Məhkəmə qərarları › İş №2(105)-1482/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1482/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1482/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Xızı Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, e-2(068)-68/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏNETDİ: Xızı Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, e-2(068)-68/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 872,40 manat ödənilməmiş hissə və 80 manat cərimə olmaqla, cəmi 952 manat 40 qəpik məbləğində borcun və 18 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən cəmiyyətin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 1308,60 manat ödənilməmiş hissə, 130,40 manat cərimə olmaqla, ümumilikdə 1439 manat borcun və 34,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Samsung” markalı paltaryuyan almış, nəticədə 1439 manat borcu yaranmışdır. Cavabdeh alqı-satqı qiyməti 1308,60 manat olan “Samsung” markalı paltaryuyanın dəyərini ilkin ödəniş etmədən ayda 72,70 manat olmaqla 18 ay müddətinə ödəməli idi. Lakin cavabdeh heç bir ödəniş etməmişdir. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh güzəşt olunaraq 130,4 manat cərimə hesablanmışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, öhdəliklərini icra etməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtini (şərtlərini) pozduğu halda, malı cəmiyyətin tələbi ilə geri qaytarmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icrasına əməl etməsi üçün məlumat verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən cəmiyyət 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış malın, həmçinin 3.15-ci bəndə aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin cəmiyyətə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 3.3-cü bəndinə əsasən müştəri qiymətləndirmə aktı ilə razılaşmadığı halda, borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş malı geri ala bilər. Cavabdehlə məhkəməyə qədər telefon və xəbərdarlıq məktubu vasitəsi ilə müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra olunması barədə məlumat verilsə də, daha sonra məhkəmə tərəfindən çağırılmağına baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə olan halda, müqavilə üzrə gecikdirilmiş malın qiymətləndirilərək qalıq borcundan silinməsi mümkün olmadığı üçün, iddiaçı tələbində cavabdehlə bağlanılmış müqavilənin bütün dövrü üçün ödənişini tələb etməkdə haqlıdır. Digər tərəfdən, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavənin 5-ci bəndinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, cəmiyyətin müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 50 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdə “Samsung” markalı paltaryuyan əldə etmiş, hazırda ödənişi 375 gündür gecikdirir. Lakin cəmiyyət güzəşt olaraq qeyd olunan bəndi cavabdehə qarşı tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına və nəticəsinə görə iddiaçı qət olunmuş məhkəmə qərarından sonra hər gecikdirilmiş ay üçün ayrıca məhkəmə qaydasında müraciət etməlidir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin tamamilə ləğv edilməsi və Cavabdeh 1308,60 manat ödənilməmiş hissə, 130,40 manat cərimə olmaqla, ümumillikdə 1439 manat borcun və 34,39 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22383120 saylı müqavilədən görünür ki, cəmiyyət Cavabdeh “Samsung” markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “Samsung” markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22383120 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung” markalı paltaryuyanın dəyəri olan 1308,60 manatı hər ay 72,70 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan 07 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 1308,60 manat olan “Samsung” markalı paltaryuyanı ilkin ödəniş etmədən nisyə əldə etmiş, lakin heç bir ödəniş etməmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 1308,60 manat olan “Samsung” markalı paltaryuyan almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22383120 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung” markalı paltaryuyanın dəyəri olan 1308,60 manatı hər ay 72,70 manat olmaqla, 18 ay ərzində ödəməlidir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası MM-nin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. İşdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 17 mart 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, 22383120 saylı nisyə alqı-satqı müqaviləsi üzrə vaxtı çatmamış borcu da tələb etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22383120 saylı nisyə alqı-satqı müqaviləsində cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb etmək hüququ nəzərdə tutulmamışdır. Lakin iddiaçı cavabdehdən müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizinədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu (cərimə, peniya) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq peniyanı miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləğ azaltmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 486,60 (1439 manat – 952,40 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xızı Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, e-2(068)-68/2022 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar