Məhkəmə qərarları › İş №2(105)-1523/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1523/2022

18.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1523/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, 3-cü şəxsin və iddiaçının nümayəndəsi: Şəhla Hacıbala qızı İsmayılovanın iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı, İsmayılova Aydan Rasim qızını, İsmayılov Şirin Rasim oğlunu, İsmayılova Şəhla Hacıbala qızını üçüncü şəxs qismində cədb etməklə vərəsəlikdən imtina ərizəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı, İsmayılova Aydan Rasim qızını, İsmayılov Şirin Rasim oğlunu, İsmayılova Şəhla Hacıbala qızını üçüncü şəxs qismində cədb etməklə “vərəsəlikdən imtina ərizəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı, İsmayılova Aydan Rasim qızını, İsmayılov Şirin Rasim oğlunu, İsmayılova Şəhla Hacıbala qızını üçüncü şəxs qismində cədb etməklə “vərəsəlikdən imtina ərizəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atasının mirasından imtina barədə Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydəalınmış 8İ-5129 reyestr nömrəli xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras qoyan İsmayılov Rasim Şirin oğlu atasıdır. Miras qoyan xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyandan miras kimi ünvan 1 ünvanda yerləşən mənzil, “Mersedes-Benz 160 minik” markalı və “BMW X-5 minik” markalı avtomaşınlar qalmışdır. Atası ilə anasının nikahı ikinci nikah olmaqla, atası əvvəlki nikahdan olan ailəsindən ayrılanda mülkiyyətində olan mənzili birinci ailəsinə vermiş və onlar həmin mənzildə yaşayırlar. Onlar belə fikirləşmişlər ki, atasının birinci ailəsi həmin mənzildə yaşadıqları üçün həmin mənzil onlarda qalar, avtomaşınlar isə onlar tərəfdə olduğu üçün ona qalar və bu barədə heç bir mübahisə yaranmaz. Ona görə də yalnız avtomaşınlara dair vərəsəlik hüquqlarının qeydə alınması qərarına gəlmişlər. xx.xx.2021-ci il tarixdə o və anası Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə gələrək atasından miras qalmış əmlakların qəbulu barədə ərizə vermək qərarını bildirmiş, atasının digər ailəsindən iki övladının da olduğunu göstərmişlər. Notariat ofisində anası ilə belə qərara gəlmişlər ki, anasının adına avtomaşınlara dair şəhadətnamə verilməsindən ötrü o, öz vərəsəlik payından imtina barədə ərizə versin. Bu barədə notariusa bildirmişlər, notarius da həmin ərizəni tərtib etmiş və o, imzalamışdır. Anası isə avtomaşınlara dair vərəsəliyi qəbul etməsinə dair ərizə vermişdir. Onların ərizələri qeydə alındıqdan və vərəsəlik işi açıldıqdan sonra məlum olmuşdur ki, atasının birinci nikahdan olan uşaqları həm mənzilə, həm də avtomaşınlara dair vərəsəlik paylarının qeydə alınması barədə notariat kontoruna müraciət etmişlər, onlar da vərəsələr siyahısına daxil ediliblər. Bu halda başa düşmüşdür ki, yanılıb, imtina edərkən payının anasına çatacağını düşünmüş, amma o, payından imtina etməklə və atasının digər övladları da həmin miras əmlaklara öz paylarını tələb etməklə, onun imtina etdiyi hissəyə də pay hüquqları yaranmışdır. Ona görə də imtina ərizəsinin etibarsız hesab edilməsi üçün notariat kontoruna müraciət etmək istəmiş, notariatda ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Hesab edir ki, miras əmlakdan imtina ərizəsini qeydə alarkən notarius vəzifəsini yerinə yetirməmiş, o, imtina ərizəsi verərkən nəzərdə tutduğu əsl niyyət və məqsədinə düzgün çatmağın qanuni yolla imtinanın bir başa anasının xeyrinə yazılmalı olduğunu, əks təqdirdə payının miras əmlakda payları olan digər vərəsələr arasında bölüşdürüləcəyini izah etməmişdir. Belə ki, atası öləndən sonra avtomaşınları anasının adına keçirmək üçün anası ilə birlikdə Asan Xidmətə getmiş, orada onlara izah etmişlər ki, bunun üçün əvvəlcə vərəsəlik açılmalı, yalnız 6 aydan sonra avtomaşını ada keçirmək olar, amma bunun üçün gərək bir adamın adı ola, çünki avtomaşında iki adamın adı yazıla bilməz. O, notariusa izah etmişdir ki, atasından miras qalmış iki avtomaşın hazırda onun sahibliyində və istifadəsindədir, amma istəyir ki, avtomaşınlar tam olaraq anasının adına keçsin. Onda notarius demişdir ki, bunun üçün o, imtina ərizəsi verməlidir. O, razılaşmış və notarius imtina ərizəsini rəsmiləşdirmişdir. Lakin onun əsl niyyətiylə bu hərəkətinin hüquqi nəticələri arasında yaranan fərqliliyi, onun imtinası nəticəsində payının digər vərəsələr arasında bölünəcəyi, eləcə də imtinanın konkret vərəsənin xeyrinə ola biləcəyi ona izah edilməmişdir. Atası ölən gündən faktiki olaraq qəbul etdiyi, faktiki istifadəsində və sahibliyində olan 2 ədəd avtomaşına olan hüquqları pozulmuşdur. Onu da qeyd edir ki, mirasdan imtina birtərəfli əqd olmaqla, bu zaman onun tərəfindən yanılmaya yol verilmişdir. Yəni o, verdiyi ərizənin hüquqi nəticələri barədə yanılmış və bu yanılma olmadan həmin məzmunda imtina ərizəsi verməz, ya tam olaraq mirası qəbul edərdi, ya da heç olmasa imtinanı konkret anasının xeyrinə edərdi ki, indi onun payı tək anasının deyil, digər vərəsələrin də arasında bölünməzdi. Bir daha qeyd edir ki, atası öləndən sonra evdə böyük oğul kimi atasından miras qalmış hər iki avtomobil onun sahibliyində və istifadəsində olmuş, bu gün də həmin avtomaşınlar onun istifadəsindədir. Belə olduğu təqdirdə o, həmin miras əmlakı atası ölən gündən faktiki olaraq qəbul etmiş hesab edilir və miras qəbul edildiyi gündən mirası qəbul etmiş vərəsənin mülkiyyəti hesab edilir. Bu halda onun yanılma nəticəsində, əslində nəzərdə tutduğu nəticəyə deyil, tam ziyanlarına olan nəticələrə səbəb olmuş imtina ərizəsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Çünki şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdirsə və şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə bu yanılma sayılır və yanılmış şəxs yanılma nəticəsində bağlanmış əqdin etibarsızlığını məhkəmə qaydasında tələb edə bilər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. O, da mirası faktiki olaraq qəbul etməklə, həmin mirası qanuni sahibliyinə və istifadəsinə qəbul etməklə, mirası öz mülkiyyəti etmişdir. Belə olan halda heç bir səbəb olmadan bu əlindəki mirasdan imtina etməyi ağlabatan deyil və bunun yanılma nəticəsində imtina etdiyi təqdirdə mirasın tək anasının adına keçəcəyi niyyəti ilə baş verməsi işin halları ilə tam təsdiq edilir. Bu halda imtinanın məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün bütün əsaslar mövcuddur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia müddətinin ötürülməsi üçün yalnız işin baxılmamış saxlanma qərardadının və məhkəməyə ikinci müraciət ərizəsinin tarixini əsas götürərkən məhkəmə mühüm əhəmiyyət daşıyan digər hallarıqərardadın ona verilmə tarixi, həmin qərardaddan gəlməmə səbəbinin üzürlü sayılaraq işin təzələnməsi barədə ərizə tarixini, həmin ərizəyə baxılması barədə qərardadın tarixini və həmin qərardadın ona çatdırılması tarixini müəyyən etməmişdir ki, həmin halların müəyyən edilməsi iddia müddətini ötürülmə ilə verilib verilməməsini müəyyən etmək üçün zəruri olmuşdur. Məhkəmə isə belə hesab etmişdir ki, o, digər vərəsələr tərəfindən də ərizə verildiyi 2021-ci ilin avqustunda bildikdən sonra 20 avqust 2021-ci ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanmış və yenidən ümumi əsaslarla ikinci dəfə 04 fevral 2022ci il tarixdə məhkəməyə müraciət etməklə bu iddianın verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüdür. Məhkəmənin gəldiyi bu nəticə səhvdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(060)-1846/2022 saylı qətnaməsinin ləğv edilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Ə.M.Əmirəliyev məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. 3-cü şəxs və iddiaçının nümayəndəsi Ş.H.İsmayılova apellyasiya şikayətinin dəlillərini qəbul etdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə 3-cü şəxs A.R.İsmayılova və Ş.R.İsmayılov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. AZ-İİ seriyalı, 171267 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İsmayılov Rasim Şirin oğlu 16 fevral 2021-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İsmayılov Nazim Rasim oğlu Sumqayıt “ASAN xidmət mərkəzi” notariat ofisinə müraciət edərərk vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. AZ-İ seriyalı, 535036 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayılov Nazim Rasim oğlu xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İsmayılov Rasim Şirin oğlu, anası İsmayılova Şəhla Hacıbala qızıdır. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İsmayılova Şəhla Hacıbala qızı Sumqayıt “ASAN xidmət mərkəzi” notariat ofisinə müraciət edərərk vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İsmayılov Şirin Rasim oğlu Sumqayıt “ASAN xidmət mərkəzi” notariat ofisinə müraciət edərərk vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İsmayılova Aydan Rasim qızı Sumqayıt “ASAN xidmət mərkəzi” notariat ofisinə müraciət edərərk vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı atası İsmayılov Rasim Şirin oğlundan irs qalmış mirasın ona çatası payından imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-7479/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı imtina ərizəsinin ləğv edilməsi barədə iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2 ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 324.3-cü maddəsinə əsasən Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Sadalanan hüquq normalarına istinadən məhkəmə ilk növbədə mübahisələndirilən ərizəyə qiymət verərək hesab edir ki, mirasdan imtina barədə ərizə birtərəfli iradə ifadəsinin əks etdirir. Bu baxımdan da mübahisə Mülki Məcəllənin 13-14-cü fəslində nəzərdə tutulan əqdlərlə bağlı müddəalar tətbiq edilməklə araşdırılamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. İddiaçı iddia tələbinin əsassız olaraq ərizənin bağlanılmasında vacib əhəmiyyətli yanılmaya yol verdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2. vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Mülki hüquqi nəzəriyəyə görə yanılma, son nəticədə təsəvvürün həqiqətə uyğun olmaması halını ifadə edir. Geniş mənada yanılma həqiqəti bilməməyi də ehtiva edir. Aydın məsələdir ki, həqiqəti bilmədiyini bilən bir şəxsin həqiqət barəsində yanıldığından bəhs edilə bilməz. Yəni bu son halda faktiki olaraq “yanılma” halı olmur. Bütün yanılmalar hüquqi baxımdan əqdi əmələ gətirən iradə ifadəsinin zədələnməsinə səbəb olmur və bu səbəblə də hər cür yanılmalar əqdin etibarlılığına təsir etmir. Əgər hər cür yanılmalar əqdin etibarlılığına təsir etsəydi bu mülki dövriyyənin pozulmasına səbəb olardı. Bu səbəbdən də qanunvericilikdə bütün yanılmalar deyil, yalnız əsaslı yanılmaların əqdi əmələ gətirən iradə ifadəsinin sağlamlığını zədələyə biləcəyi qəbul edilir. MM-də əqdi əmələ gətirən iradə ifadəsinin sağlamlığını zədələyən bu cür əsaslı yanılmalara “vacib əhəmiyyətli yanılma” deyilmişdir (m.347). Əqdin etibarlılığına təsir edən yanılma hallarını diqqətlə nəzərdən keçirdikdə görürük ki, iradə ilə ifadə arasında uyğunsuzluq olan hallardakı yanılmalar (“iradənin ifadəsində yanılma” və ya qısaca “bəyanda yanılma’'’) ilə əqdin əsasını təşkil edən məsələyə (əsaslı amildə/motivdə yanılma) dair yanılmalar MM-də vacib əhəmiyyətli yanılma hesab olunur. Şəxslərin iradə ifadəsinə hüquqi baxımdan əhəmiyyət verildiyi üçün bu iradə ifadəsi hüquqi bir məcburiyyət əmələ gətirir. Belə bir məcburiyyətin əmələ gəlməsinin başlıca məqsədlərindən biri şəxsin həmin hüquqi nəticə ilə bağlı istək və arzularını təmin etməkdir. Bu qeyd olunanlardan və ümumiyyətlə əqd anlayışının mahiyyətindən asanlıqla müəyyən etmək olar ki, şəxslərin ətrafa açıqladığı, bildirdiyi iradə ifadəsinin hüquqi əhəmiyyəti birbaşa ifadənin iradəni əks etdirməsinə görədir. Əgər ifadə iradəyə uyğun deyilsə, hətta həqiqi iradənin tam əksinədirsə, onda aydın məsələdir ki, bu ifadənin hüquqi baxımdan qorunmağa layiq bir dəyəri yoxdur. Şərh olunanlardan göründüyü kimi, iradənin ifadəsindəki yanılma ilə əqdin əsasını təşkil edən məsələyə dair yanılma vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmənin qənaətincə araşdırılan mübahisə üzrə iddianın əsası olaraq istinad olunan halların vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilməsi qanunun mahiyyətinə uyğun deyildir. Belə ki, şərh olunan halda şəxsin iradəsi mirasdan imtinaya yönəlmiş, bunun ifadəsi ərizədə əks olunmaqla ərizəni sərbəst şəkildə, heç bir təsir olmadan vermişdir. Buradan görünür ki, şəxsin iradəsi ilə ifadə arasında uyğunsuzluq olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf miras əmlakdakı payından imtina etməsini vacib əhamiyyətli yanılma ilə baş verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin təmin edilməsi üçün iddiaçı tərəfindən miras əmlakdakı payından vacib əhəmiyyətli yanılma səbəbilə imtina etməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı könüllü olaraq notariat orqanına gedərərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz. Bundan başqa, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi ilə bağlı müddət ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, İddiaçı 2021-ci ilin avqust ayından digər vərəsələr tərəfindən ərizə verildikdən sonra hüquqlarının pozulduğunu bildiyini göstərmişdir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı 20 avqust 2021-ci il tarixdə mirasdan imtina ərizəsinin ləğv edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və tərəflər iştirak etmədiyinə görə iddia xx.xx.2021-ci il tarixdə baxılmamış saxlanılmışdır. Bundan sonra isə, iddiaçı xx.xx.2022-ci il tarixdə araşdırılan mübahisə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddia tərəfinin mübahisələndirdiyi digər bir məsələ isə miras əmlaka faktiki sahibliyin edilməsi və ona görə də iddiaçının mirası qəbul etməsi göstərilir. Lakin Mülki Məcəllənin 1269-cü maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Qanunun müəyyənləşdirdiyi normadan müəyyən olunur ki, mirasa faktiki sahiblik ondan imtinaya maneə deyildir və şəxs mirasın qəbulundan imtina edə bilər. Eyni zamanda iddia tərəfinin istinad etdiyi digər bir hal isə iddiaçının mirasdan imtina barədə ərizə deyil, anasının xeyrinə mirasdan imtina barədə ərizə vermək istəyinin olmasıdır. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Qanunun tələbindən göründüyü kimi iddiaçının başqa şəxsin xeyrinə imtina etməsi kimi imkanı olduğu halda iddaçı təqdim etdiyi ərizədə hər hansı şəxsin xeyrinə deyil mirası ümumilikdə qəbul etməkdən imtina etmişdir. Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Eyni zamanda Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasdan imtina barədə ərizənin müvafiq əsas olduğu vaxtdan 2 ay müddətinə mübahisələndirilməsi nəzərdə tutulduğu halda işin müəyyən edilmiş faktiki və mübahisəsiz hallarından göründüyü kimi iddiaçı həmin müddəti də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 may 2022-ci il tarixli 2(060)-1846/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar