Məhkəmə qərarları › İş №2(105)-1510/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1510/2023

31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1510/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(012)-2051/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən, abonentin yaşadığı ünvanda quraşdırılmış İtron markalı, G-6 tipli, 1605AZ**********79 saylı sayğaca baxış keçirilmiş, sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğundan sayğac Elster G-6 tipli, 28026507 nömrəli sayğacla əvəz olunmuşdur.

2. Abonent kodu **********00130 olan, İddiaçı adına olan abonent saldosuna əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanına xx.xx.2021-ci il tarixdə Elster G-6T diafraqma tipli 28026507 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2021-ci ilə aid olan borcu 788 manat göstərilmişdir.

3. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 12 saylı evdə qeydiyyatdadır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 788 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivi, bina 0030, 0130 saylı evdə uzun müddətdir ki, ailə üzvü ilə birlikdə yaşayır. Fərdi yaşayış evi inşa edildiyi vaxtdan etibarən evin abonent kodu: **********00130 nömrədir. İstifadə etdiyi təbii qaza görə hər ay Cavabdeh İB-nin smart kartına ödəniş edilərək təbii qazdan istifadə edilmişdir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya 2021-ci il üçün Cavabdeh İB-yə təbii qaza görə 788 manat borcun olduğu bildirilmişdir. İddiaçı təbii qazdan smart karta ödəniş edərək istifadə etmişdir. Ona görə də Cavabdeh İB tərəfindən borcun yazılması qeyri-qanunidir. Çünki iddiaçı həyat yoldaşı ilə cəmi iki nəfər olmaqla həmin evdə yaşayır. İddiaçının yaşadığı ev həyət evi olduğundan demək olar ki, təbii qazdan yaz və yay aylarında isidici kimi istifadə edilməmişdir. Eyni zamanda, yazılmış borcla bağlı hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Göründüyü kimi, iddiaçının heç bir təqsiri olmadan üzərinə qaz borcu yüklənmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun sayğacı kartla işləmiş və davamlı olaraq, ona pul ödəmişdir. Sonradan onun sayğacı dəyişilmiş və ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı evindən kənarda yerləşdirilmişdir.

7. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı qazdan istifadə etdiyi halda ödəniş etməmiş, yalnız sayğacdan istifadə etmişdir. 788 manat borc laboratoriya yoxlaması nəticəsində hesablanmış borcdur. Halbuki, iddiaçının hazırda, debitor borcuna görə 1900 manat borcu vardır. İddiaçının sayğacının elektron və mexaniki göstəriciləri arasında fərq yaranmış və fərq 0.12 manatla hesablanmaqla 788 manat yaranmışdır. İddiaçı tərəfindən demək olar ki, ödəniş olunmamış, daha dəqiq şəkildə isə, 2020-ci ilin yanvar-fevral ayında ödəniş olunmuş, ona qədər və ondan sonrakı tarixlərdə ödəniş olunmamış, yalnızca bu ilin fevral ayında 400 manat ödəniş edilmişdir. Abonent saldosunda qalıq və aktlara görə “0.00” göstərilməsinin səbəbi həmin qrafada cərimələrin yerləşdirilməsidir. Sərfiyyat məbləğində isə sayğac göstəricisi göstərilir. İddiaçıya hesablanmış borc qaza görə hesablanmış borcdur. 2021-ci ilin oktyabr ayında sayğac nasazlığına görə dəyişilmişdir. 583 m3 itirilmiş qazdır, yəni, mexaniki göstəricilər ötürülmüşdür. İddiaçıya məxsus sayğac çöldə yerləşməklə sayğac üzərində kənar təsir izləri olmamışdır. İddiaçı tərəfindən ardıcıl ödənişləri barədə o, Gasrep çıxarışına baxmaqla müəyyən edə bilər. Elektron sayğaclara nəzarəti nəzarətçilər deyil, abonent özü həyata keçirir.

8. Abşeron Rayon Məhkəməsinin 2(012)-2051/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 788 (yeddi yüz səksən səkkiz) manat borc abonent kodu **********00130 olan İddiaçı məxsus abunə hesabından silinməsi və Cavabdeh İistehsalat Birliyindən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı, bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir.

10. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 107, 119.1, 124.1, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır.

11. Qətnamədən cavabdeh «Azərqaz» İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacını dövlət yoxlamasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 788 manat məbləğində Cavabdeh İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilib). (90,00+698,00=788,00). Beləliklə, iddiaçının Cavabdeh İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldo və gasrep üzrə ümumi 1666,25 (min altı yüz altmış altı manat 25 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakcı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-nə vurulmuş maddi zərərlə bağlı iddiaçı tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün onlar tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan ödənişsiz istifadə etməklə Azəriqaz İB-yə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar tələblərin tam təmin edilməməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin etmişdir. - İddiaçı aid olan **********00130 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan ödənişsiz istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 11. 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları» nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarı

Maddə 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi “(Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavə)

2. Tərəflərin vəzifələri və hüquqları 2.1. Paylayıcının vəzifələri: 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bötövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan ödənişsiz istifadə etməklə Azəriqaz İB-yə ziyan vurmuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonentin yaşadığı ünvanda quraşdırılmış İtron markalı, G-6 tipli, 1605AZ**********79 saylı sayğaca baxış keçirilmiş, sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğundan sayğac Elster G-6 tipli, 28026507 nömrəli sayğacla əvəz olunmuşdur. Abonent kodu **********00130 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanına xx.xx.2021-ci il tarixdə Elster G-6T diafraqma tipli 28026507 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2021-ci ilə aid olan borcu 788 manat göstərilmişdir. Halbuki sayğacın Elster tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının istinad olunan bəndlərini kobud şəkildə pozmuşdur. İddiaçıya hesablanmış borcun iddiaçının təqsirli hərəkətləri ilə yarandığı iş materialları və apellyasiya şikayətinin dəlilləri ilə təsdiqlənmir.

23. Kollegiya belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2051/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar