Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1463/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1392/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Akta əsasən abonentin mənzilinə baxış keçirərkən abonentin sayğcdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu.
2. Dəymiş ziyanın bərpasına dair 09 oktyabr 2024-cü il tarixli, tələbnamənin surətindən görünür ki, Quba şəhəri, SMU-12 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********0880 saylı abonent kodu üzrə 17280 m3 həcmində qaz itkisi hesablanmışdır.
3. Abonent saldosundan göründüyü kimi, Quba şəhəri, SMU-12 ünvanda yerləşən İddiaçı məxsus evə aid **********0880 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 2073,60 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli aktın ləğv edilməsi, hesablanmış 2073,60 manat məbləğində ziyanın **********0880 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba şəhəri, SMU-12-də yerləşən mənzildən kənarda quraşdırılmışdır. 04 oktyabr 2024-cü il tarixdə Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və **********0880 nömrəli abonent koduma 2073,60 manat borc hesablanmışdır. Bildirir ki, o həmin aktla razılaşmır. Qaz sayğacından kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməmişdir, heç zaman qaz sayğacına müdaxilə etməmişdir. Həmin borc əsassız olduğundan **********0880 nömrəli abonent hesabından silinməlidir.
6. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh Xaçmaz RQİİ-nin Quba xidmət Sahəsində əhali abonenti kimi qeydiyyatda olan İddiaçı Quba şəhərinin SMU-12 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və Müqavilə əsasında evində təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə "Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan qaz sayğacından kənar xətlə təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il-tarixli ******* nömrəli "təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 17280 m3 və ya 2073,60 manat hesablanmışdır. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə edilməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin qaz savğacının üzərinə qoyduğu maqnitin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1392/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamənin ləğv olunması və həmin tələbnaməyə əsasən hesablanmış 2073,60 manat məbləğində borcun İddiaçı **********00880 saylı abonent hesabından silinməsi, 44,74 (qırx dörd manat, yetmiş dörd) manat məbləğində dövlət rüsumunun Cavabdeh İBdən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunması qət edilmişdir (hakim Nigar Xəlilova).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.8, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 81, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1392/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə video-disk, təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli akt və s. sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı öz çıxışında sayğacdan kənar xətlə təbii qazdan istifadə etdiyini etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə qanunsuz xətlə qazdan istifadə nəticəsində dəymiş ziyanın bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini qətnamədə əsaslandırmamışdır. Abonent İddiaçı saldosuna nəzər yetirdikdə onun sayğacdan kənar xətlə təbii qazı taladığı aşkar surətdə müəyyən olunur. Belə də ki, abonent qanunsuz kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsini inkar etmir.
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkaredildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləməsaatı nəzərə alınmaqla hesablanır. Bundan başqa “Qazdan qanunsuzistifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir.
12. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki-hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxs tərəfindən vurulmuş zərər tam həcmdə zərər vurulan şəxsə ödənilməlidir. Delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Quba Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olıunmuş əməlini delikt kimi qiymətləndirməmişdir.
13. Həmin maddəyə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-yə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun bütünlüklə silməsi heç bir məntiqə uyğun gəlmir.
14. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun heç bir yerdə işləməməsi, maddi vəziyyətinə görə qanunsuz qaz xətlə təbii qazdan istifadə etmək məcburiyyətində olmasıdır. İddiaçının maddi vəziyyəti və ya onun heç bir yerdə işləməməsi qaz şəbəkəsinə qanunsuz qoşulmasına əsas vermir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir.
15. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər.
18. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
19. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
25. Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
26. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
27. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
28. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
29. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
33. Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
34. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
35. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
47. Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1392/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələdirilmiş və iddianın tam rədd olunması xahiş edilmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
49. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
50. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Akta əsasən abonentin mənzilinə baxış keçirərkən abonentin sayğcdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Faktla bağlı dəymiş ziyanın bərpasına dair 09 oktyabr 2024-cü il tarixli, təlabnamə ilə Quba şəhəri, SMU-12 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********0880 saylı abonent kodu üzrə 17280 m3 həcmində qaz itkisi hesablanmışdır. Beləliklə, İddiaçı məxsus evə aid **********0880 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 2073,60 manat borc hesablanmışdır.
51. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Quba şəhəri, SMU-12 ünvanda yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən, Cavabdeh tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından 2073,60 manat borcun abonentin hesabından silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
52. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası əvvəla qeyd edir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq cavabdehin vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir.
53. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına qoşulma halı təsdiqini tapsa da məhz müvafiq inzibati araşdırmanın aparılmamışdır. Belə ki, qazın talanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və cinayət təqibi orqanının qərarı olmadan və ya bu məhkəmənin qərarı ilə təsdiq edilmədən şəxsi təqsirli hesab edərək borc yazılması yolverilməzdir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gələrək iddianı qismən təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.
57. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1392/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.