Məhkəmə qərarları › İş №2(105)-1517/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1517/2024

13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1517/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Ərizəçi qanuni nümayəndəsi Nümayəndə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4480/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadından ərizəçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim V.Şirəliyeva) Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ərizəçinin nümayəndəsi Vəkil qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərardadı ilə Ərizəçi vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(060)-4480/2024 nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(060)-4480/2024 saylı qərardadından verilmiş şikayət təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması, Ərizəçi nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(060)-4480/2024 nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi qanuni nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən bağ sahəsinə dair “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi” üçün olan 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin və həmin bağ sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsünün Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçinin nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, ərizəçi Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən bağ sahəsinə dair “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi”nə dair 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin və həmin bağ sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsünün Ərizəçi məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, qeyd olunan sənədlərə düzəliş edilməsi üçün həmin sənədləri verən orqana müraciət edilməsini təsdiq edən, eyni zamanda qeyd edilən orqan tərəfindən düzəlişin edilməsindən imtina olunmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının qeyd edildiyi hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Lakin ərizəçi tərəfindən ona məxsus olmasını təsdiq etdirmək istədiyi hər iki hüquqmüəyyənedici sənədləri verən təşkilatlar artıq mövcud deyil, ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamından da aydın görünür ki, həmin təşkilatlar artıq uzun müddətdir ki, ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi qərara alınmışdır, həmçinin “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, qeyd olunan sənədlərə düzəliş edilməsi üçün həmin sənədləri verən orqana müraciət edilməsini təsdiq edən sənədi almaq imkan xaricindədir. Odur ki, qərardad ləğv olunmalı və işə mahiyyəti üzrə xüsui icraat qaydasında baxılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli və onunla bağlı 21 avqust 2024-cü il tarixli qərardadları ləğv edilməli, işə yenidən məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verilməsini hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır. Nəzərə alınmalıdır ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraat MPM-nin 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslarla tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən qeyd olunan sənədlərə düzəliş edilməsi üçün həmin sənədləri verən orqana müraciət edilməsini təsdiq edən, eyni zamanda qeyd edilən orqan tərəfindən düzəlişin edilməsindən imtina olunmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkünsüzlüyünə dair hər hansı bir sənədin iş materiallarına əlavə edilməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi MPM-nin 261.0.1. maddəsinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Qanunun mənasına görə iş üzrə icraata o zaman xitam verilir ki, ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququ olmur və ya o həmin hüququ itirmiş olur. Ərizəçi tərəfindən ona məxsus olmasını təsdiq etdirmək istədiyi hər iki hüquqmüəyyənedici sənədləri verən orqan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi qərara alınmış, həmçinin “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi nəzərdə tutulmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Lakin işin icraatına xitam verən birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməmiş və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli və onunla bağlı 21 avqust 2024-cü il tarixli qərardadları ləğv edilməli, yenidən məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin nümayəndəsi Vəkil şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli və onunla bağlı 21 avqust 2024-cü il tarixli qərardadları ləğv edilsin. Ərizəçi qanuni nümayəndəsi Nümayəndə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş baxılması məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar