Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1468/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)-118/2021 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) ərizənin təmin edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X1”nun, “X4”nun, “Ərizəçi2 Salaməddin oğlu”nun və “Ərizəçi3 Salaməddin qızı”nın adlarına verilmiş JN:101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X1”nun, “X4”nun, “Ərizəçi2 Salaməddin oğlu”nun və “Ərizəçi3 Salaməddin qızı”nın adlarına verilmiş JN:101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara- yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onların mülkiyyətlərinə Qusar rayonu Bədişqala kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən təsdiq olunmuş JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə Ərizəçi1 adı səhvən “Salaməddin”, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ata adları səhvən “Salaməddin” qeyd edilmişdir. Ərizəçi1 1999-cu il təvəllüdlü X5 adlı bir oğlan uşağı olmuşdur. Həmin uşaq 02 fevral 2000-ci il tarixdə vəfat etmişdir. X5 torpaq islahatları başlayandan sonra anadan olduğu üçün ona torpaq payı düşməmişdir. Lakin, buna baxmayaraq ərizəçilərin adlarına verilmiş həmin Şəhadətnamədə səhvən mərhum X2 da adı qeyd edilmiş, həm də onun adı təhrif olunaraq “X4” kimi qeyd edilmişdir. Belə bir şəxs nə onların ailə üzvləri arasında yoxdur, nə də ki, Qusar rayonu Bədişqala kəndində yaşamır. Bu yaxınlarda onlar həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, məlum Şəhadətnamədə yuxarıda göstərilən səhvlər olduğu üçün həmin idarə sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də, Ərizəçi1 adının “Samuddin”, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ata adlarının isə “Samuddin” olması ərizəyə əlavə edilmiş şəxsiyyətlərini təsdiq edən sənədlərlə təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. Bundan əlavə JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən mərhum X2 adının da, özü də təhrif edilmiş şəkildə “X4” kimi qeyd edilməsi, belə bir şəxsin Qusar rayonu Bədişqala kəndində, Gedəzeyxur kənd icra nümayəndəliyinin ərazisində yaşamaması həmin nümayəndəliyin müvafiq arayışları ilə təsdiq edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər ərizəçilərə və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçi, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini iş üzrə toplanmış sübutlarla faktın təsdiq edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, ərizəçilərə Qusar rayonunda torpaq islahatları keçirilərkən onların mülkiyyətlərinə Qusar rayonu Bədişqala kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verildiyini, həmin həyətyanı torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən təsdiq olunmuş JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edildiyini, həmin şəhadətnamədə Ərizəçi1 adı səhvən “Salaməddin”, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ata adları səhvən “Salaməddin” qeyd edildiyini əsas gətirərək, hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs mülkiyyət hüququ ilə bağlı məsələyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərədə tutuan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquq əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçilərə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 402-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1468/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1468/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver