Məhkəmə qərarları › İş №2(105)-1476/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1476/2020

18.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1476/2020 18.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək içməli suya görə yaranmış 585 manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsasalandırmışdır ki, Füzuli rayonunun Gövşad kəndindən məcburi köçkün kimi 2011-ci ildən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Sumqayıt stansiyası ünvanında fərdi evdə ailə üzvləri ilə birgə yaşayır. X4 xx xxxxxxxx 2019-cu il tarixli hesab fakturasına görə onun içməli suya 585 manat borcu yaranmışdır. İçməli suya görə istifadə etdiyi faktiki sərfiyyata görə ödənişləri vaxtı-vaxtında icra etmiş, yaranmış borc 2011-ci ildən əvvəlki dövrə aiddir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 373.1-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Tərəfindən bu məsələ iddia ərizəsində və məhkəmə baxışı zamanı çıxışında qeyd edilsə də, məhkəmə qərarının əsaslandırıcı hissəsində-3-cü səhifədə iddia müddətinin tətbiqinə dair müstəqil ərizə verilmədiyini əsas gətirməklə iddia müddətini tətbiq etməkdən imtina etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, iddia ərizəsinin əhəmiyyətli hissəsi iddia müddətinin tətbiqinə və bunun nəticəsində də yaranmış borcun silinməsinə həsr edildiyindən bu halda ayrıca iddia müddətinin tətbiqinə dair ərizə lüzumsuz, həmçinin mülki qanunvericilik sahəsində hüquqi biliyə malik olmayan şəxs üçün mücərəddir. Digər tərəfdən əsaslandırıcı hissədə məhkəmə sayğac üzrə yazılmış borca dair tərəfindən vaxtaşırı aparılan ödəmələri borcun etirafı hesab etmiş və bunu Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 380.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin axımını kəsən hərəkət hesab etmişdir. Məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçının yaşadığı ünvan xx.xx.2012-ci ildə iddiaçının adına 3 nəfər ailə tərkibi olmaqla kodlaşdırılmış və sayğacla təmin olunmuşdur. xx.xx.2013-cü ildə abonent tərəfindən məcburi köçkün olmaları barədə sənədləri “Sumqayıt Sukanal” İdarəsinə təqdim etmiş və sənəd icra olunaraq məcburi köçkünlər üçün nəzərdə tutulan limit xx.xx.2017-ci il tarixədək icra edilmişdir. Yaranmış borc abonent tərəfindən sayğacla istifadə nəticəsində limitdən artıq istehlak etdiyi üçün suyun dəyəridir. Yəni iddiaçıya borc qanuni və əsaslı şəkildə hesablanmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə, Füzuli rayonu, Govşadlı kəndində anadan olmuşdur. O, hazırda həmin ərazidə qeydiyyatdadır. İş materiallarında X1 ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2019-cu il tarixli, 843 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, iddiaçı 2011-ci ildən indiyə qədər Sumqayıt şəhəri, Sumqayıtçay stansiyası ərazisində fərdi evdə yaşayır. İşdə olan məcburi köçkün vəsiqəsinə əsasən iddiaçı Füzuli rayonundan məcburi köçkündür. Cavabdeh ASC Sumqayıt rayon sukanal idarəsinin hesab fakturasına əsasən iddiaçının qalıq borcu 585 manat təşkil edir. İş materiallarında olan cavabdehin arayışında göstərilmişdir ki, Stansiya ünvan 3 sayğaclı ünvandır. Ünvan xx.xx.2012-ci ildə iddiaçının adına 3 nəfər ailə tərkibi olmaqla kodlaşdırılmış və sayğacla təmin olunmuşdur. xx.xx.2013-cü ildə abonent tərəfindən məcburi köçkün olmaları barədə sənədləri “Sumqayıt Sukanal” İdarsəinə təqdim etmiş və sənəd icra olunaraq məcburi köçkünlər üçün nəzərdə tutulan limit xx.xx.2017-ci il tarixədək icra edilmişdir. Yaranmış borc abonent tərəfindən sayğacla istifadə nəticəsində limitdən artıq istehlak etdiyi suyun dəyəridir. Məcburi köçkünlər üçün istehlak olunan suya görə nəzərdə tutulmuş limit 1 nəfər üçün 5 kub metrdir. İşdə olan abonent kartında cavabdehin 2016, 2017, 2018 və 2019-cu illər üzrə su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının yekun olaraq 585,75 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2012-ci il tarixli, 30969916 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2012-ci ildən etibarən sudan sayğac əsasında istifadə etməsi, 2012-cü ildə onun 202,32 manat borcu yaranmasını, 2013-cü ildən xx.xx.2017-ci il tarixinədək iddiaçının məcburi köçkünlər üçün müəyyən edilən limitdən artıq istifadə etdiyi suya görə 285,34 manat borcu yaranmasını, Bundan sonra sayğac əsasında hesablanmış borclar da nəzərə alınmaqla iddiaçının 585,75 manat borcu yaranmasını, iddiaçının silinməsini tələb etdiyi borcun onun sayğac əsasında yaranmış debitor borcu olduğundan həmin borcun silinməsi mümkün olmamasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında sudan istifadə ilə bağlı 2012-ci ildə müqavilə bağlanmış və iddiaçının ünvanına sayğac quraşdırılmışdır. İş materiallarından görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin 202,32 manatı 2012-ci ildə, qalan 285,34 manatı isə 2013-cü ildən xx.xx.2017-ci ilədək olan müddət ərzində hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkündür, ona məxsus evə sayğac quraşdırıldıqdan sonra xx.xx.2017-ci il tarixinədək məcburi köçkünlər üçün müəyyən edilən limitdən istifadə etmişdir. Cavabdeh təşkilat yaranmış 585 manat borcun məcburi köçkün limintdən artıq istifadəyə görə yaranmasını bildirsə də, borcun hansı formada yaranmasını, yəni iddiaçının limitdən artıq nə qədər su istifadə etməsini əsaslandırmamış, 585 manat borcun necə yaranmasına dair sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlər əsasən məhkəmə kollegiyası hesabedir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticəüçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olunmalı, sudan istifadəyə görə İddiaçı abonent hesabına hesablanmış 585 manat borc silinməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 404-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-423/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia içməli suya görə yaranmış 585 manat borcun silinməsi barədə iddiası təmin edilsin. İddiaçı abonent hesabına hesabıanmış 585 manat borc silinsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar