Məhkəmə gəldiyi qənaəti, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, ”X1 Qaydalar”ı, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanunları, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri, həmçinin Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 220.5-ci maddələri ilə əsaslandırmışdır. hər ay sayğac göstəriciləri üzrə sahəyə baxan nəzarətçi sayğacı elektron qaydada yoxlayaraq ödənişə dair müvafiq hesab qəbzi təqdim edir. Sayğac hasarda quraşdırıldığından ən azı nəzarətçi tərəfindən sayğaca müdaxilə olunması müəyyən edilə bilərdi. Məsələ isə tamam başqa arqumentə əsaslanır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli, ********* saylı məktubun surətindən də görünür ki, ünvan 1 ünvanında yaşayan Nümayəndə1 xx.xx.2023-cü il tarixli DİN-nin “102” xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək 20.12. 2022-ci il tarixdə onun yaşadığı və oğlu İddiaçı adına qeydiyyata alınmış işıq sayğacına (**********16991 abunə kodu olan 52347291M2050165 nömrəli sayğac) ziyan dəyməsi barədə məlumat verilmişdir. Təbii ki, şikayət üzrə "xxxx" ASC məlumatlandırılmış, lakin nəzarətçilər akt tərtib etməklə sayğaca müdaxilə olunduğu qənaətinə gəlmişlər. Məhkəmə isə Abşeron RPİ-də gedən araşdırma üzrə materialları tələb etməmiş, sayğacın kimə məxsusluğunun dəqiqləşdirmədən, hansı sayğaca müdaxilə olunduğunu müəyyən etmədən, yalnız sorğuya verilmiş cavabla mübahisəyə qiymət vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmədə nümayəndə vasitəsilə iştirak etsə də, təqdim etdiyi sübutlar məhkəmə tərəfindən qəbul edilməmiş, yalnız cavabdehin tərtib etdiyi aktı və onun istifadəsində olan elektrik sayğacına cavabdeh tərəfindən çəkilmiş və ona aidiyyəti olmayan fotoşəkilləri sübut kimi qəbul etmişdir. Məhkəmə proseslərində iştirak etmədiyinə baxmayaraq, nümayəndəsinin (valideyninin) izahatlarına şübhə ilə yanaşan məhkəmə əlavə sübutların əldə olunmasına biganə yanaşmışdır. Yerində müayinə keçirilməsi, müvafiq ekspertiza ilə müəyyən oluna bilən hallara əhəmiyyət verməmiş, (elektrik sayğacı üzrə ödənişlər üzrə borcu olmadığı halda, cərimənin hansı əsasla 773,11 manat hesablanması yoxlanılmamış, Abşeron RPİ-də toplanmış materialı tələb etməmişdir). İşin həqiqi və faktiki halları üçün əhəmiyyət kəsb edən halları tam araşdırmamış, bununla da qəbul etdiyi qətnamənin obyektiv, ədalətli, əsaslı olmasını şübhə altına qoymuşdur. İddia predmeti üzrə mühüm əhəmiyyəti olan faktiki hallar, yəni ki, qanunla müəyyən edilmiş qaydada faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. MPM-nin 388-ci maddəsinə uyğun olaraq işin faktiki halları tam araşdırılmadığından, MPM-nin 385.1.2-ci maddəsinə görə qətnamənin ləğv olunması üçün qanuni əsasdır. Cavabdeh tərəfindən məhkəməyə cərimənin hansı əsaslarla aktda qeyd olunan məbləğdə tətbiq edilməsi barədə düzgün məlumat verilmədiyi halları yoxlanılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən, sübut kimi qəbul edilə biləcək müvafiq ekspertizanın keçirilməsi təmin edilməmişdir. MPM-nin 217.3-cü maddəsinin (qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır) tələbi pozulduğundan, məhkəməninin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir və MPM-nin 385.1.4-cü maddəsinə əsasən qətnamənin ləğvinə səbəb olur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, lakin qətnamədə əks olunmayan fayl (disk) foto şəkillər, apellyasiya mərhələsində gedən araşdırmalar zamanı yeni təqdim edəcəyi sübutlar iddia tələbi üzrə düzgün nəticə verə bilən qətnamənin qəbul olunmasına səbəb ola bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçı iddia tələbində və izahatında abonet kimi onun işıq enerjisinə qeyri-qanuni qoşulması olmadığını və cərmənin əsassız yazıldığını göstərsə də sübutetmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq həmin halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında olan elektrik sayğacına baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən kənar xəttdən istifadə ilə bağlı NDM 032807 nömrəli akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (Həmin Qaydaların 8.2., 8.4., 8.9-cu bəndləri). İşdən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan mənzildə kənar xətt edildiyi müəyyən edilmiş və bu fakt müvafiq aktla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1448/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1448/2024
22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver