Məhkəmə qərarları › İş №2(105)-1456/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1456/2023

17.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1456/2023 17.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin e-2(028)-235/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abunə haqqında sənəddən görünür ki, abunəçi X1 elektrik enerjisinə görə ETAİSdən qalan borc 697,29 manat təşkil edir. Borcu qaçqın borcu kimi silinməlidir.

2. xx.xx.2022-ci il tarixli 23623 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC-yə 547 manat ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022ci il tarixdə əsassız və məcburi qaydada ödətdirilmiş 547 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əsassız və məcburi qaydada ödətdirilmiş 697,29 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il 31 avqust tarixində Qubadlı rayonundan məcburi köçkün olaraq Sumqayıt şəhərində məskunlaşmış və halhazırda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ statusu daşıyır. "xxxx"ASCyə məxsus elektrik sayğacı (abunə kodu **********02154) xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək istifadəsində olmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanına və AR Nazirlər Kabinetinin qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ tərəfindən istifadə edilən kommunal xidmətlərə görə aylıq istifadə haqları 01 yanvar 2017-ci il tarixinədək dövlət tərəfindən qarşılanırdı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanına və AR Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq ödəniş müavinəti müəyyən edilmiş və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ istifadə etdikləri elektrik və digər kommunal ödənişlərə görə xx.xx.2017-ci il tarixindən etibarən ödəniş etməli oldular. Belə ki, istifadəsində olmuş elektrik enerjisindən istifadəyə görə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin fərmanına və AR Nazirlər Kabineti qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ tərəfindən istifadə edilən kommunal xidmətlərə görə aylıq istifadə haqqları 01 yanvar 2017-ci il tarixinədək dövlət tərəfindən qarşılanmalı olduğu halda "xxxx"tərəfindən həmin vəsait onun hesabından silinməmiş, dondurulmuş borc olaraq sistemdə saxlanılmış, sayğac onun adından çıxarılaraq X1 adına keçirilən zaman sistemdə borcun mövcud olduğu bildirilmiş və nəticədə xx.xx.2022-ci il tarixində qeyd edilən 547 manat məbləğ məcburi və əsassız olaraq ona ödətdirilmişdir. Tərəfindən "xxxx"idarəsinə bir neçə dəfə yaxınlaşmağına və şifahi müraciət etməyinə baxmayaraq ondan əsassız olaraq tələb edilmiş və tərəfindən ödənilmiş 547 manat məbləğində vəsait ona geri qaytarılmamış və bunun yalnız məhkəmə qaydasında mümkün olacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş elektrik enerjisi ilə bağlı Azərişıq ASC-dən aldığı hesabdan çıxarışda da borcun 2017-ci ildən öncəki tarixdə, yəni 2015-ci il tarixində yarandığı, hesabdan çıxarışda borcun silinməsi yazısı olsa da, borc silinməmiş və xx.xx.2022-ci il tarixində tərəfindən 547 manat ödənilmişdir. Həmçinin hesabdan çıxarışda 2017-ci il 1 yanvar tarixindən etibarən elektrik enerjisinə sərf edilən məbləğlərin hər ay olaraq tam həcmdə ödənilməsi açıq aydın görünür.

6. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş sayğaca dair hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2015-ci il tarixinə sərf elektrik enerjisindən qalıq borc 697 manat 29 qəpik təşkil etmişdir. Nazirlər Kabinetinin məlum qərarına əsasən həmin borc "xxxx" tərəfindən silinməli olduğu halda silinməmiş və nəticə etibarı ilə həmin borc tam məbləğdə iddiaçıya qanunsuz olaraq ödətdirilmişdir. İddiaçı tərəfindən ilkin iddia ərizəsinə iddiaçının əldə edə bildiyi 547 manat məbləğində çekin nüsxəsi olduğundan həmin məbləğlə bağlı iddia tələbi irəli sürülmüşdür. Halbuki, hesabdan çıxarışda olan 697.29 manat məbləğində vəsait iddiaçı tərəfindən hissəli şəkildə, yəni 697.29 manat məbləğ tam ödənilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh "xxxx" ASC-dən 697.29 manat məbləğində vəsaitin tutularaq İddiaçı xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, həmin borc iddiaçı tərəfindən qəbul olunub və ödənilmişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

8. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-235/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində əsassız və məcburi qaydada İddiaçı ödətdirilmiş olan 547 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan abunə haqqında sənədə, xx.xx.2022-ci il tarixli 23623 nömrəli qəbzə istinad etməklə əsaslandırmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 11-ci bəndi, Mülki Prosessual Məcəllənin 14, 77-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

11. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı istifadə etdiyi elektrik enerjisinin haqqını ödəmədiyi halda ev alqı-satqısını həyata keçirə bilməyəcəyi haqqında məlumatlı olub. Bu səbəbdən həmin vaxt borcun silinməsi ilə bağlı müvafiq quruma heç bir rəsmi müraciət etməmiş, qeyd edilən məbləğdən məlumatlı olmasına baxmayaraq məhkəmədə mübahisələndirməmiş, yəni borclu olduğunu qəbul etmişdir. Hətta iddiaçı istifadə etdiyi elektrik enerjisi üçün tam ödəniş etmiş və mənzilin yeni sahibi abunə haqqında çıxarışı öz adına keçirmişdir. Ev alqı-satqısını həyata keçirdikdən, yəni məqsədinə çatdıqdan sonra iddiaçı məkrli plan əsasında məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim etdikləri əsasları qəbul etməmiş, iddiaçının məkrli planını nəzərə almamış və aidiyyatı olmayan sübutlar əsasında iddaçının iddiasını təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

15. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı Maddə 1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Maddə 1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

17.“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı 1.... “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur)...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, abunə haqqında çıxarışdan görünür ki, iddiaçıya hesablanmış 697.29 manat borc xx.xx.2015-ci il tarixə olan borc olmuşdur. İddiaçı da həmin borc məbləğinin 547 manatını ödəmişdir. Halbuki “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanından da göründüyü kimi, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər 2017-ci il 1 yanvar tarixinədək dövlət büdcəsindən ödənişlər nəzərdə tutulmuşdur.

22. Kollegiya belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-235/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar