Məhkəmə qərarları › İş №2(105)-1454/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1454/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1454/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə (Açar söz: hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Ərizəçi, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2342/2024 nömrəli qətnaməsindən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən hüquq müəyyənedici sənəd olan, xx.xx.1981-ci il tarixli, 20 nömrəli protokolun və həmin protokol əsasında verilmiş xx.xx.1981-ci il tarixli, N/739 nömrəli orderin Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindəki Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən sənədlərin araşdırılması zamanı order sahibi Ərizəçi soyadında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli n/739 nömrəli orderdə və Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2- 1166-2023 saylı arxiv çıxarışında göstərilən xx.xx.1981-ci il tarixli, 12.245.1 nömrəli qərarda order sahibinin soyadı "Malışov" kimi, şəxsiyyət vəsiqəsində isə "Məmişov" kimi qeyd edilmişdir. Soyadlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, N/739 nömrəli orderdə onların və digər ailə üzvlərinin ata adlarının tam şəkildə göstərilmədiyi, ancaq baş hərfinin qeyd olunduğu müəyyən olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Ona görə də hazırda hüququ faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmək müraciətindədir.

3. Ərizəyə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2342/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) ərizə təmin edilmiş, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin N/739 nömrəli, xx.xx.1981-ci il tarixli orderi və xx.xx.1981-ci il tarixli 20 nömrəli protokolunun Ərizəçi məxsus olması faktı müəyyən olunmuşdur.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan SSR Sumqayıt şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 4 avqust 1981-ci il tarixli, N/739 nömrəli orderindən görünür ki, X1 işlədiyi X2 tərəfindən Tağıyev qəsəbəsində, 2 nömrəli evin, 27 saylı mənzilinə, 4 nəfər ailə üzvünə görə iki otaqlı mənzil ayrılmışdır. xx.xx.1981-ci ildə «X13» oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1981-ci il tarixli, 20 №-li protokolda Ərizəçi soyadı “Malışov” kimi qeyd olunmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307, 308, 309, 311-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2342/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin səlahiyyətlərini Sumqayıt şəhər İcra Hakimiyyəti yerinə yetirir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən yerli icra hakimiyyəti orqanı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Qeyd edilən mülki işi üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə mümkün sayılmamalıdır. Belə ki, Ərizəçi və onun ailə üzvlərinə verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, N/739 nömrəli orderdə və Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48- DA-10F/2-1166-2023 sayl arxiv çıxarışında ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı səlahiyyətli orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməli, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bununla bağlı müvafiq düzəliş edilməli idi. Qanunla belə səlahiyyətə malik olan inzibati orqana müraciət etmədən məhkəmə qaydasında işin həll olunmasını tələb etmək, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307-ci maddəsinin tələblərinə uyğun mülki iş məhkəmə icraatına o halda qəbul oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür və bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət olunmamışdır. İdarə tərəfindən müvafiq mülki iş üzrə 2 saylı Sumqayıt Ərazi İdarəsinin tərəf kimi işdən çıxarılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-1041/2024 saylı məktub göndərilmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmə işlərinə həmin sənədləri vermiş inzibati orqanlar və ya onların hüquqi varisləri maraqlı şəxs qismində işə cəlb edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi ərizəçi ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermiş və işə baxmış məhkəmə ərizənin təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əsasən bu xarakterli işlərlə bağlı apellyasiya şikayəti vermirlər, sadəcə olaraq son zamanlar məhkəmə tərəfindən təmsil etdiyi təşkilat işə maraqlı şəxs kimi cəlb olunur. Vətəndaşlara arxiv arayışları, orderlərlə bağlı problem olduğu halda, ilk olaraq icra hakimiyyətinə müraciət etməli olduqlarını, rədd cavabı aldıqları təqdirdə iddia ilə məhkəməyə müraciət etmələrini tövsiyyə etsələr də onlar təşkilata müraciət edir, məhkəməyə ərizə ünvanladıqda isə maraqlı şəxs kimi işə cəlb edir, hətta bəzi hallarda cavabdeh qoyurlar. Qətnamə çıxdıqdan sonra icra vərəqəsi göndərilir, təşkilat isə onu icra edə bilmir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra məcburiyyət qarşısında qalaraq apellyasiya şikayəti verməyə başlayıblar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ilk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etməli olduğunu bilmədiyinən məhkəməyə müraciət etməzdən əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etməmişdir. Lakin, hazırki vəziyyətdə Sumqayıt Şəhər İcra Hakimiyətinə müraciət etmiş, ona cavab verilmişdir ki, 1981-ci ilə dair sənədlər arxivdə mövcud deyildir.

12. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə məktub ünvanlaraq qeyd edilmişdir ki, verilmiş apellyasiya şikayətinə baxılmasını məhkəmənin mülahisəzinə buraxılır, işə nümaydənin iştirakı olmadan baxılması xahiş olunur. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iş üzrə ərizəçini qırx üç ildir ki, tanıyır. Belə ki, anadan olandan qonşudurlar. Ərizəçinin soyadı Məmişovdur. Onun ən yaxın qonşularından biridir. Fazilə xanım ərizəçinin yoldaşı, Fuad böyük oğlu, digər oğlu Faiq, qızı isə Aynurə xanımdır.

14. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçinin ailəsini uşaq yaşlarından tanıyır. Təxminən 10 il olar ki, həmin ünvanda qeydiyyatdadır. Soyadı Məmişovdur.

15. Azərbaycan Respublikası vətəndaşının notarial qaydada təsdiq edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası, Laçın rayonu, Fərəcan kəndində anadan olmuşdur.

16. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-1166-2023 saylı Arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Sumqayıt şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsi 20 nömrəli protokol qərarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, 2 nömrəli evin, 27 saylı mənzilə dair X5 adı qeyd olunmuşdur.

17. Azərbaycan SSR Sumqayıt şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 4 avqust 1981-ci il tarixli, n/739 nömrəli orderindən görünür ki, X6 işlədiyi X2 tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, 2 nömrəli evin, 27 saylı mənzilinə, 4 nəfər ailə üzvünə görə iki otaqlı mənzil ayrılmışdır.

18. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilən sənədlərin araşdırılması zamanı order sahibi Ərizəçi soyadında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, n/739 nömrəli orderdə və Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48DA-10F/2-1166-2023 saylı arxiv çıxarışında göstərilən xx.xx.1981-ci il tarixli, 12.245.1 nömrəli qərarda order sahibinin soyadı “Malışov” kimi, şəxsiyyət vəsiqəsində isə “Məmişov” kimi qeyd edilmişdir. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Əlavə olaraq bildirirlir ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Məzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, n/739 nömrəli orderdə onun və digər ailə üzvlərinin ata adlarının tam şəkildə göstərilmədiyi, ancaq baş hərfinin qeyd olunduğu müəyyən olunmuşdur. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

19. Sumqayıt şəhər İcra Hakimiyyətini Başçısınının aparatının Mənziul təsərrüfatı və mənzillərin uçot şöbəsinin xx.xx.2024-cxü il tarixli, 5-6/1-M-425-092 nömrəli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, 1981-ci ilə dair sənədlər arxivdə mövcud olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır.

20. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Feruz oğlu ilə X7 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı:

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2342/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2342/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 12.245.1 nömrəli protokol qərarında və Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, n/739 nömrəli orderdən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, 2 nömrəli evin, 27 saylı mənzilinə, 4 nəfər ailə üzvünə görə iki otaqlı mənzil «X13» oğluna verilmişdir. Orderə əsasən evə köçən şəxslər siyahısında Elşad, Fəzilə, Fuad və Faiq adlı şəxslər qeyd olunmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin orderdə qeyd edilən mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin mənzildə yaşaması, orderdə evə köçən şəxslər siyahısında olan şəxslərin ərizəçinin ailə üzvü olması və kiril əlifbasında “l” hərfi ilə “m” hərfinin əl yazısı ilə oxşalığı nəzərə alındıqda qeyd olunan hüquqmüəyyənedici sənədlərdəki ərizəçinin soyadının Məmişov əvəzinə səhvən Malışov kimi yazılması təsdiq edilməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir.

27. İş materiallarından görünür ki, ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinin müraciət edərək ünvan 5 ünvanında yerləşən 27 saylı mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etmiş, lakin orderdə ərizəçinin soyadında uyğunsuzluq olduğundan müraciəti təmin edilməmişdir. Həmin uyğunsuzluğun aradan qaldırılması üçün mənzilin hüquq müəyyənedici sənədi olan, xx.xx.1981-ci il tarixli, 20 nömrəli protokolun və həmin protokol əsasında verilmiş xx.xx.1981-ci il tarixli, N/739 nömrəli orderin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi zəruridir.

28. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, məhkəmə kollegiyası tərəfindən ərizəçiyə prosessual hüquqlarının həyata keçirməsinə köməklik göstərilərək, görülməyəcək hərəkətlərin nəticələri barədə müvafiq xəbərdarlıq edilmişdir ki, buna müvafiq olaraq da məhkəmənin gedişi zamanı ərizəçi tərəfindən qeyd edilən məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, lakin Sumqayıt şəhər İcra Hakimiyyətini Başçısınının aparatının Mənziul təsərrüfatı və mənzillərin uçot şöbəsinin xx.xx.2024-cxü il tarixli, 5-6/1- M-425-092 nömrəli ərizəçiyə ünvanlanmış məktubunda 1981-ci ilə dair sənədlər arxivdə mövcud olmadığından müraciətin müsbət həllinin mümkün olmadığı qeyd olunmuşdur. Bununla da qeyd edilən faktı təsdiq edəcək lazımı sənədlərin məhkəmədən kənar qaydada alınması ərizəçi üçün mümkün olmamışdır.

29. Məhkəmə kollegiyası hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinin maraqlarına toxunmaması və qeyd edilən işlərlə bağlı qətnamə çıxdıqdan sonra icra vərəqəsi göndərilməsi, təşkilatın isə onu icra edə bilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göründüyü kimi qeyd edilən faktların müəyyən edilməsi ilə əlaqədar məhkəmə qətnamələrinin icraya yönəldilməsi müəyyən edilməmişdir.

30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2342/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2342/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar