Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1472/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X10, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X8 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-51/2020 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi N.R.Nəzərovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-51/2020 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci İddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin -VÖEN**********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi R.R.Nəzərov apelyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-51/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999- cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ünvan 1i ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X15 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 30 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədənqaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Belə ki, sözügedən tikili tikinti aparmaq üçün lazımi icazələr alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus, təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. “Qaz İxrac” İdarəsi X18 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa olunan tikintinin adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyanın mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur.Ona görə də, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X15 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi N.R.Nəzərov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 24 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qusar rayon Bədirqala kəndi ərazisində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-098A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Cavabdeh Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi özbaşına tikinti sayılmadığından, yəni evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla ona verildiyindən, eləcə də yaşayış evinin tikintisi məqsədi ilə verilmiş torpaq sahəsində inşa edildiyindən iddiaçı təşkilatın ona qarşı yaşayış evinin sökülməsi barədə iddiası qanuni və əsaslı sayıla bilməz. Cavabdeh 0.14 ha həyətyanı torpaq sahəsi və yaşayış evinin onun şəksiz mülkiyyətində olması onun həmin torpaq və yaşayış sahəsi üzərindəki mülkiyyətçi hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin ediməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 14 may 2018-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayonunun Bədirqala kəndində yaşayan Cavabdeh tərəfindən 159 mm-lik, 12,5÷2,5 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magıstral qaz kəmərinin mühafizə zonasında kəmərdən 30 metr məsafədə fərdi yaşayış evi inşa olunmuşdur. JN-098A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 nömrəli qərarı ilə X1, X3, X9 və X6 mülkiyyətlərinə ünvan 1i ərazisindən 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2020-cil tarixli 10/1715 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən, Cavabdeh məxsus 11x14.5 metr ölçüdə fərdi yaşayış evinin 159 mm-lik 12.5- 25 MP təzyiqli Qusar QPS qaz kəməriqolu magistral qaz kəmərindən 17 metr aralıda yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməriqolu magistral qaz kəmərinin mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilir. Tədqiqat obyektinə baxış keçirilməsi və əlavə sənədlərin təqdim olunması barədə 27 iyul 2020-ci il tarixdə vəsatət verilmiş və vəsatətə cavab olaraq tədqiqat obyektinə baxışın keçirilməsi 04 sentyabr 2020-ci il tarixdə təyin olunmuşdur. Lakin tədqiqat obyektinə baxış keçirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri iştirak etmədiyindən və ekspertizaya bu günə qədər hər hansı bir sənəd (mütəxəssis rəyi) təqdim olunmadığından qərardadın sualının dördüncü və beşinci hissələri üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.3-cü maddəsinin tələblərinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-cü maddəsinin tələblərinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddələrin müddəlarından görünür ki, sökülməsi tələb edilən tikinti cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilsə də, cavabdeh lazımi icazələr almadan (“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) tikinti işləri aparmış və həmin tikinti saxlanılmaqla “Qaz İxrac” İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmuş və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair 28 mart 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Texniki təhlükəsizlik haqqında” 02.11,1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanurrünun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlärınin yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na əsasən, magistral qaz kəmərlərinin, mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinin "a" hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir ve müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarini pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş üzrə cavabdeh arasında mövcud olmamışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Beləliklə, mübahisə predmeti olan tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Ona görə də, cavabdeh tərəfindən mühafizə zonasında inşa edilmiş tikili həm özünün,həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunmalıdır. Cavabdeh tərəf həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilərək “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X15 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12- 25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evi öz vəsaiti hesabına sökülməli və mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatına xərclənmiş rəyin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçı ərizəsi əsaslı olduğundan cavabdeh X4 alınıb müvafiq bank hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi N.R.Nəzərovun verdiyi apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(029)-51/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X15 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülsün və mühafizə zonasından çıxarılsın. Cavabdeh iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu tutulub “Qaz İxrac” İdarəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1472/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1472/2021
26.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver