Məhkəmə qərarları › İş №2(105)-1513/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1513/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1513/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)- 188/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İşin hallarına görə iddiaçı məhkəməyə müraciət edərək “Azəriqaz” İB tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Həmin ünvana qaz sayğacı quraşdırılmışdır. Müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərirdi. Müqavilə fiziki şəxs Əliabbas Əliyevlə bağlanmışdır. Hazırda müqavilə və abunə kodu həmin şəxsin adınadır. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə 1080 manat məbləğində cərimə hesablanmışdır. Aktda qeyd olunub ki, guya sayğacın klapanı işləmir, çıxış plastmas borusu gövdəyə birləşən hissədən yad cisim ilə əzilib və deşilib. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir, hesablayıcı mexanizmi hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kəsilib. Alarm 1 qeydə alınıb. Tərtib olunan akt və həmin aktın əsasından yazılmış cərimə əsassızdır. İddiaçının aktdan və aktın tərtib olunmasından xəbəri olmamışdır. Akta onun tərəfindən hər hansı bir imza atılmayıb. O, vergi ödəyicisi deyil və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Sayğac iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

3. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-188/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia təmin edilərək, “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırmışdır.

5. Qətnamədən “Azəriqaz” İB apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********00010 saylı abonent kodu verilmiş qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və aktda G-4 markalı 1102AQ**********6 nömrəli sayğacda xətalar normaya uyğun deyil qeyd olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın bərpası üçün 1080 (bir min səksən) manat hesablanmışdır. Əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək qaz işlədici və parametrləri əsasında Dövlətə vurulan ziyan müəyyən edilərək 1080 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2022-ci ilin oktyabr ayından abonent saldosunda qeyd edilmişdir. Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə əməkdaşları tərəfindən baxış keçirilmiş və qeyri-yaşayış sahəsinin sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və sayğacdan kənar qanunsuz istifadə etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən abonent İddiaçı (abonent kodu **********00010) hesablanmış 1080 manat məbləğində cərimə borcunun silinməsini qət etmişdir. Mülki qanunvericilikdə cərimə ilə bağlı müvafiq maddələr yer almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə də öz əksini tapan 4320 m3 qeydə alınmayan və itirilmiş təbii qazın dəyəri əsasında hesablanmış 1080 manat dəymiş ziyan məbləğinə birinci instansiya məhkəməsi “cərimə” kimi hüquqi qiymət vermişdir. Daha sonra isə cərimə borcu kimi qələmə verdiyi məbləğin silinməsinə dair qətnamə qəbul etmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi itirilmiş təbii qazın dəyərini cərimə ilə səhv salmazdı. Göründüyü kimi, məhkəmə MM-in 462.1, 463.1, 467-ci maddələrini düzgün tətbiq etməmişdir. İddiaçıya aid olan **********00010 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

14. İş materiallarından aydın olur ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərmiş və tərəflər arasında mübahisə qeyd edilən qeyri-yaşayış sahəsinə hesablanmış borc məbləği ilə bağlı yaranmışdır.

15. İddiaçı iddia ərizəsində vergi ödəyicisi olmadığını və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını qeyd etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, xx.xx.2019-cu il tarixdə VÖEN almışdır. Cavabdehin isə hüquqi şəxs olması işin mübahisəsiz halıdır.

16. MPM-in yuxarıda istinad olunan 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 24-cü bəndində qeyd edilmişdir ki, .... təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. (...)

18. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

19. İşə baxan birinci instansiya məhkəməsi isə iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini nəzərə almamış, məhkəmə aidiyyəti məsələsinə qiymət verməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, iddiaçı fəaliyyətini müvəqqəti dayandırmışdır. Bununla əlaqədar qeyd edilir ki, cavabdehin fəaliyyətini müvəqqəti dayandırması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir.

21. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

23. Təbii inhisar subyekti olan “Azəriqaz” İB-yə qarşı sahibkarlıq subyektlərinin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılmasını, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə də verilə bilməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-188/2023 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar