Məhkəmə qərarları › İş №2(105)-1490/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1490/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1490/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Şayiq oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Şayiq oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(060)- 2845/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Loft Gold” markalı yataq-dolab üçün 1499,48 manat ödənilməmiş hissə, 149,52 manat dəbbə pulu olmaqla, ümumilikdə 1649 manat borc, 36,49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Loft Gold” markalı yataq-dolab almış və nəticədə 1649 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2518,55 manat “Loft Gold” markalı yataq-dolab üçün ümumilikdə, 1649 manat olmaqla ondan, 1499,48 manat ödənilməmiş hissə, 149,52 manat dəbbə pulu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1019,07 manat təşkil edir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə Cavabdeh bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.

4. 08 aprel 2024-cü il tarixdə Cavabdeh iddiaçının iddia tələbinə dair etiraz verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair" mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02763533 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Loft Gold” markalı yataq-dolabı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2518,47 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

7. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz.

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, “Loft Gold” markalı yataq-dolab 2 il zəmanət müddəti ilə Cavabdeh təhvil verilmişdir.

9. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 15 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1499,48 manat ödənilməmiş hissə, 149,52 manat dəbbə pulu olmaqla, ümumilikdə 1649 manat ödənilməmiş borcu vardır.

10. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(060)-2845/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02763533 nömrəli müqavilə üzrə 1499,48 (bir min dörd yüz doxsan doqquz manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 1519,48 (bir min beş yüz on doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində pul və 36,49 (otuz altı manat, qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1, 601.2, 600.2, 600.5, 600.1, 600.4 və 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Cavabdeh Şayiq oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(060)-2845/2024 nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, yataq dolabı almışdır. Həmin dolabı gətirib evə quraşdırdıqdan 2 gün sonra dolabın qapısı yuxarı hissədən aralanmışdır. O, bu barədə məlumat vermiş və mağazadan ustalar gələrək düzəldib getmişlər. Lakin onlar getdikdən sonra yenə də dolab yuxarı hissədən aralanmış və düşüb aşağı hissəsini zədələmişdir. O yenə də mağazaya məlumat vermiş, lakin mağaza heç bir usta göndərməmişdir. Halbuki 2 il ərzində mağaza ilə zəmanət müqaviləsi var idi və o, buna görə pul ödəmişdir. Bundan sonra o, məcbur qalıb usta gətirmiş və həmin usta bildirmişdir ki, düzgün quraşdırılmadığından dolabın qapısı aralanıb və aşağı düşüb. Çağırdığı usta dolabı düzəltmiş və ondan sonra heç bir problem olmamışdır. Mağaza zəmanət xidmətini yerinə yetirmədiyi üçün o, ödəniş etməmişdir. Bu barədə mağazaya da məlumat vermişdir. Hazırda isə ona qarşı iddia qaldırılıb və ondan əsassız olaraq pul tələb olunur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalı və qətnamə ləğv olunmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

22. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02763533 nömrəli müqavilə üzrə 1499,48 (bir min dörd yüz doxsan doqquz manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 1519,48 (bir min beş yüz on doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində pul və 36,49 (otuz altı manat, qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Belə ki, şikayətin dəlillərindən göründüyü kimi apelyator ona qüsurlu əşya satılmasını mübahisələndirmişdir. Lakin, istər birinci instansiya məhkəməsindəki araşdırma zamanı, istərsədə apellyasiya icraatı zamanı cavabdeh ona qusursuz əşya təhvil verildiyini, əşya quraşdırıldıqdan təxminən iki ay sonra əşyada qusur yarandığını bildirmiş, keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verilməməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, eləcə də göründüyü kimi əşyanın qüsurları ilə bağlı tələb irəli sürməmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(060)-2845/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kasaasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar