Məhkəmə qərarları › İş №2(105)-1503/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1503/2024

19.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1503/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və s.” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(027)-1372/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli № ******* saylı aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat məbləğ borcun onun **********01230 saylı abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla başqa ünvanda yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Sayğac onun adınadır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfıyyatına görə qaz borcunu vaxtında ödəyir. Cavabdeh əməkdaşları xx.xx.2023-cü il tarixində yuxarıda qeyd olunan ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsi zamanı evdə adam olmuşdur. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuşdur. Həmin akt tərtib olunan zaman sayğacda hər hansı müdaxilə aşkar olunmamışdır. Əgər belə bir hal baş vermiş olsaydı Cavabdeh əməkdaşları ona və ya ailə üzvlərinə bu barədə məlumat verərdilər. Yerində aktlaşdırardılar. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 20 oktyabr 2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Sayğaca heç bir müdaxilə izi aşkar olunmamışdır. Tərtib olunmuş ziyan aktında guya sayğacda sim aşkar olunduğu qeyd olunmuşdur. Belə bir sim aşkar olunmuşdursa ona niyə göstərilməyib? Ancaq yuxarıda qeyd etdiyi kimi sayğaca nə o, nə də ailəsi tərəfindən hər hansı müdaxilə olmamışdır. Qeyd edir ki, o istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəyir, qaz borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etdilər. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir k, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır.Ona görə də, hesab edir ki, ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablan 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat cərimə borcu onun **********01230 saylı abonent hesabımdan silinməlidir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqı Müqaviləs”inə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Abonentin saldosuna nəzər saldıqda 2022-ci ilin qış aylarında (sentyabr,oktyabr, noyabr, dekabr) dörd ayda çəmi 15 m3 və ya 1.80 manat, 2023-cü ilin qış aylarında sentyabr, oktyabr aylarında cəmi 36 m3 və ya 4,42 manat qaz sərfiyyatı qeydə alınmışdır. Abonentin sayğacının sərfiyyatı şübhə doğurduğuna görə qaz xətlərinə və qaz işlədici cihazlarına xx.xx.2023-cü il tarixdə Quba xidmət sahəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Bu zaman abonentin qaz syğacının səslə işləməsindən şübhələnilmiş, sayğacı evdə yaşayan və faktiki olaraq qazdan istifadə edən Aygün Fətullayevanın(kirayəşin) iştirakı ilə xətdən açarkən giriş hissəsində dəmir sim aşkar olunmuşdur. Həmin sim sayğaca keçən qazı qeyd edən dişli çarxları saxlamaq və sayğacın göstəricilərinin irəli getməsinin qarşısını almaq üçün daxil edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmişdir (disk etiraza əlavə edilir ).Abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında həmin vaxt xx.xx.2023cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonent təbii qazdan qanunsuz yolla istifadə etməsini etiraf etsə də, aktı imzalamaqdan imtina etmişdir. Qaz işlədici cihazların saatlıq qaz sərfinə uyğun olaraq abonent İddiaçı üçün 36504 m3 və ya 4380,48 manat itirilmiş qazın ziyanı hesablanaraq abonent koduna işlənilmişdir. Sayğac dəyişdirilən kimi abonentin qaz sərfiyyatı 20-25 dəfə artmışdır. Belə ki, abonent saldosuna nəzər yetirsək müəyyən olunur ki, İddiaçı akt tərtib olunandan əvvəl oktyabr ayında cəmi 4 m3 və ya 0,48 manat qaz sayğacının sərfiyyatı qeyd etmişdirsə, noyabr ayında artıq 212 m3 və ya 25,44 manat qaz sərfi qeydə alınmışdır. İddiaçı ərizəsində sayğac dövlət yoxlamasında olarkən onun çağırılmadığını, sayğacın onun iştirakı olmadan yoxlamadan keçdiyini qeyd edir.Halbu ki, sayğac dövlət yoxlamasına göndərilməmiş, video çəkilişdə sayğacdan çıxan məftilin vizual görüntüsü tam aydınlığı ilə əks olunduğundan sayğacın laboratoriyaya yoxlamaya göndərilməsinə heç bir ehtiyac qalmamışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxanda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

5. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, Qələbə küçəsində yerləşən Şahin Məmdərzayevə məxsus yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində 13735766 nömrəli sayğac quraşdırılmışdır.

6. Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin sayğacına baxış keçirilərkən sayğacın giriş hissəsində sim aşkar olundu. Abonent təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu.

7. X3 30 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhəri, Qələbə küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- PQ-4-ün maksimal saatlıq sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, istilik sistemi 32 kv-lik kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2,25 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2 x 12 x 360=5184; 3.5 x 12 x 360=15120; 1.5 x 12 x 360=6480; 2.25 x 12 x 360=9720 – cəmi : 36504 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur.

8. **********01230 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, abonent İddiaçı 4380,48 manat borcu vardır.

9. DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı Quba şəhəri, Qələbə küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman akta göstərilən qaz avadanlıqlarından istifadə olunması müəyyən olunmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Quba Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(027)-1372/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddianın təmin edilməsi, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnaməyə əsasən hesablanmış 4380,48 (dörd min üç yüz səksən manat qırx səkkiz qəpik) manat məbləğində borcun İddiaçı **********01230 saylı abonent hesabından silinməsi, 30 (otuz manat) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5-1.1 və 6.5-2-ci bəndləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 və 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4, 119.1, 216-220, 227 və 360cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(027)-1372/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba XS-nin satış xidmətinin işçiləri xx.xx.2023-cü il tarixdə həmin ünvana gələrək İddiaçı qaz sayğacını dəyişmişlər. Qaz xəttinin üstündən açılmış sayğacın içindən məftil çıxmış və qanunsuz yolla təbii qazdan istifadə halını abonentin iştirakı ilə aşkar etmişlər. Bu hal video çəkilişlə müşayət olunmuşdur. Video çəkiliş diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Bu vaxt sayğaca yad cisim yeritməklə qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XSnin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. Məhkəmə hazırlıq iclasında cavabdehin sübut kimi təqdim etdiyi video diskə heç bir münasibət bildirməmişdir. Qətnamədə video diskin təqdim edildiyi qeyd edilsə də ona sübut kimi qiymət verilməmişdir. ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5- 1.3-cü bəndinə tam müvafiq (istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası) abonent üçün itirilmiş qazın bərpası ziyanı hesablanmışdır. Qeyd edilənlərdən göründüyü kimi 1-ci instansiya məhkəməsində məhkəmə cavabdehin təqdim etdiyi sübutları qiymətləndirməməklə işi tam, obyektiv, hərtərəfli araşdırmadan qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 4.2-ci bənd - Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bənd - qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd - sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd – İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur.

23. Göründüyü kimi iddiaçı tərəfindən 20 oktyabr 2023-cü il tarixli № ******* saylı akt, həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli tələbnamə və hesabanmış 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat borc məbləği mübahisələndirilmişdir.

24. Birinci intansiya məhkəməsi iddia tələbi həddində işə baxaraq hesab etmişdir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən qaz avadanlıqlarının heç biri iddiaçı X2 məxsus yaşayış evində mövcud deyil, ev ümumi istilik sisteminə qoşulmuş, evin qızdırılması üçün qazdan istifadə olunmur.

25. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ziyan vurulması məhkəmə araşıdrması zamanı təsdiqini tapmamışdır.

26. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Sayğacda müdaxilənin aşkar edilməsi halı isə özlüyündə mənzildən kənarda quraşdırılmış sayğaca müdaxilənin abonent tərəfindən edilməsi nəticəsinə gəlməyə əsas verən hal kimi qiymətləndirilə bilməz. Qeyd edildiyi kimi fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcısı cavabdehlik daşıyır.

31. Bundan başqa, qeyd olunmalıdır ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.50-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan dəyişiklik 01 may 2022-ci ildən qüvvəyə minmişdir.

32. Həmin maddə də göstərilir ki, «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

33. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilir ki, Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. İfadə olunan hüquq normalarının məzmunundan da göründüyü kimi həmin tarixdən sonra qazpaylayıcısı tərəfindən sayğaca müdaxilə halı aşkar edildikdə bu barədə akt tərtib edilməli, həmin aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsiri həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

35. Araşdırılan mübahisədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş, savğaca müdaxilə halı ilə bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc yazılaraq tələb edilir.

36. Kollegiya hesab edir ki, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməmiş, abonentin baş vermiş mülki hüquq pozuntusunda təsiri sübuta yetirilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və və Quba Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(027)-1372/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

39. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(027)-1372/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar