Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1461/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X6 iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-53/2020 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-53/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdeh X8 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı “Qaz İxrac” İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Qaz-İxrac” İdarəsi iddia ilə məhkəməyə müraciət edərək Siyəzən Magistral X12 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ünvan 4inin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 13 metr məsafədə fərdi yaşayış evi və 12 metr məsafədə daş hasar inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə, “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin, Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası MM-nin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. “Qaz təchizatı haqqında” qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bundan əlavə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. “Qaz İxrac” İdarəsi X15 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa olunan tikintinin qaz kəmərinin və qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. “Qaz İxrac” İdarəsinin nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək iddia üzrə əsl olmayan Cavabdeh əsl cavabdeh X11 ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(029)-259/2019 saylı qəraradadı ilə əsl olmayan Cavabdeh əsl cavabdeh X11 ilə əvəz edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən diametri 159 mm olan yüksək təzyiqli “Qusar QPS qolu” qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin və tikinti işlərinin aparılmasına əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində göstərilən dəlillər işin hallarına ona görə uyğun deyildir ki, məhkəmə iddianın predmeti olan tikilinin sökülməsi tələbini bir kənara qoyub həmin tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını əsas gətirərək səhv nəticəyə gəlmiş, qeyri-mötəbər qərar qəbul etmişdir. Belə ki, sökülməsi tələb edilən tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilsə də, cavabdeh lazımi icazələr almadan (“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) tikinti işləri aparmış və həmin tikilini saxlamaqla “Qaz İxrac” İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmuş və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də, təhlükəsizliyin təmin olunmasının zəruriliyini nəzərə almadan qanunsuz qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 28 mart 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Həmçinin “Texniki təhlükəsizlik haqqında” qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli, 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektləri kateqoriyasına aid edilmişdir. “Qaz təchizatı haqqında” qanunun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.4-cü bəndinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerqurluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və şürüşmə zonasında yerləşməmişdirsə (iş materiallarından müəyyən olunur ki, yerləşir) bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədi ilə torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Məhkəmə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbini rədd etməklə “Qaz təchizatı haqqında” qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və yuxarıda göstərilən digər qanunvericiliyin tələblərini nəzərə almayaraq qaz kəmərinin təhlükəsiz istifadəsinə mane olmasına razılıq vermiş və vətəndaşların həyatını təhlükə altında saxlamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, onun nümayəndəsi və vəkili məhkəməyə müraciət edərk işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə kollegiyası cavabdehin və onun nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Bədirqələ kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh adına 10 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 20 dekabr 2015-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilərək 4Ə-3879 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1i ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini və ümumi sahəsi 56.9 kv.metr, yaşayış sahəsi 31.2 kv.metr, yardımçı sahəsi 25.7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X8 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi X7 adına mülkiyyət hüququ əsasında 16 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 avqust 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 14 may 2018-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən Qusar rayonu Bədirqala kəndi ərazisindən keçən diametri 159 mm olan 12,5-2,5 mr təzyiqli, “Qusar QPS qolu” qaz kəməri qolunun qaz kəmərinin təhlükəsizlik zonasında kəmərdən 13(12) metr məsafədə hasar və fərdi yaşayış evi inşa olunmuşdur. İş materiallarında olan “Qaz İxrac” İdarəsi X15 Kəmərləri Sahəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə ünvanlanmış məktublardan görünür ki, Siyəzən MQKSnin balansında olan Qusar rayonunun ərazisində yerləşən “Qusar” qazpaylayıcı stansiyasının (QPS) və “Qusar QPS qolu” magistral qaz kəmərinin mühafizə zonasında naməlum şəxslər tərəfindən yaşayış evləri tikilir. Gələcəkdə baş verə biləcək xoşagəlməz hadisənin qarşısının vaxtında alınması, qeyd edilən QPS-nin, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması və tikinti sahiblərinin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan X15 Kəmərləri Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, onun tərəfindən inşa edilmiş hasar və fərdi yaşayış evi ilə yüksək təzyiqli və 159 mm diametrli qaz kəməri qolu arasındakı məsafənin 13/12 metr olduğu, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa edilmiş tikili ilə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsinə dair aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 28 sentyabr 2020-cil tarixli, 10/1717 saylı rəyindən görünür ki, ünvan 4i ünvanında yerləşən, X8 məxsus fərdi yaşayış evinin 159 mm-lik 12.5- 25 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magistral qaz kəmərindən 15 metr aralıda, hasar tikilisinin isə 12 metr aralıda yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin bir hissəsinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi mübahisəli ev və hasarın yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmaq olmaz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının sökülməsini tələb etdiyi Qusar rayonun Bədirqələ kəndindəki fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adına mülkiyyət hüququ üzrə 10 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış, 20 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1i ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini və ümumi sahəsi 56,9 kv.metr, yaşayış sahəsi 31,2 kv.metr, yardımçı sahəsi 25,7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X8 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Bədirqələ yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi X7 adına mülkiyyət hüququ üzrə 16 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 240.1-ci maddəsinə görə də torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayonu, Bədirqələ yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin qeydiyyat hazırda qüvvədədir, hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da, bir qayda olaraq, istisna edilmişdir. Belə olan halda, qeydiyyatın həqiqiliyi prezumpsiyası qüvvədədir və nə qədər ki, cavabdehin torpaq sahəsinə və fərdi yaşayış evinə hüquqlarını təsdiq edən qeydiyyat ləğv edilməyib, cavabdehi həmin qeydiyyatdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. Həmçinin “Memarlıq fəaliyyəti haqqında” qanununun 4, 7 və 12-ci maddələrinə, “Şəhərsalmanın əsasları haqqında” qanununun 4, 6, 10, 17, 19, 24 və 26-cı maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 27-ci bəndinə əsasən rayonlarda, o cümlədən kənd yaşayış məntəqələrində memarlıq layihələrinin hazırlanması, layihələrin təsdiq edilməsi, tikintiyə müvafiq icazələrin verilməsi, tikintinin şəhərsalma, tikinti normaları və qaydaları əsasında aparılmasına nəzarət yerli icra hakimiyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunlarda və Fərmanda fərdi yaşayış evinin tikintisi zamanı şəhərsalma qaydalarının gözlənilməsi və tikinti normaları və qaydaları əsasında həyata keçirilməsinə nəzarət edən orqanlar sırasında iddiaçı təşkilat göstərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin Qusar rayonun Bədirqələ kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, sökülməsi tələb edilən fərdi yaşayış evindən ibarət tikinti və hasarla bağlı hər hansı dövlət orqanı tərəfindən ona irad və narazılıqlar bildirilmədiyindən, cavabdeh torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam verməkdə ifadə olunan mülkiyyət hüquqlarını həyata keçirdiyindən, hazırki işdə bu mülkiyyət hüququna müdaxilə üçün qanunda nəzərdə tutulan şərtlər mövcud deyildir. Həmin fərdi yaşayış evinin tikintisi hər hansı ictimai maraqlara zidd deyildir, əksinə, fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Cavabdehin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsi göstərilən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, fərdi yaşayış evinin tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən hər hansı irad və narazılıqlar bildirilmədiyindən, buna görə də qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən fərdi yaşayış evinin və hasarın sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin boşaldılaraq sökülməsi, cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci hissəsinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Bədirqələ yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi X7 adına mülkiyyət hüququ üzrə 16 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 149-cu maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, əgər mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyatı əsassız hesab edilərsə və həmin qeydiyyatın saxlanlması nəticəsində həqiqətən iddiaçı təşkilatın hər hansı hüququ pozulmuş olarsa, hüququna toxunulmuş şəxs kimi iddiaçı təşkilat ilk növbədə torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquq müəyyənedici sənədləri ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər. İddiaçı təşkilatın məhkəmədə belə bir iddia qaldırması iş materiallarından görünmür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X13 İtaliyaya qarşı” işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “Qaz İxrac” İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-53/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1461/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1461/2021
27.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver