Məhkəmə qərarları › İş №2(105)-1450/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1450/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1450/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması, əlavə xərclər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2147/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 21 may 2018-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1239 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X4 İddiaçı yanında qalması, Cavabdeh 12 aprel 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, uşağın 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment və uşağa görə hər ay 50 (əlli) manat məbləğində əlavə xərcin tutulub İddiaçı verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “X14 Sanayi ve Ticaret Anonim şirkəti” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 00540 №li arayışdan görünür ki, Cavabdeh “X14 Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialında xx.xx.2022-ci il tarixdən halhazıradək “boru ustası” işləyir və aylıq əmək haqqı 650 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 “kvadroplegik spastik serebral iflic” xəstəliyi mövcuddur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 mütəmadi olaraq həkim müayinələrindən keçir və müalicə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 21 may 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 26 dekabr 2019-cu il təvəllüdlü X3maqla bir övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3927/2021 saylı qətnaməsi ilə nikah pozulmuş, X4 iddiaçının yanında qalması qət edilmişdir. Həmin qətnamə ilə X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 aprel 2021-ci ildən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment, uşağın üç yaşına çatanadək hər ay 50 manat aliment və uşağın müalicəsinə görə hər ay 50 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar hər ay xərclənən 400 manat pulun yarısı, yəni 200 manat, cəmi 420 manat məbləğində alimentin, mediasiya sessiyası üçün ödədiyi 50 manat məbləğində pulun yarısının, yəni 25 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2147/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, habelə hər ay uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manatın tutularaq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilmənəi, Cavabdeh 58,4 (əlli səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentlərin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2147/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsini qismən, hər ay uşağın müalicəsi ilə bağlı xərclərə görə 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində ləğv edərək həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh qətnaməni uşağın müalicəsi üçün aliment tutulması tələbinin təmin edilmiş hissəsində mübahisələndirir. İddia ərizəsində iddiaçı hər ay uşağın müalicəsi üçün 400 manat pul vəsaiti xərclədiyini qeyd edir. Lakin iddiaçı tərəf uşağın mütəmadi müalicəyə ehtiyacları olması, nə qədər vəsait xərclənməsi ilə bağlı halı sübuta yetirə bilməmiş, həmin məsələyə aydınlıq gətirə bilməmişdir. Qətnamədən də göründüyü kimi, cavabdeh boru ustası vəzifəsində daimi olaraq çalışır. Aylıq əmək haqqı 650 manat təşkil edir. Həmin vəsaitin ¼ dən çoxu aliment kimi tutulur. Cavabdehin özünün aylıq yaşayışını təmin etmək üçün cəmi 430 manat vəsait qalır. Cavabdehin üzərinə əlavə aliment ödəmək öhdəliyi qoyularkən ehtimallarla qərar qəbul etmək olmaz. Aliment yetkinlik yaşına çatmayanın saxlanması üçün tutulur (əlavə xərclər də elə uşaqların saxlanmasına xidmət edir). Ona görə hər bir halda tələb olunan alimentin məbləği sübuta yetirilməlidir. İddiaçı əlavə xərclərlə bağlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün həmin hissədə iddianın təmin olunmaması əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən uşağın səhhətində müəyyən xəstəliyin olması müəyyən edilsə də, bu hal, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Çünki həmin maddənin tələbinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları (məsələn: xərclərin ödənilməsi ilə bağlı edilmiş ödənişləri təsdiq edən kassa çeklərini və ya müalicənin (əməliyyatın) həyata keçirilməsi üçün əvvəlcədən ödənilməsi zəruri olan xərclər barədə ödənişli tibb müəssisəsinin müvafiq arayışını) məhkəmələrə təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2147/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsini- hər ay uşağın müalicəsi ilə bağlı xərclərə görə 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2147/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İş materiallarından görünür ki, iş üzrə tərəflər məhkəmə qaydasında boşanmışlar və birgə nikahdan doğulmuş 26 dekabr 2019-cu il təvəllüdlü Teymurov Raul anasının himayəsinə verilmişdir. İşdən görünür ki, birgə nikahdan doğulmuş Raul adlı uşaq uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir və onun müntəzəm olaraq həkim müayinəsinə və müalicəyə ehtiyacı vardır. Belə ki, məhkəməyə təqdim olunmuş Loqos Psixoloji və Nitq Mərkəzinin xx.xx.2023-cü il tarixli 004 nömrəli psixoloji rəyinə əsasən 26 dekabr 2019-cu il təvəllüdlü X1 baş psixoloqu tərəfindən ilkin dəyərlədirmə zamanı pasiyentdə ümumi inkişaf ləngiməsi əlamətləri müşahidə edilib. Daha öncə pasiyentə həkim Füzuli Məmmədov tərəfindən uşaq serebral iflic diaqnozu qoyulub. İlkin diaqnostika zamanı ona AGTE testi tətbiq edilib. Testin nəticəsinə əsasən uşağın ümumi inkişafı testin göstəricilərinə uyğun olmaması müəyyən edilib. X7 ilə terapiyaya başlanılıb, müalicəvi idman mütəxəssisi və loqoped yanında böyük motorikanın inkişafı, əzələ tonusunun aradan qaldırılması, nitq inkişafının aktivləşməsi üzrə terapiya keçməyə başlayıb. X2 unuzmüddətli müalicəvi idman, psixoloji və loqopedik dəstək alması tövsiyə olunur. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar hər ay xərclənən 400 manat pulun yarısı, yəni 200 manatın tutulmasını xahiş etmiş, məhkəmə müalicə xərci ilə bağlı tələbi qismən, ayda 100 manat olmaqla təmin etmiş, iddiaçı bunu mübahisələndirməmiş, Cavabdeh isə şikayətində qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya əlilliyi müəyyən edilmiş hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı Teymurov Raul uşaq serebral iflic xəstəsidir və onun müalicə alınması üçün əlavə xərclərə atası, yəni Cavabdeh da cəlb edilməlidir. Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, birgə nikahdan doğulmuş Raul adlı azyaşlı uşağın sağlamlığı, xəstəliyinə görə müayinə olunmaq və müalicə almaq hüquqlarının lazımı şəkildə həyata keçirilməsi nəzərə alınmalıdır. Bunun üçün isə cavabdehdən hər ay 100 manat əlavə xərcin tutulmasını məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar hər ay 100 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qanuna, habelə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş bu xərc hazırkı halda cavabdehin maddi imkanlarına adekvatdır və azyaşlı Raulun mənafeyinə uyğundur. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X10rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2147/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar