Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1519/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh Şahlar oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 2(060)-2657/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı6 nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı1 və qeyriləri Cavabdeh Şahlar oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2657/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən geri qaytarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı6 nümayəndəsi Vəkil məhkəmənin qeyd edilən qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2657/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı6 nümayəndəsi X2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, qərardad qanunsuz və əsassızdır. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutulursa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Lakin bu mübahisə kommersiya mübahisəsi deyildir. Bu isə, o deməkdir ki, iddiaçı tərəfindən prosessual qaydalar pozulmamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2657/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın icraata qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsini geri qaytarılması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 152.1.6, 152.2.23-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gələrkən prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi İddiaçı1 və qeyriləri ilə Cavabdeh Şahlar oğlu arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarda göstərilən kateqoriyaya dair işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qanunda nəzərdə tutulmamışdır. Həmçinin bu kateqoriya işlər üzrə belə bir sübutun iddia ərizəsinə əlavə edilməli olması qanunvericiliklə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən iddiaçının məhkəmə müdafiəsi hüququ məhdudlaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-2657/2021 saylı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-2657/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı1 və qeyrilərinin Cavabdeh Şahlar oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1519/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1519/2021
13.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver