Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1454/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, iddiaçılar İddiaçı, X10, X6 və X11 və İddiaçı nümayəndəsi və vəkili X16, cavabdehlər Cavabdeh, X12 və X13 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(060)-64/2021 saylı qətnaməsindən iddiaçı E.M.Əlı̇ yevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(060)-64/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçılar İddiaçı, X10, X6 və X4 cavabdehlər Cavabdeh, X14, X12, X19 və X2 qarşı miras əmlakın naturada bölgüsü tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat iddiaçılar İddiaçı, X10, X6 və X3 alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı E.M.Əlı̇ yev apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(060)-64/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı, X10, X6 və X11 birgə qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvan: Sumqayıt şəhəri, Corat qəs, Fikrət Əmirov küçəsi 95) vaxtilə mərhum ataları X20 tikmişdir. Sağlığında mərhum atası evi sənədləşdirməmişdir. Evin sənədləşməsi üzrə bütün hərəkətlər onun tərəfindən edilmiş və fərdi yaşayış evi altındakı torpaqla birlikdə rəsmiləşdirilmişdir. Hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 10 mərhum atası X15 adına şəxsi mülk kimi qeydiyyatdan keçmişdir. Ataları 18 avqust 2007-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi günə yaşadığı evi və torpaq sahəsini sənədləşdirmədiyi üçün vərəsəlik 16 fevral 2016-cı il tarixdə açılmışdır. Miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə əlaqədar Sumqayıt şəhəri 1 saylı notariat kontoruna müraciət etmişlər. 26.11.2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa görə İddiaçı, Əliyeva Nazilə, Mövsümova Fazilə, Əliyev Arif, Qurbanova İlhamə, Əliyeva Elnarə, Cavabdeh, Əhmədova Nərgiz, Əliyeva Gülnara hər birinə 3/21 hissə pay verilmişdir. İddiaçılardan Əliyeva Nazilə, Qurbanova İlhamə, Əliyeva Elnarə öz paylarını qardaşları olan İddiaçı xeyrinə imtina etmişlər və bu barədə notariusda müqavilə bağlamışlar. Digər bacıqardaşlar, onların övladları isə aralarında mübahisə olduğundan paylı əmlakın məhkəmə qaydasında naturada bölgüsü həyata keçirilməsi qərarına gəlmişlər. Ona görə də, Sumqayıt şəhəri, Corat qəsəbəsi, F.Əmirov küçəsi 95 (ünvan 3 ünvanında yerləşən sahəsi 96,0 kv.m daşınmaz əmlakdan və 0,07902 ha torpaq sahəsindən payların naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı E.M.Əlı̇ yev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 15 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı, X10, X6 və X11 və İddiaçı nümayəndəsi və vəkili X16 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh, X12 və X19 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı E.M.Əlı̇ yevin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə (Yeni qaydalarla AZ 5021, ünvan 4 ünvanında 0,07902 ha topaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 96 kv.m olan mənzil paylı mülkiyyət hüququ üzrə 3/21 hissədə İddiaçı, 3/21 hissədə X10, 3/21 hissədə X7, 3/21 hissədə X19, 3/21 hissədə X6 və 3/21 hissədə X11, 1/21 hissədə Cavabdeh, 1/21 hissədə X12 və 1/21 hissədə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 26.11.2019-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2020-ci il tarixli 10/2571 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə ünvan 5 ünvanında yerləşən, 96 kv.m daşınmaz əmlakdan və 0,07902 ha torpaq sahəsindən İddiaçı, X5, X1 və X4 hər birinin 3/21 hissədəki payının digər mülkiyyətçilərin payına tənasübsüz zərər vurmadan naturada ayrılmasının texniki baxımdan mümkün olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddənin mənasına görə, payın naturada ayrılmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda mübahisəli evin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən bölünməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı E.M.Əlı̇ yev veridiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı E.M.Əlı̇ yev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(060)-64/2021 saylı qətnaməsi iddiaçı E.M.Əlı̇ yevə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1454/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1454/2021
26.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver