Məhkəmə qərarları › İş №2(105)-1462/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1462/2025

26.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1462/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış qaz sərfiyyatı borcunun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış qaz sərfiyyatı borcunun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 1539/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 06 mart 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********0390 saylı abonent kodu üzrə 38664 m3 həcmində qaz itkisi hesablanmışdır.

2. İş materiallarında olan abonent saldosundan göründüyü kimi, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus evə aid **********0390 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4639,68 (dörd min altı yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin Quba rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 4639.68 manat pulun silinməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ev ona məxsusdur, kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni qazdan istifadə olunması barəsində Cavabdeh İB-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt yazaraq 4639.68 manat cərimə yazılmışdır, hansı ki, onun sayğacı və daşıyıcı qaz xətti bayırda evindən çox uzaqda yerləşir. Əlavə olaraq hər hansı bir əlavə xəttdən istifadə olunmamışdır və bunu qaz idarəsinin nəzarətçiləri də bilmişdir, o, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir, ödəniş etməsi barədə qəbzləri də vardır və hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmamışdır. Aktda yazılan qaz cihazları onun mənzilində yoxdur, Cavabdeh İB-nin əməkdaşları evinə baxış keçirmədən bu cihazları akta qeyd ediblər, halbuki, onun evində qeyd olunan qaz cihazları yoxdur. Evə bildiriş gəlmişdir ki, onun Cavabdeh İB-yə 4639.68 manat borcu vardır, halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğaca heç nə qoşulmadığını sübut edə bilər heç bir əlavə kənar xəttdən istifadə olunmamışdır. O, bu borcla bağlı Cavabdeh İB X8 İstismar İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və əsassız borc hesablanmışdır, halbuki o, hər ay nəzarətçinin ona dediyi borcu vaxtında ödəmiş və buna dair qəbzlər vardır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

5. Cavabdeh İB-nin nümayəndəsi B.Seyfullayev iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində əhali abonenti kimi qeydiyyatda olan Dadaşov X4 şəhərinin Qələbə küçəsində yerləşən fərdi yaşayış evində yaşayır və müqavilə əsasında evində təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz" İB-nin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan qaz sayğacından kənar xəttlə təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 38664 m3 və ya 4639,68 manat hesablanmışdır. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin qaz sayğacının üzərinə qoyduğu maqnitin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Buna görə də o, evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir.

6. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək izahatında bildirmişdir ki, evlərində qaz xəttinə kənar qoşulma olmamışdır. Cavabdeh İB-nin əməkdaşları həyətə özbaşına daxil olmuşlar, o işdə olmuş, xəstə və yaşlı atasına yolda imza etdirmişlər və demişlər narahat olma, yaxşı olacaqdır. Video çəkilişdə əks olunan qaz xətti onların deyil qonşunundur, belə ki, onların xətti yerdən divarın yanı ilə gedir, qonşunun xəttini isə Cavabdeh İB-nin əməkdaşları çıxara bilməmişlər.

7. İş üzrə Cavabdeh İB-nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

8. İş materiallarında olan X8 İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli aktda abonentin mənzilinə baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunması qeyd olunmuşdur.

9. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1539/2025 nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddia təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024cü il tarixli tələbnamə ləğv olunmuş və həmin tələbnaməyə əsasən hesablanmış 4639,68 manat məbləğində borc İddiaçı **********00390 saylı abonent hesabından silinməsi, 66,40 (altmış altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, belə bir inzibati araşdırma aparılmamış, şəxsin təqsiri müəyyən edilməmişdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 77, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentin qaz xəttlərinə və qaz sayğacına 6 mart 2024-cü il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə müşayət olunmuşdur. Abonent barəsində “Qazdan istifadə Qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib olunmuş və İddiaçı heç bir irad bildirmədən akta imza edərək sayğacdan kənar xəttlə təbii qazdan istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd olunur ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB Xaçmaz RQİİ-nin “İstehlakçılara satılan qaza nəzarət şöbəsi”nin işçiləri abonent İddiaçı sayğacdan kənar xəttlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə video disk, “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli akt və sair sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı öz çıxışında sayğacdan kənar xəttlə təbii qazdan istifadə etdiyini etiraf etmişdir, lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə qanunsuz xəttlə qazdan istifadə nəticəsində dəymiş ziyanın bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini qətnamədə əsaslandırmamışdır. Abonent İddiaçı saldosuna nəzər yetirdikdə onun sayğacdan kənar xəttlə təbii qazı taladığı aşkar surətdə müəyyən olunur. Belə ki, abonent qanunsuz kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsini inkar etməmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa, ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması və bununla da İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

20. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

21. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

34. İddiaçı göstərilən faktı etiraf etmir, əksinə onun tərəfindən belə bir pozuntuya yol verilmədiyini iddia edir.

35. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2024-cü il tarixli akta əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 38664 kub metr əlavə sərfiyyat hesablanmışdır.

36. 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486 VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1ci maddə əlavə edilmişdir;

37. “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”

38. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

39. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Kollegiya qeyd edir ki, istehlakçının qaz sayğacına müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması iddia tələbinin təmin edilməsi üçün əsas olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.

41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1539/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1539/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar