Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1469/2021 11.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı və onun vəkili X14, Cavabdeh, onun vəkili və nümayəndəsi X27 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)-94/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə, Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60-10301 olan 09.07.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasport etibarsız hesab edilmişdir. (hakim A.Vəliyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi də apelyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)-94/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, keçmiş Lenin küçəsi, 35 nömrəli yaşayış evinə dair miras qoyan Əmirtağı İbrahimovdan qanuni vərəsə X12 adına Qusar rayon Notariat Kontorunun 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan 09.07.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 oktyabr 1933-cü il tarixdə Hil (indiki Qusar) rayonunun hakiminin təsdiq etdiyi akta əsasən X1, onun anası Xocayeva Xasultan və sonuncunun ikinci əri Əmirtağı İbrahimov tərəfindən Qusar şəhəri, Lenin küçəsi, 27 nömrəli yaşayış evini 4000 rubla pula satın alaraq həmin evdə yaşamağa başlamışlar. Onun özü xx xxxx 1949-cu ildə həmin evdə anadan olmuşdur. X29 1958-ci ildə, onun əri Əmirtağı İbrahimov isə 1955-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra, mübahisəli evdə X1 və X21 birlikdə yaşamışlar. 1966-cı ildə X4 şəhəri, Müqtədir küçəsi, ev 59 ünvanda öz adına yaşayış evi tikdirmiş və həmin ildə də ailəsi ilə birlikdə mübahisəli evdən bu evə köçmüşdür. Mübahisəli evdə isə atası Əli Abdurahmanovun ailəsi qalıb yaşamışdır. Evin bütün təmir işləri atası Əli tərəfindən öz vəsaiti hesabına həyata keçirilmişdir. Atası ögey qardaşı olan Paşa İbrahimovla evlə bağlı məsələni birdəfəlik həll etmək məqsədi ilə Qusar kommunal təsərrüfat şöbəsinin 1973-cü ildə 93 nömrəli arayışı və 24 dekabr 1973-cü il tarixli, 401 nömrəli torpaq qeydinə əsasən mübahisəli ev atasından irs qalmış əmlak kimi X12 adına qeyd edilməklə Qusar rayon Notariat Kontorunda 29 dekabr 1973-cü il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Paşa İbrahimov tərəfindən atası Əli Abdurahmanova bağışlanmışdır. Bundan sonra, mübahisəli evlə bağlı Paşa İbrahimovla atası Əli Abdurahmanov arasında heç bir mübahisə qalmamışdır. X1 07 mart 1982-ci ildə Qusar şəhərində vəfat etmişdir. Atasının ölümündən sonra mübahisəli evdə anası X8, o və digər bacı-qardaşları qalıb yaşamışlar. X20 07 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, mübahisəli ev onun və qardaşı X15 istifadəsində olmuşdur. Cavabdeh atasının ögey qardaşı olan İbrahimov Paşanın oğludur. O, atasından miras qalmış ünvan 1 ünvanında yaşayır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh atası Əli Abdurahmanovdan miras qalmış Qusar şəhəri, F. Musayev (əvvəlki Lenin) küçəsi, 35 nömrəli yaşayış evini öz adına keçirmişdir. Bunu dəqiqləşdirmək üçün vəkil vasitəsilə DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ünvan 2 yaşayış evinə X16 adına dekabr 1983-cü il tarixli, 145 inventar nömrəli texniki pasport verilmiş, həmin evin Xasoltan Qocayevaya məxsus olması 359 nömrəli torpaq qeydi ilə təsdiq olunmuşdur. Bundan əlavə, Qusar rayon Dövlət Notariusunun 21 dekabr 1973-cü il tarixli, 17 /6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şahadətnaməyə əsasən ünvan 2 yaşayış evi irs buraxan Əmirtağı İbrahimovun qanuni vərəsəsi X17 verilmişdir. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 97,1 kv. metr olan yaşayış evi X12 adına qeydiyyata alınmışdır. Beləliklə, Cavabdeh onun X1ndan, nənəsi X13 və atası Əmirtağı İbrahimovdan miras qalmış yaşayış evini qanunsuz yollarla atası X12 adına keçirmişdir. Mübahisəli yaşayış evi həmin dövrdə notariat funksiyalarını yerinə yetirən Hil rayon məhkəməsinin hakiminin təsdiq etdiyi 17 oktyabr 1933-cü il tarixli alqı-satqı aktına əsasən Əmirtaği İbrahimov, atası Əli Abdurahmanov və atasının anası Xasultan Xocayeva tərəfindən şərikli qaydada satın alınmışdır, yəni həmin mülk adları göstərilən 3 nəfərin birgə mülkiyyəti olmuşdur. Lakin sonradan həmin yaşayış evi tək Əmirtağı İbrahimovdan irs qalmış əmlak kimi qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə əsasında cavabdehin atası X17 verilmişdir. 29 dekabr 1973-cü il tarixdə Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ev bağışlamaq haqqında müqavilənaməyə əsasən ünvan 2 ünvanda 424 kv. metr torpaq sahəsində yerləşən bir mərtəbəli 3 otaqlı yaşayış evi X21 tərəfindən onun X1na bağışlanmışdır, yəni həmin müqavilədən sonra mübahisəli evə dair X12 hüquqlarına xitam verilmişdir. Belə olan halda, mübahisəli evə sonradan X12 adına reyestrdən çıxarışın və texniki pasportun hazırlanması tamamilə əsassızdır. Mübahisəli ev şərikli qaydada atası Əli Abdurahmanov, onun anası Xasultan Qocayeva və sonuncunun əri Əmirtağı İbrahimov tərəfindən 1933-cü ildə satın alındığı üçün, evdə nənəsi Xasultana məxsus olmuş ⅓ hissəsinə onun ölümündən sonra vərəsəlik açılmış, mirası birinci dərəcədə vərəsə kimi atası Əli Abdurahmanov qəbul etmiş, bununla da mübahisəli evdə atası Əlinin payı ⅔ (⅓+⅓=⅔) hissə olmuşdur. 29 dekabr 1973-cü il tarixdə notariatda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mübahisəli evdə İbrahimov Əmirtağıya məxsus olmuş payı onun birinci dərəcədə vərəsəsi olan oğlu X21 tərəfindən atası Əli Abdurahmanova bağışlanmışdır. Beləliklə, həmin müqavilədən sonra mübahisəli ev bütövlükdə X1nun mülkiyyətinə keçmişdir. Atası Əlinin ölümündən sonra mübahisəli ev onun sərəncamına keçmiş, həmin evdə onun tərəfindən əsaslı təmir işləri həyata keçirilmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddianı təmin edərkən mərhum atasının adına vərəsəlik hüququ haqqında şəhadətnamə və mübahisəli evə dair reyestrdən çıxarış verilərkən iddiaçının vərəsəlik hüququnun pozulmasına istinad etmişdir. Mübahisəli əmlaka dair iddiaçının hər hansı hüququnun olmasını təsdiq edən heç bir mötəbər sənəd mövcud deyil. Miras əmlaka dair hüquqlar yalnız babasının adına qeydə alınmış, sonradan həmin miras əmlaka dair vərəsəlik haqda şəhadətnamə və bunun əsasında reyestrdən çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının hansı hüququnun pozulması və ya onun ümumiyyətlə bu iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməmişdir. İddiaçının doğulan gündən həmin evdə yaşaması onun yalnız həmin evə dair istifadə hüququnun olmasını müəyyən edir. Amma vərəsəlik hüququ ilə yaşayış hüquqları ayrı-ayrı institutlardır və bu halda iddiaçının və onun atasının yalnız həmin evdə yaşaması qənaətinə gəlməklə miras əmlaka dair şəhadətnamə və reyestrdən çıxarış verilərkən onların vərəsəlik hüquqlarının pozulması nəticəsinə gəlmək əsassızdır. Bu miras əmlak üzrə nə iddiaçı, nə də onun atası mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməmişlər və bu günə qədər də bununla əlaqədar hər hansı bir mübahisə açmamışlar. 1958-ci ildə babası İbrahimov Əmirtağı, 1961-ci ildə isə nənəsi İbrahimova Xasultan vəfat etmişlər və onların ölümündən keçən 60 il ərzində iddiaçı və ya atası həmin miras əməlaka dair hər hansı bir hüquqlarını irəli sürməmişlər. Atasına isə vərəsəlik haqqında şəhadətnamə 1973-cii il tarixdə verilmişdir və həmin ildən 57 il vaxt ötmüşdür. Şəhadətnamə verilməsindən 57 il keçəndən sonra iddiaçının bu şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia verməsi və məhkəmənin də bu iddianı təmin etməsi qanunsuz olmuşdur, çünki iddiaçı bu barədə həmin dövrdə qüvvədə olmuş mülki qanunvercilikdə nəzərdə tutulmuş ümumi iddia müddətini ötürmüşdür. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçı tərəf guya onun atasının bağışlama müqaviləsi əsasında miras evi iddiaçının atasına bağışlaması barədə müqaviləni təqdim etmişdir. O, həmin müqavilənin saxta olmasını bildirərək oradakı imzanın atasına məxsus olmamasını demiş və bu barədə ekspertiza təyin edilməsini xahiş etmiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bundan əlavə, iddianın məzmunundan görünür ki,iddiaçı həm notarius tərəfindən verilmiş vərəsəlik haqda şəhadətnaməni, həm də reyestr xidməti tərəfindən verilmiş çıxarışı və texniki pasportu mübahisələndirmişdir. Bu halda isə mübahisəyə ümumi məhkəmə icraatında baxılmalı deyildi və iş üzrə icraata xitam verilməli idi. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X12 adına verilmiş qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60-10301 olan 09.07.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportda göstərilən Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evi Qusar rayonu notariat ofisi tərəfindən tərtib edilmiş 19.12.2018-ci il tarixli, 2V-749 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh keçmişdir. Həmin şəhadətnamə əsasında Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvanda 0,0424 ha torpaq sahəsinə və üzərində yerləşən yaşayış evinə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyat tarixi 24.09.2020-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmidir. Bununla da ləğv edilməsi nəzərdə tutulan evə və torpaq sahəsinə dair mülkiyyət hüququ X21 tərəfindən itirilmişdir və bu halda gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl torpaq sahəsinin cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Lakin hazırkı halda həmin hallar tam araşdırılmadığından qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X40 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı və onun vəkili X24 şikayətlə razılaşmadılar və onun rədd edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Ofisi xəbərdar edilsələr də, nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Hil rayon (indiki Qusar rayonu) Xalq Məhkəməsinin hakimi tərəfindən təsdiq edilmiş 17 oktyabr 1933-cü il tarixli alqı-satqı aktının surətindən görünür ki, Qusar şəhəri, Lenin küçəsi (indiki F.Musayev) küçəsində yerləşən ev Mirtağı İbrahimov, Xasultan Xocayeva və Əli Abdurahmanov tərəfindən satın alınmışdır. Yenə iş materiallarında olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş dekabr 1983-cü il tarixli texniki pasportun surətindən görünür ki, həmin evin sahibi 359 saylı torpaq qeydinə əsasən Xasultan Xocayeva olmuşdur. Yenə də iş materiallarında olan Qusar rayon ZDS İcraiyyə Komitəsinin 24 avqust 1973-cü il tarixli, 218 saylı qərarının surətindən görünür ki, ünvan 2 evdə yaşayan Əli Abdurahmanova fərdi evin təmirindən ötrü 300 (üç yüz) manat ssuda verilmişdir. İşdə olan Azərbaycan SSR Maliyyə Nazirliyinin Qusar rayonu üzrə Dövlət Sığorta Müfəttişliyi tərəfindən verilmiş 04 avqust 1973-cü il tarixli, 72 saylı arayışın surətindən görünür ki, ünvan 5 ünvanda yaşayan X3 hesabında olan evi 1973-cü ilin icbari oklad sığorta kompaniyası materiallarına əsasən 702 (yeddi yüz iki) manat dəyərində sığortalanmışdır. Yenə işdə olan Qusar rayon XDS İK-nin 12.09.1979-cu il tarixli, 173 saylı arayışının surətindən görünür ki, ünvan 6 ünvanda yaşayan X3 həqiqətən də, yaşayış evinin təmirinə ehtiyacı vardır. Yenə də işdə olan X12 Qusar rayon Dövlət Notariat Kontoruna göndərdiyi 18.12.1973-cü il tarixli ərizəsindən görünür ki, o, 30 dekabr 1958-ci il tarixdə atası X6, 09.07.1961-ci il tarixdə anası X10 vəfat etdiyini bildirmiş və Qusar şəhəri, Lenin küçəsindəki 35 nömrəli ünvanda yerləşən evin adına rəsmiləşdirilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 05 sentyabr 1973-cü il tarixli, 385 saylı torpaq qeydinin surətindən görünür ki, ünvan 8 ünvanda yeləşən torpaq sahəsinin istifadəçisi kimi X25 qeyd edilmişdir. Yenə işə əlavə edilmiş 21 dekabr 1973-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Qusar şəhəri, Lenin küçəsi, 35 ünvanda yerləşən ev vərəsəlik yolu ilə Əmirtağı İbrahimovdan onun oğlu Cavabdeh verilmişdir. Yenə də işə əlavə edilmiş 29.12.1973-cü il tarixli ev bağışlamaq haqqında müqavilənamənin surətindən görünür ki, Cavabdeh ünvan 9 ünvanda yerləşən evi qardaşı X5 bağışlamışdır. İş materiallarında olan RX ******* saylı, 16.07.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 09.07.2018-ci il tarixli inventar nömrəsi 2089, reyestr nömrəsi **********60-10301 olan texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə X12 adına qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan 19 dekabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ev vərəsəlik yolu ilə Cavabdeh verilmişdir. Yenə də iş materiallarında olan AZ-T 092934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1949-cu ildə anadan olmuş, X1dur. İşdə olan İİ-JQ 338527 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 mart 1982-ci il tarixdə vəfat etmişdir. Yenə işdə olan İİİ-JQ 426731 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 16 fevral 1988-ci il tarixdə vəfat etmişdir. Yenə də işdə olan arxiv sənədləri ilə müəyyən olunur ki, ünvan 10 ünvanda yerləşən evin kommunal, vergi və digər xərcləri X9 tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26.04.2019-cu il tarixli, **********52 saylı məktubdan görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərin surətləri Xaçmaz rayon Hüquq Məsləhətxanasına təqdim olunmuşdur. Yenə də işə əlavə edilmiş Qusar rayonu notariat kontorunun notariusunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 21 iyun 2018-ci il tarixli, x373 saylı məktubundan görünür ki, notarius 16.02.1988-ci ildə vəfat etmiş X11 miras qalmış ünvan 14 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququnun vəfat etmiş şəxsə aid olması barədə çıxarış verilməsini xahiş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi vərəsəlik haqqında şəhadətnamənin və mübahisəli yaşayış evin dair texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yenə qətnamə qəbul edilməli, iddia təmin olunmamalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 17 oktyabr 1933-cü il tarixdə iddiaçının X1, onun anası Xasultan Xocayeva və sonuncunun ikinci əri X31 şəhəri, keçmiş Lenin küçəsi (indiki F.Musayev) 35 ünvanında yerləşən evi satın almışlar. Evin alqı-satqı aktı tərtib edilməklə həmin dövrdə mövcud olmuş Hil rayon Xalq Məhkəməsinin hakimi tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan etibarən vəfat edənədək iddiaçının atası Əli Abdurahmanov həmin evdə yaşamışdır. 1958-ci ildə Əmirtağı İbrahimov vəfat etmişdir. Xasultan Xocayeva isə həmin şəxsdən sonra 1961-ci ildə vəfat etmişdir. Xasultan Xocayeva ilə Əmirtağı İbrahimovun birgə uşaqları olan X21 1966-cı ildə həmin evdən çıxaraq ünvan 16 ünvanda inşa etdirdiyi evə köçmüş və həmin vaxtdan mübahisəli evdə yalnız Əli Abdurahmanov öz ailəsi ilə birlikdə yaşamışdır. X18 Xocayeva vəfat edənədək həmin evə dair yuxarıda göstərilən məlum alqı-satqı aktından başqa heç bir hüquq müəyyənedici sənəd mövcud olmamışdır. Sonradan həmin evə dair texniki pasport tərtib edilməklə evin sahibinin Xasultan Xocayeva olması, həmçinin evin yerləşdiyi torpaq sahəsinə dair həmin şəxsin adına torpaq qeydinin olması qeyd edilmişdir. Əmirtağı İbrahimov vəfat edənədək onun adına texniki pasport və ya torpaq qeydi isə olmamışdır. Yalnız həmin şəxs vəfat etdikdən xeyli müddət keçdikdən sonra-yəni 05 sentyabr 1973-cü il tarixdə Əmirtağı İbrahimov adlı şəxsin adına torpaq qeydi verilmişdir. Həmin müddətlərdə mübahisəli evdə faktiki olaraq evin alıcılarından olan iddiaçının X1 yaşamış və dövlətdən ssuda götürərək həmin evin təmir-bərpası üçün vəsait xərcləmişdir. Bununla da, həmin evin faktiki istifadəçisi və idarəçisi Əli Abdurahmanov olmuşdur. Cavabdehin babası Əmirtağı İbrahimov vəfat edənədək mübahisəli evdə yaşasa da, cavabdehin atası Paşa İbrahimov yuxarıda göstərildiyi kimi 1966-cı ildən həmin evdən çıxmış və ünvan 16 ünvanda özünə ev inşa etdirərək orada yaşamışdır. 21 dekabr 1973-cü il tarixdə isə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən mübahisəli ünvan 17 ünvanda yerləşən ev bütövlükdə Əmirtağı İbrahimovun miras kütləsinə daxil edilməklə Paşa İbrahimovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29.12.1973-cü il tarixdə isə X42 Abdurahmanov arasında bağışlama müqaviləsi bağlanmaqla həmin ev sonuncuya bağışlanmışdır. Başqa sözlə, hazırda mübahisə predmetinə çevrilmiş fərdi yaşayış evinin hüquqi müqəddəratı iş üzrə cavabdehin atası Paşa İbrahimov və iddiaçının atası Əli Abdurahmanov tərəfindən 29.12.1973-cü il tarixində həll edilmiş, ev Əli Abdurahmanovun sahibliyinə və istifadəsinə verilmişdir. Bununla da, qeyd edilən yaşayış evinə dair Paşa İbrahimovun heç bir hüququ qalmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ondan sonra evin tədiyə ödəyicisi Əli Abdurahmanov olmuş, evin təmiri üçün ssuda da ona ayrılmışdır. Mübahisəli fərdi yaşayış evinin işə əlavə edilmiş, 09.07.2018-ci ildə tərtib edilmiş texniki pasportundan belə məlum olur ki, həmin ev 1984cü ildə inşa edilmişdir.Başqa sözlə, qeyd edilən fərdi yaşayış evi yenidən tikilmiş və yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Bu işlərin isə iş materialların əlavə edilmiş çoxaylı sənədlərə əsasən Əli Abdurahmanov və onun övladları tərəfindən görülməsi şübhə doğurmur. İşin tədqiq olunan faktiki hallarından o da məlum olur ki, mübahisəli evə Əli Abdurahmanova notarial qaydada bağışlansa da, onun sahibliyinə və istifadəsinə verilsə də nə o, nə də onun vərəsələri həmin evə dair hüquqlarını rəsmi reyestrdə qeydə aldırmamışlar. Bu səbəbdən də iş üzrə cavabdeh 1973-cü il tarixli vərəsəlik şəhadətnaməsindən istifadə etməklə artıq hüquqi müqəddəratı 29.12.1973-cü ildə həll edilmiş, yəni artıq başqasının əmlakı olan həmin evə dair mərhum atasının mülkiyyət hüququnun rəsmi reyestrdə qeydə alınmasına nail olmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, cavabdehin 1973-cü il tarixli vərəsəlik şəhadətnaməsindən sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı birinci tələbi Qusar şəhəri, keçmiş Lenin küçəsi, 35 nömrəli yaşayış evinə dair miras qoyan Əmirtağı İbrahimovdan qanuni vərəsə X12 adına Qusar rayon Notariat Kontorunun 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədədir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli şəhadətnamə 1973-cü ildə tərtib edildiyindən bu şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində mübahisə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müvafiq normalarına uyğun həll edilməlidir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Yenə həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı hazırda 21 dekabr 1973-cü il tarixdə tərtib edilmiş 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməni mübahisələndirir, halbuki yuxarıda qeyd edilmş normaların tələbinə görə o, bu barədə iddianı qaldırmaq üçün qanunla nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür, bu isə həmin iddianın rədd edilməsi üçün əsasdır. İşə baxan məhkəmə iddianı bu hissədə təmin edərkən bu hala düzgün qiymət verməmiş, mübahisənin həlli üçün tətbiq edilməli normanı tətbiq etməmiş, bununla da 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan əsaslara görə qətnamə həmin hissədə ləğv edilməli, iddia müddəti ötürlüdyü üçün 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə İddiaçı iddiası təmin edilməməlidir. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli yaşayış evinə dair tərtib edilmiş reyestr nömrəsi **********60-10301 olan 09.07.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi tələbi də təmin edilə bilməz. Belə ki, qeyd olunan texniki pasport hüquqmüəyyənedici sənəd deyildir və texniki sənəd kimi onunla bağlı rəsmi reyestrdə qeydiyyat aparılmamışdır. Lakin işə baxan məhkəmə bu hala düzgün qiymət verməmiş, heç bir ehtiyac olmadığı halda hüquqi əhəmiyyət daşımayan texniki sənədin etibarsızlığı nəticəsinə gəlmişdir. Buna görə də qətnamə həmin hissədə də ləğv edilməli, o hissədə yeni qətnamə qəbul edilib iddia təmin edilməməlidir. İddianın DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi 21 dekabr 1973-cü il tarixdə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən mübahisəli ünvan 17 ünvanda yerləşən ev bütövlükdə Əmirtağı İbrahimovun miras kütləsinə daxil edilməklə Paşa İbrahimovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29.12.1973-cü il tarixdə isə X42 Abdurahmanov arasında bağışlama müqaviləsi bağlanmaqla həmin ev sonuncuya bağışlanmışdır. Hüquq münasibətinin yarandığı 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 10-cu maddəsinə əsasən qanuna uyğun olaraq vətəndaşlar şəxsi mülkiyyətdə əmlaka, yaşayış binasından və sair əmlakdan istifadə etmək hüququna, əmlakı miras almaq və əmlakı vəsiyyət etmək, sənət və yaşayış yeri seçmək hüququna, elm, ədəbiyyat və incəsənət əsərlərinin, kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin sənaye nümunələrinin müəllifi olmaq hüququna, habelə sair əmlak və şəxsi qeyri-əmlak hüquqlarına malik ola bilərlər Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Yenə həmin Məcəllənin 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (dövlət təşkilatlarında isə əmlakı əməli surətdə idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. Daha öncə qeyd edildiyi kimi hazırda mülkiyyət hüququ mübahisələndirilən cavabdehin atası mübahisə predmetinə çevrilmiş fərdi yaşayış evinə dair hələ 29.12.1973-cü ildə sərəncam vermiş, onu özgəninkiləşdirmiş, həmin vaxtdan da qeyd edilən evə dair hüquqlar Əli Abdurəhmanova keçmişdir. Yəni həmin ev ona məxsus miras əmlak hesab edilə bilməzdi. İşdən göründüyü kimi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, adına qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, 21 dekabr 1973-cü il tarixdə Qusar şəhəri, keçmiş Lenin küçəsində (indiki F.Musayev) yerləşən 35 saylı evə dair qanun üzrə vərəsəlik hüququ əldə etmiş X21 həmin daşınmaz əmlakı 29 dekabr 1973-cü ildə (8 gün sonra) X5 (iddiaçının atasına) bağışladığından X12 həmin evdəki bütün hüquqlarına xitam verilmişdir. Lakin işdəki RX ******* saylı, 16.07.2018-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, mübahisəli evin mülkiyyət hüququna dair X12 adına reyestrdən çıxarış verilmiş, onun adına 09.07.2018-ci il tarixdə fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir, bu isə həm keçmiş, həm də hazırda qüvvədə olan mülki qanunvericliyə ziddir, yəni artıq miras kütləsinə daxil olmayan əmlaka dair yenidən vərəsənin adına mülkiyyət hüququnun qeydə alınması yolverilməzdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair reyestrdən çıxarışın etibarsızlığı hissəsində qətnamə qanunidir və onun bu hissədə ləğv edilməsi üçün məhkəmə kollegiyası heç bir əsas görmür. İş üzrə cavabdeh apelyasiya şikayətində daha öncə qeyd olunan bağışlama müqaviləsinin saxta olması barədə dəlil irəli sürsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Digər tərəfdən həmin müqavilə ayrıca məhkəmə qaydasında mübahisələndirilməmişdir və bu gün də qüvvədədir. Ən əsası isə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə görə həmin müqavilənin mübahisələndirilməsi üçün tələb edilən iddia müddəti də buraxılmışdır. Mübahisənin bu hissədə inzibati icraat qaydasında həll olunması barədə cavabdehin dəlili əsassızdır, çünki qeyd edilən reyestrdən çıxarış məhz mülki hüquqi əqdə, yəni 21 dekabr 1973-cü il tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən tərtib edilmişdir və inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətlə bağlılığı yoxdur. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, Cavabdeh və üçüncü şəxs DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi isə apelyasiya şikayətlərinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla məhkəmə iclasında qismən sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər, yaxud həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən tamamilə və ya qismən ləğv edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi vərəsəlik haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan 09.07.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə iddia təmin olunmamalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün apelyantların ödədikləri dövlət rüsumları onların özlərinə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021ci il tarixli qətnaməsi qismən-Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan 09.07.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilsin. Bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmasın. Qalan hissədə, yəni Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi 16.07.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh və üçüncü şəxs DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1469/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1469/2021
11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver