Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1533/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xıdırov Zakı̇ r Tahir oğlunun Cavabdeh Çı̇ ngiz oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Xıdırov Zakı̇ r Tahir oğlunun Cavabdeh Çı̇ ngiz oğluna qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)-591/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Sis kəndində yerləşən 0,10 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin 2008-ci il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Sis kəndində 0,10 ha torpaq sahəsini 2008-ci il tarixdə 6500 ABŞ dollarına Cavabdeh satın almışdır. Həmin torpaq sahəsinin satılmasına dair cavabdeh tərəfindən qəbz yazılaraq, ona verilmişdir. Sonra o, torpaq sahəsində ev tikdirmişdir. Həmin vaxt cavabdehin bütün ailə üzvləri həmin torpaq sahəsini satsın deyə, cavabdehə 2008-ci ildə etibarnamə vermişdirlər. 2018-ci ildə etibarnamənin vaxtı bitmişdir. O, cavabdehdən yenidən etibarnamənin müddətinin uzadılmasını xahiş etdikdə, sonuncu bildirmişdir ki, ailə üzləri ilə münasibəti olmadığından, həmin etibarnamənin müddətini uzada bilmir. Həmin evə qeydiyyat vəsiqəsi verilən zaman, ev ona məxsus olsa da, cavabdeh və onun ailə üzvlərinin adına qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Hal-hazırda cavabdeh özü də, etiraf edir ki, həmin torpaq sahəsini ondan almışdır. Torpaq sahəsi və sonradan tikilmiş fərdi yaşayış evi faktiki istifadəsindədir. Bu barədə şahidləri var, lazım olarsa, məhkəməyə dəvət edilib, dindirilə bilər. Aralarında olmuş alqı-satqı müqaviləsi cavabdehin təqsiri ucbatından bu günə kimi notariat qaydasında təsdiqlənməmiş qalmışdır. Ona görə də, bu alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması üçün məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. JN-002A seriyalı, kod 41010048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Sis kənd sakini X3 və onun ailə üzvləri olan X7, X10, X8, X9 və X6 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)-591/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 144.1 və 144.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
7. İddiaçı Xıdırov Zakı̇ r Tahir oğlu apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)-591/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, torpaq sahəsini alarkən 2008-ci ildə bütün ailə üzvləri Cavabdeh torpaq sahəsinin satılmasına dair etibarnamə vermişdirlər. Məhkəmə qətnaməsində göstərilmişdir ki, tərəflər arasında 2008-ci ildən 2018-ci ilədək əqd bağlanılmışdır, yəni etibarnamə verilmiş, 0,10 ha torpaq sahəsinə görə alıcı tərəfindən satıcıya 6500 ABŞ dollar məbləğində pul verilmiş və həmin məbləğ satıcılar arasında bölüşdürülmüşdür. Bu da o deməkdir ki, o, torpaq sahəsini faktiki olaraq almış və qarşılıqlı razılaşma əsasında verdiyi pul məbləği tərəflər arasında bölüşdürülüb. Aralarında alqı-satqı müqaviləsi bağlanmasa da niyyəti 0,10 ha torpaq sahəsini almaq olub, satıcı da həmin torpaq sahəsini ona satıb. Eyni zamanda cavabdehə 6500 ABŞ dollar məbləğində pul verdikdən sonra o, bu barədə qəbz də verib. Birinci instansiya Məhkəməsində şahidlərin dindirilməsi ilə bağlı verdiyi vəsatətə baxılmamış və eyni zamanda satıcılar dindirilməmişdir. Hakim öz təşəbbüsü ilə də X3 və onun ailə üzvləri olan X7, X10, X8, X9 və X11 cavabdeh qismində işə cəlb edilməli idilər. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər mövcuddur. Hakim onun iştirakını təmin etməyərək qeyd olunan prosessual hüquq normasının tələblərini pozmuşdur. Bildirir ki, 2008-ci il tarixdə qarşılıqlı razılaşma əsasında Şamaxı rayonu Sis kəndində yerləşən 0,10 ha torpaq sahəsini 6500 ABŞ dollarına Cavabdeh, X3 və onun ailə üzvləri olan X7, X10, X8, X9 və X4 qeyd edilən məbləği ödəyərək faktiki almış və gələcəkdə onun tərəfindən bu torpaq sahəsinin adına sənədləşdirilməsi üçün adları qeyd edilən bu şəxslər notariusda ona etibarnamə vermişlər. Birinci instansiya məhkəməsində bu şəxslərdən tək Cavabdeh deyil, etibarnaməni imzalayanların hamısı cavabdeh qismində məhkəməyə cəlb edilməli idi. Belə ki, onun tərəfindən ödənilən məbləğ həmin adamların hamısını qane etmiş və buna görə onlar ona notarial qaydada etibarnamə vermişdirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edir ki, yuxarıda adları çəkilən, etibarnaməni imzalayan şəxslərin hamısı cavabdeh qismində işə cəlb edlsin.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
11. İddiaçının vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)-591/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Sis kəndində yerləşən 0,10 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin 2008-ci il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir.
19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma əldə olunmuş, lakin tərəflərin iradə ifadəsi notariat qaydasında təsdiqlənməmiş və ya əqdin hər hansı bir yazılı formada tərtib edilməsinə riayət edilməmişdir.
20. İddiaçı Xıdırov Zakı̇ r Tahir oğlu apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)-591/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları bildirir:
24. Göründüyü kimi apelyator qarşılıqlı razılaşma əsasında dəyərini ödəyərək torpaq sahəsini aldığını göstərmişdir.
25. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
26. Eyni zamanda qeyd olunmalıdır ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
27. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
28. Kollegiya qeyd edir ki, müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.
29. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
30. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yazılı formada tərtib edilmiş heç bir razılaşma, müqavilə bağlanılmamışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin hüquqi əsası olmadığından, həmçinin iddia tələbi mülki qanunvericiliyin müqavilə azadlığı ilə bağlı ümumi prinsiplərinə zidd olduğundan, daşınmaz əmlakın alqı-satqısına dair tərəflərin iradə ifadəsinə dair yazılı müqavilə bağlanmadığından, müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanmasına dair tələblərə əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qanuni nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası şikayətin X3 və digər şəxslərin cavabdeh qismində işə cəlb edilməsinə dair dəlillinə gəlincə qeyd edir ki, MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materialları kollegiya tərəfindən öyrənilərkən belə bir yazılı vəsatətin iddiaçı tərəfindən təqdim olunduğu müəyyən edilməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)- 591/2024 nömrəli qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(074)-591/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.