Məhkəmə qərarları › İş №2(105)-1507/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1507/2021

14.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1507/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1689/2021 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1689/2021 saylı qərardadı ilə (hakim E.T.Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1689/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıların mərhum ataları Əli-zadə X2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,8 kv.m yaşayış, 35,8 kv.m köməkçi sahədən ibarət 85 A nömrəli bağ evi miras qalmışdır. İddiaçılar ailədə üç övlad olmuşlar. İddiaçıların qardaşı Əli-zadə Anar Məmməd oğlu xx xxxxxx 2014-cü il tarixdə, Əli-zadə X4 isə xx xxx 2016-cı il tarixində vəfat etmişlər. İddiaçılar atalarının ölümündən sonra miras əmlakını faktiki olaraq qəbul etmişlər. 2020-ci ilin ortalarında Əli-zadə Anar Məmməd oğlunun həyat yoldaşı Əli-zadə Durdanə Tahiq qızı iddiaçılardan miras əmlakından pay istəməyə başlamışdır. İddiaçılar Əli-zadə Durdanə Tahir qızına qardaşlarının övladlarına müəyyən məbləğdə pul hədiyyə edə biləcəklərini bildirmişlər. Daha sonra iddiaçılar miras əmlakın vərəsəlik yolu ilə qəbul edib vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət edən zaman 14 saylı notariat ofisində Əli-zadə X3 vərəsəlik işi ilə əlaqədar vərəsəlik işi açıldığı iddiaçılara məlum olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə vərəsəlik haqqında şəhadətnaməni alan zaman iddiaçılara 1/3 hissədə payın tanınması barədə şəhadətnamə verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etsələr də, cavabdehlərin adına verilmiş vərəsəlik haqqında şəhadətnaməni iş materiallarına əlavə etməmiş və iddia ərizəsindən də hansı tarixli, hansı nömrəli şəhadətnamənin mübahisələndirildiyinin müəyyən edilməsinin mümkün olmadığına istinad etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 149.2.3, 151.1, 152.1.1,152.4-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunmalıdır ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyri-mümkün olmasına kifayət qədər əsaslar verir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçıların nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1689/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar