Məhkəmə qərarları › İş №2(105)-1487/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1487/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1487/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cərimənin silinməsi" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(031)- 555/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Şabran rayonu, Pirəmsən kəndində olan fərdi yaşayış evində abonent kodu **********00152 olan, 21531852M182 nömrəli elektrik sayğacına hesablanmış 1015,73 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Pirəmsən kəndində olan fərdi yaşayış evində abonent kodu **********00152 olan, 21531852M182 nömrəli elektrik sayğacından istifadə edir. İddia ərizəmizə əlavə etdiyi xəbərdarlıq və bildirişdən də görünür ki, yaşadığı evdə xx.xx.2025-ci il tarixdə olan ilk göstəricidə sərfiyyat 15,870 kvt., xx.xx.2025-ci il tarixdə olan son göstərici isə 16,264 kvt-dir. Yaşadığı evdə 1 ay müddətinə, ümumilikdə 394 kvt elektrik istifadə edilmiş, bu da 33,10 manat təşkil edir. Lakin ‘'Azərişıq” ASC xx.xx.2025-ci il tarixə, ümumilikdə 1015,73 manat borcunun olduğuna dair bildiriş və xəbərdarlıq təqdim etmişdir. Qeyd olunan elektrik sayğacının 12 gün ərzində, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər 1015 manat borcunun yaranması üçün təxminən 12,092 kvt elektrik enerjisi istifadə olunmalıdır. Kənd yerində bu qədər enerji istifadəsi qeyri-mümkün görünür. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin nəzarətçiləri gələrək istifadə etdiyi enerjinin bildirişini ona təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə evində elektrik enerjisinin verilməsində problem yarandığından, yəni elektrik sayğacına gələn elektrik xəttinin qırılması səbəbindən evinə gələn enerji dayanmışdır. Həmin xəttin bərpa olunmasını gözləsə də elektrik enerjisinin verilməsi bərpa olunmadığından, o, xx.xx.2025ci il tarixdə elektrik xəttinə əlavə xətt ataraq evində elektrik enerjisini bərpa etmişdir. Elə həmin gün "xxxx" ASC-nin nəzarətçiləri gələrək həmin əlavə xətti aşkar edib akt tərtib etmiş, xx.xx.2025-ci il tarixdə qeyd etdiyi bildiriş və xəbərdarlığı ona vermişdirlər. Xəbərdarlığa baxdıqdan sonra məbləğin həddən artıq şişirdilmiş olduğunu aşkar etmişdir. O, ancaq xx.xx.2025-ci il tarixdə elektrik sayğacından kənar xətt qoşaraq evini enerji ilə təmin etmişdir. Həmin gün işdə olduğundan elektrik enerjisinin verilməsinin bərpasından sonra həmin xətti ayıra bilməmişdir.

3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, elektrik hesabat sayğacına baxış keçirilərkən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu məlum olmuşdur. Kənar xətt fərdi yaşayış evinin qarşısından 4 kvt-lıq sip dirəyindən, sayğacları qidalandıran sip xəttindən xüsusi sıxac vasitəsi ilə götürülərək fərdi yaşayış evinə çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli akt tərtib edilərək 1019,72 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. X2 aktın doğruluğunu imzası ilə təsdiq etımşdir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filialı tərəfindən aktın EEİQ-nın tələblərinə uyğun tərtib edilməsinə dair rəy verilmişdir. Faktla əlaqədar videoçəkiliş aparılmışdır.

5. xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli aktdan görünür ki, EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirilən zaman abonent İddiaçı kənar xətdən istifadə etdiyi müəyyən olunmuşdur.

6. Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair sənəddən görünür ki, baxış zamanı İddiaçı fərdi yaşayış evinə sayğac sxemindən kənar kənar xətt daxil olduğu müəyyən olunmuş və xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli akta əsasən abonent kodu **********00152 olan elektrik sayğacına 1019,72 manat məbləğində cərimə hesablanmışdır.

7. **********00152 nömrəli abonent saldosundan görünür ki, İddiaçı 1019,72 manat məbləğində borc hesablanmışdır.

8. “DVD diskdəki vidoegörüntülərdən görünür ki, İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir.

9. Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialı tərəfindən verilən rəydən görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilərək abonentin iştirakı ilə NİM 010750 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacdan kənar çəkilmiş elektrik naqilindən buraxılan yük 1,23 kVt göstərilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən akta əsasən 365 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 7542 kVts, dəyəri 1019,72 manat məbləğində hesablanmışdır. NİM 010750 nömrəli akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin (istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur) tələblərinə uyğun tərtib edilmişdir. Həmçinin, enerji təchizatı müəssisəsi tərəfindən akta əsasən hesabat aparılarkən Qaydaların 8.17-1- ci bəndinin (məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır) tələblərinə əməl olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Şabran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(031)-555/2025 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimənin silinməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarının 1.2 və 7.6-cı bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4, 216-220, 227 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(031)-555/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, ona tətbiq olunmuş cərimənin (1015,73 manat) 1/12 hissəsinin tətbiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əməl olunmamışdır. Paylayıcı qurğulara hər ay baxış keçirilməsinə baxmayaraq, ona qeyri-qanuni bir illik hesablanmış cərimə tətbiq edib. Hesab edir ki, ona bir aylıq, tətbiq olunmuş cərimənin (1015,73 manat) 1/12 hissəsi tətbiq edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən abonentə məxsus sayğaca sonuncu baxış 10 mart 2025-ci il tarixdə olmuş, növbəti baxış zamanı, yəni 14 aprel 2025-ci il tarixdə kənar xətt aşkar edilmiş və müvafiq akt tərtib edilərək vurulmuş zərər hesablanmışdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, ona tətbiq olunmuş cərimənin (1015,73 manat) 1/12 hissəsinin tətbiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri həddində tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Bənd 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

20. “Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 19. Elektrik enerjisinin istehlakı 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(031)-555/2025 nömrəli qətnaməsi qismən ləğv olunmalı, iddia qismən təmin edilməlidir.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Şabran rayonu, Pirəmsən kəndində olan fərdi yaşayış evində abonent kodu **********00152 olan, 21531852M182 nömrəli elektrik sayğacından istifadə edir. xx.xx.2025-ci il tarixdə enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, elektrik hesabat sayğacına baxış keçirilərkən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmiş, akta əsasən abonent kodu **********00152 olan elektrik sayğacına 1019,72 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı kənar qoşulma olduğun etiraf etsə də, hesablanmış cərimə məbləği ilə razılaşmayaraq araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

24. Birinci intansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir.

25. Məhkəmə öz möveyini onnla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə sübutetmə yükü istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, iddiaçı borcun silinməsini tələb etsə də, cərimənin ona əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Bütün bunlar isə hazırkı tələbin əsaslı olmamasına və özündə faktiki həqiqəti əks etdirmədiyinə dəlalət edir.

26. Daha sonra məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialına ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli akta əsasən hesablanmış 1019,72 manat məbləğində cərimə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib olunmuşdur.

27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, ona tətbiq olunmuş cərimənin (1015,73 manat) 1/12 hissəsinin tətbiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Kollegiya apellyasiya şikayətinin dəlliləri üzrə qiymətləndirmə apararaq, şikayəti qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd edir:

30. İşin müəyyən edilmiş faktiki və mübahisəsiz hallarından görüdüyü kimi abonent (iddiaçı) tərəfindən elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma həyata keçirilmişdir.

31. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə araşdırması zamanı kənar elektrik xətti çəkdiyini etiraf etmişdir.

32. Apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirdiyi hal hesablanmış zərərin məbləği ilə bağlıdır.

33. Kollegiya hesab edir ki, cərimənin əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübutlar təqdim edilməməsi əsası ilə iddianın tam rədd edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamaqla ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır.

34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

35. İşin hallarından görünür ki, qazpaylayıcı tərəfindən abonentə (iddiaçı) elektrik xəttinə qanunsuz qoşulma ilə bağlı 365 günlük hesabat aparılaraq 1019,72 manat hesablanmışdır.

36. İstinad olunan Qaydaların tələblərinə əsasən elektrik xəttinə qanunsuz qoşulma ilə bağlı hesabat dövrü sonuncu baxış tarixindən hesablanmaqla 12 ay müddətdən çox olmamalıdır. Yəni, göründüyü kimi hesabat dövrünun maksimum müddəti 12 ay müddət ola bilər.

37. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus sayğaca sonuncu baxış 10 mart 2025-ci il tarixdə olmuş, növbəti baxış zamanı, yəni 14 aprel 2025-ci il tarixdə kənar xətt aşkar edilmiş və müvafiq akt tərtib edilərək vurulmuş zərər hesablanmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, abonentə məxsus sayğaca sonuncu baxış tarixindən – yəni 10 mart 2025-ci il tarixdən qanunsuz qoşulmanın aşkar edilərək müvafiq aktın tərtib edildiyi 14 aprel 2025-ci il tarixədək olan müddət üçün (1,23x24x35 gün=1033,2kvt., 1033,2kvtx0,15=154,98 manat) vurulmuş zərərə görə hesabatın aparılması qanunvericiliyin tələblərinə uyğun olmaqla, qanuni və əsaslıdır.

39. Sadalananlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, vurulmuş zərərin məbləği 154,98 manat müəyyən edilməli, əsassız hesablanmış (1019,72-154,98) 864,74 manat abonentin abunə hesabından silinməldir.

40. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(031)-555/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. İddiaçı məxsus (abonent kodu **********00152) abunə hesabından 14 aprel 2025-ci il tarixli Akta əsasən hesablanmış 864,74 (səkkiz yüz altmış dörd manat, yetmiş dörd qəpik) manat silinsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar