Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1481/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5428/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş müddətinə hər ay 76 manat olmaqla, cəmi 1363 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, alıcı ona verilmiş kredit üzrə borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixinədək, borc məbləğindən, hər ay 76 manat (sonuncu ay 71 manat) ödəməklə 18 ay müddətinə qaytarmalıdır.
3. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcının xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1042.5 manat əsas, 1563 manat cərimə borcu vardır.
4. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş müddətinə hər ay 84 manat olmaqla, cəmi 1496.50 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, alıcı ona verilmiş kredit üzrə borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixinədək, hər ay 84 manat (sonuncu ay 68.5 manat) ödəməklə 18 ay müddətinə qaytarmalıdır.
6. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcının xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1021.1 manat əsas, 1531 manat cərimə borcu vardır.
7. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş müddətinə hər ay 8 manat olmaqla, cəmi 139 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, alıcı ona verilmiş kredit üzrə borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixinədək, hər ay 25 manat (sonuncu ay 12.7 manat) ödəməklə 18 ay müddətinə qaytarmalıdır.
9. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcının xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 manat əsas, 160 manat cərimə borcu vardır.
10. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş müddətinə hər ay 75 manat olmaqla, cəmi 1338.4 manat ödəməyi öhdəsinə götürmüşdür.
11. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, alıcı ona verilmiş kredit üzrə borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixinədək, hər ay 75 manat (sonuncu ay 63.4 manat) ödəməklə 18 ay müddətinə qaytarmalıdır.
12. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcının xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1085.2 manat əsas, 1627 manat cərimə borcu vardır.
13. İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1481/2023 nömrəli qərardadı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5428/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6179 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair qəbzlərinin kserosurəti və xx.xx.2021-ci tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) MMC-yə olan əsas borcu 1085,20 manat məbləğində müəyyən olunur. - xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair qəbzlərinin kserosurəti və xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) MMC-yə olan əsas borcu 599,10 manat məbləğində müəyyən olunur. Həmçinin qeyd edilir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən (sualda göstərilən tarix) sonra 285,04 manat məbləğində ödəniş aparılmışdır ki, hazırki tədqiqatla borcun hesablanması xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) aparıldığından sonradan edilən ödəniş nəzərə alınmadı. - xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair qəbzlərinin kserosurəti və xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) MMC-yə olan əsas borcu 107,00 manat məbləğində müəyyən olunur. - xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) MMC-yə olan əsas borcu 930,59 manat məbləğində müəyyən olunur. Həmçinin qeyd edilir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən (sualda göstərilən tarix) sonra 1086.96 manat məbləğində ödəniş aparılmışdır ki, hazırkı tədqiqatla borcun hesablanması xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) aparıldığından sonra edilən ödəniş nəzərə alınmadı.
16. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1042.5 manat əsas, 156.3 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1021.1 manat əsas, 153.1 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 manat əsas, 16 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1085.2 manat əsas, 162.7 manat cərimə olmaqla, ümumilikdə, cəmi 3743.9 manat borcun və 57.44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı televizora, “Polaris” markalı ütüyə və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 76 manat olmaqla, cəmi 1363 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Sony” markalı oyun konsoluna və hər iki ədəd oyun konsolunun aksesuarına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 84 manat olmaqla, cəmi 1496.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Panasonic” markalı təraş alətinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla, cəmi 139 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi Mİ 10T” markalı mobil telefona və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, cəmi 1338.4 manat olmaqla, ümumilikdə, dörd müqavilə üzrə 4336.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, ödənişlərini etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Müqavilənin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər dörd müqavilə üzrə 4881 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər müqavilə üzrə 4881 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 488.10 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1042.5 manat əsas, 156.3 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1021.1 manat əsas, 153.1 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 manat əsas, 16 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1085.2 manat əsas, 162.7 manat cərimə olmaqla, ümumilikdə, cəmi 3743.9 manat təşkil edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir.
19. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5428/2022 nömrəli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1042.5 (min qırx iki manat əlli qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 1021.1 (min iyirmi bir manat on qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 (yüz yeddi) manat əsas, 16 (on altı) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1085.2 (min səksən beş manat iyirmi qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 3331.8 (üç min üç yüz otuz bir manat səksən qəpik) manat borcun və 57.44 (əlli yeddi manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1042.5 manat əsas, 156.3 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1021.1 manat əsas, 153.1 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 manat əsas, 16 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1085.2 manat əsas, 162.7 manat cərimə borcu yaranmışdır.
21. Məhkəmə, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq ona borc kimi hesablanmış dəbbə pulunun azaldılmasını qanuni və ədalətli hesab etmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 462.1, 467, 600.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü madələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
23. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(012)-5428/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ondan 1920 manat borcun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi və ərizənin qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1042.5 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1021.1 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107 manat əsas, 16 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 1085.2 manat əsas, 20 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 3331.8 manat borc və 57.44 manat dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qətnaməsində qeyd edir ki, iş materiallarından görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. xx.xx.2022-ci il tarixində məhkəmə tərəfindən prosessual hüquq və vəzifələrinin izahı barədə göndərilmiş bildiriş ona çatmamışdır. Ona görə də Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən iddiyaya qarşı rəsmi etirazını Abşeron Rayon Məhkəməsinə göndərə bilməmişdir. Hazırda iddiaçının ondan tələb etdiyi məbləğlə razı deyildir. Belə ki, onun hazırda iddiaçıya 1920 manat borcu var. Hesab edir ki, onunla iddiaçı "xxxx" MMC arasında bağlanmış 4 müqavilə üzrə əsas və faiz borcun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə qəradad qəbul edilməlidir. Belə ki, təyin ediləcək məhkəmə mühasibatlıq ekspertizası mülki işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Cavabdeh məhkəmə kollegiyasının iştirak etdiyi iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
27. İddiaçı "İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
28. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
29. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə:
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
37. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5428/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ondan 1920 manat borcun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi və ərizənin qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia rədd edilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır.
51. Belə ki, apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6179 nömrəli ekspert rəyinə görə, Cavabdeh xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcu 1085,20 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcu 314,06 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcu 107,00 manat borcu müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən 1086.96 manat məbləğində ödəniş aparıldığından, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 156,37 manat artıq pul ödənilmişdir.
52. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
53. Kollegiya cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 156,37 manat artıq ödənilmiş pulu nəzərə alaraq dəbbə pulunun tutulmasına zərurət görmür.
54. Yekun olaraq kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh "xxxx" MMC-yə 1920 manat borcun olmasını apellyasiya şikayətində etiraf etdiyindən və apellyant tərəfindən qətnamənin həmin hissəsi mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun 4 müqavilə üzrə ümumilikdə 1335,8 manat (3255,8-1920=1335,8) və dəbbə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia rədd edilməlidir.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5428/2022 nömrəli qətnaməsi qismən - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə əsas borcun 1335,8 (bir min üç yüz otuz beş manat səksən qəpik) manat və dəbbə pulun Cavabdeh tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia 1335,8 (bir min üç yüz otuz beş manat səksən qəpik) manat əsas borcun və dəbbə pulunun tutulması hissəsində rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.